Gənc, istedadlı şairə Günay Reyhanın ilk şeirlər kitabı işıq üzü görüb.
“PÖHRƏ” adlanan bu kitabın redaktoru, şair, publisist Vahid Aslan, ön sözün müəllifi Əməkdar mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlıdir.
Günay Reyhan haqqında qısaca oxucularımıza məlumat vermək istərdik: İbrahimli Günay Məharət qızı 1995-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2012-2015-ci illərdə Qazax Dövlət Sosial İqtisadi kollecində “Peşə Təlimi” ixtisası üzrə təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ”Kulturologiya” fakültəsini “Kitabşünaslıq” ixtisası üzrə bitirib. Hələ orta məktəb illərindən "Günay Reyhan" imzası ilə şeirlər yazan bu cənc və istedadlı xanım tələbəlik illərində “Təhsil” nəşriyyatında çalışıb. “Azad Azərbaycan” və “Palitra” qəzetlərində dərc olunan şeirləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.
“PÖHRƏ” adlı şeir kitabı müəllifin oxucularla ilk görüşüdür.
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi"ndə keçirilən təqdimat mərasimində tədbirin aparıcısı Vüsal Mahudoğlu ilə yanaşı
naşir, redaktor Əlövsət Ağalarov, şairə, redaktor Məlahət Yusifqızı, həkim, cərrah Rafiq Nağıyev, keçmiş döyüşçü Əmrah Cabbarlı, şair Süleyman Abdulla, şair Cavanşir Abdullayev, tanınmış ziyalı Oruc müəllim, müğənnilər Mehman Səlyanlı və Eşqin İsmayılov, tanınmış aşıqlardan Ceyhun Qurbansoy, Toğrul Ayrımelli, Səbinə Gədəbəyli, ATİA.AZ saytının baş redaktoru Aydın Adıgözəlli və digər ziyalılar iştirak edərək müəllif haqqında xoş fikirlər söyləyib və gələcəkdə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
ATİA.AZ sayti olaraq biz də öz növbəmizdə ilhamı Tanrıdan gələn gənc şairəyə daha böyük nəaliyyətlər arzu edirik.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru.
Bölməyə aid digər xəbərlər