11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
TƏBİƏTDƏN, GÖZƏLLİKDƏN İLHAMLANAN VƏTƏNPƏRVƏR ŞAİR -- RAYƏT ƏLİ…

Oxuculara   “Rayət Əli” imzası ilə tanış olan Rayət Səhlədər oğlu Əliyev  1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu fərqlənmə diplomu ilə bitirib. "Sevgi nəğməsi" şeiri ilk qələm məhsuludur. Şeirləri bir sıra mətbu orqanlarda  və "Xəzinə" Poeziya Ontologiyasında çap olunub. Yaradıcılığı vətənə ,təbiətə, gözəlliyə bağlı olan şair nəsihət və tərbiyə mövzusunda yazılmış  şeirləri ilə bərabər həm də bir neçə marşların da ("Fiziki tərbiyə","Vətən", "Həkimlər", "Azərbaycan Futbolu"və s.) müəllifidir. 20.12.2017-ci ildə yazılan "Fiziki tərbiyə "marşı ölkənin ilk fiziki tərbiyə marşı kimi tarixə düşüb. Müəllifin bir sıra marşlarına musiqilər bəstələnmiş və tanınmış müğənnilər tərəfindən ifa olunur. "Qazax idmanı" dastanında şair idman sahəsində  Qazax rayonunun adını ucaldan idmançıların bədii portretini yaradıb. Bütün bunlarla yanaşı el-oba arasında böyük nüfuz sahibi olan Rayət müəllim çoxsahəli janrlara müraciət edərək sevgi, məhəbbət mövzusunda da dəyərli şerlər yazmışdır.
"Öncə vətən" adlı ilk  şeirlər kitabı 2020-çi ildə işıq üzü görüb. Dəyərli şair, idmançı, böyük ürəyə sahib olan Rayət Əlinin bu kitabı "Öncə Vətən" adlanmağı heç də təsadüfi deyil. Müəllif yaradıcılığında müxtəlif sahələrə müraciət etsə də həmişə Vətən sevgisi ön planda olub.


   
Kitaba ön sözü AYB və AJB-nin üzvü,  Prezident təqaüdçüsü Bəydadaş Cəfərli yazmışdır.
Görkəmli yazıçı, dahi şəxsiyyət Ismayil Şıxlıya ithaf olunan şerdə sevincli, qələbə müjdəli  günlərimizi  Ismayil Şıxlının öncədən gördüyünü  şair belə tərənnüm edir:
Bu milləti zəlil etdi yüz hoqqa,
Rayət deyər əyilmədin nahaqqa.
O dünyada qovuşanda sən haqqa,
Ruhun bizə "Ayıl" dedi, İsmayil .


  Rayət Əli  hazırda Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində Fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir.

 Gözəl şairimizin bir neçə şeirini Sizlərə təqdim edirik:

      BƏS EYLƏR
Gözələ yaraşar işvəsi, nazı,
Çöllərin bəzəyi durnası, qazı.
Nə qədər xoş olsa, qışı, payızı,
Fəsillərin yazı mənə bəs eylər.
Bədxahlar qızıldan paltar geysə də,
Nadanlar özünü daim öysə də,
Yalan söz doğrunu hərdən əysə də,
Doğru sözüm, düzüm mənə bəs eylər.
Atalar misalı, “saxla samanı”,
Hər şeyin vaxtı var, gələr zamanı.
Rayətəm, yurdumun tarı, kamanı, 
Tək aşığın sazı mənə bəs eylər. 

      DAĞLAR
Xəstə üçün zirvəsində qar olar,
Ətəyində çəmənzarı var olar.
Qonaqların, çal-çağırın car olar,
Bir aləmdi mürğuzarın,  a  dağlar.
Qoynunu açarsan nökərə-bəyə,
Sirrini verməzsən heç bir kimsəyə.
Ürək açıb dərdlərimi bölməyə,
Gələm görüşünə hərdən, a dağlar.
Güllüzarın min bir şəfa dərmanı,
"Qan təpər", "kəkotu" deyir dər məni.
Rayət deyər, götürübdür dərd məni,
Təpələr də dağ olubdu , a dağlar.

       GÖZƏLLƏR
Elə bil çəmənzar bahardı, yazdı,
Lalə tək qırmızı geydi  gözəllər.
Hərəsi bir bəstə, kamandı, sazdı,
Köklənib qarşımda durdu  gözəllər.
Şahsənəmdi, Şirin, Leyli  hər biri,
Açılmaz dəfinə hər gözəl sirri.
Açıb oxusanız sinəm dəftəri,
Qəlbimə gör nələr yazdı  gözəllər.
Rayət deyər, çox yaşamaq həvəsdi,
Qoçalıq beynəva, həmdə ki, nəsdi.
Aradan çay axdı, küləkmi əsdi?
Görərsən  ülfəti kəsdi gözəllər.

   QURBAN OLUM
Dünya boyda dünyaların,
Dar günündə kömək-karın.
O bəstəkar anaların,
Laylasına qurban olum.
Anda sadiq olan yarın,
Əhdi-peyman, düz ilqarın.
Namus, qeyrət , bir də arın
Vəfasına qurban olum.
Rayət deyər, dövlət, varın
Özündəsə ixtiyarın.
Dil-dil ötən telli sazın
Avazına qurban olum.

Tanınmış, istedadlı, gənc aşığımız Ceyhun  Qurbansoyun ifasında  şairimizin sözləri ilə bir gözəl aşıq havasını Sizlərə ərməğan edirik:


Tarix: 1-03-2021, 00:04 Oxunub: 1 053


Bölməyə aid digər xəbərlər
16-12-2020, 21:55 QƏHRƏMANLAR UNUDULMUR.....