"MƏN SƏNİ UDUZMADIM" - Atlaz Rzayinin yeni şeirlər kitabının təqdimatı

    Bu günlərdə Cəlilabad ədəbi mühitinin istedadlı və çalışqan xanım nümayəndələrindən olan, Turan Yazarlar Birliyinin üzvü, "Ədəbi ahəng" vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, TYB-nin xüsusi ödülü, "Tomris" ödülü, "Əzizə Cəfərzadə" ödülü və "Turan Ödülü" laureatı, bədii qiraətçi, eyni halda yazıçı-şair Atlaz xanım Rzayinin poeziya sahəsində sayca ikinci, ədəbi sahədə isə sayca üçüncü kitabı işıq üzü görmüşdür. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:


Kitabın əsas məlumatları:

Kitabın adı: "Mən səni uduzmadım" (Şeirlər toplusu)

Müəllif: Atlaz Rzayi

Redaktor və korrektor: İlqar İsmayılzadə

Ön söz: Ustad Şəhla Rəvan

Təqdimat: İlqar İsmayılzadə

Naşir: "Həməşəra" mətbu orqanı, Cəlilabad

Nəşr olunduğu il: 2026

Çap növbəsi: Birinci

Kağız formatı: 60x84 1/16

Tiraj: 100 ədəd

Səhifə sayı: 70 səhifə.


Kitab barədə:

Bu kitab bədii qiraətçi və yazıçı-şair Atlaz Rzayinin indiyədək ədəbiyyat sahəsində işıq üzü görmüş sayca üçüncü kitabıdır.

Kitab Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli xanım nümayəndəsi, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, Turan Xalq şairi Ustad Şəhla Rəvan xanımın qələmə aldığı səmimi ön sözü ilə başlayır. Ardınca mənim Atlaz xanımın həyat yolu və bioqrafik məlumatları və poeziya dünyasına aid olan bədii nümunələri özündə ehtiva edən geniş təqdimatım yer almışdır. Bunundan sonra Atlaz Rzayinin öz kitabına yazdığı qısa və səmimi giriş xarakterli yazısı oxuculara təqdim edilmiş, bütün bunlardan sonra isə müəllifin müxtəlif illər ərzində müxtəlif səpki, forma və jarnlarda qələmə aldığı, eyni halda fərqli mövzuları (sevgi, ayrılıq, təbiət, milli kimlik, vətən, şəhid, övlad və s.) əhatə edən 50 şeiri yer almışdır.

Kitaba verilmiş "Mən səni uduzmadım" adı əslində Atlaz xanımın bu kitabın 41-ci səhifəsində yer almış eyniadlı şeirindən alınmışdır. Onun 03.04.2026 tarixində qələmə aldığı "Mən səni uduzmadım" adlı şeiri indiyədək qələmə aldığı şeirlər arasında xüsusi özəlliyə və fərqli gözəlliyə malikdir. O, həmin şeirdə belə yazır:


Nə olsun çıxıb getdin,

Mən səni uduzmadım.

Bu ayrılıq yuxusun

Ayrılığa yozmadım.


Gəmilər hər limanı

Dövrə vurub dolanmır.

Hər sevdanın başına,

Ürək durub dolanmır.


Mən səni uduzmadım,

Gecənin köynəyinə.

Açılan sabahların,

Nə şərinə, xeyrinə.


Bu həsrət min vüsala,

Günəş kimi əl edir.

Bu qalib sədaqətim,

Mənlə birgə yol gedir.


Atlaz Rzayinin bu şeiri çox təsirli, dərin və mənalı bir şeirdir. Şeirdə ayrılığın gətirdiyi kədər deyil, əksinə, itirilməyən qürur, sadiqlik və sevginin daxili qələbəsi tərənnüm olunur. İnsan bəzən fiziki olaraq ayrılsa da, hisslərini, sadiqliyini və daxili dünyasındakı mənliyi və özəlliyini uduzmur. Ümumi baxımdan, şeir sadəliyi və qısalığı ilə yanaşı, həm də çox gözəl bir poetik ruha malikdir. Onun adının həmin kitaba verilməsi də çox uğurlu bir addım sayılır. Lakin bir etirafı da etmək laızmdır ki, Atlaz xanımın qələmə aldığı "Mən səni uduzmadım" adlı şeirinin Odlar Yurdu Azərbaycanın dəyərli və sevilən mədəniyyət xadimi, Qurban Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri, peşəkar aparıcı və bədii qiraət sahəsinin ustadı, dəyərlimiz Bəhiyyə xanım Nağıyevanın ecazkar səsi ilə həyata keçmiş qiraətinin tam başqa bir gözəlliyi vardır. Mənə görə, Bəhiyyə xanımın həmin qiraəti bu şeirə onun bədii gözəlliyi qədər yeni bir gözəllik, təravət və yeni bir məna qatmışdır...


Arzu və diləklər:

Bu təqdimatın sonunda Cəlilabad ədəbi mühitinin dəyərli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayini yenicə işıq üzü görmüş sayca üçüncü kitabı münasibətilə ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!


İlqar Ismayilzadə, 

Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, "Ziyadar" Mükafatı, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist



Tarix: Bu gün, 13:39 Oxunub: 89


Bölməyə aid digər xəbərlər