AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
Bu yazımı Ustad şairimiz-Aşıq Ələsgərin ruhuna hörmətlə qələmə alıram. Ruhu şad olsun..Və elə bu məqamda da deyirəm ki, Aşıq Ələsgər Nizami Gəncəvidən sonra Dünyəvi Övliyya Bir Şairdir..
Əvvəlcədən onu xatırladım ki, bu yazımda Dostum, şair-filosof Hacı Loğman Qorqudun Aşıq Ələsgər haqqında 2013 cü ildə nəşr etdirdiyi “Aşıq Ələsgər” adlı 620 səhifəlik monoqrafiyasından da bəzi məqamları sizlərə çatdıracam dəyərli oxucular..Baxın, dostlar..Qədirşünaslıq budur...Yaradanlara və Yaşadanlara Eşq olsun deyirəm...
Bu kitabın Elmi redaktoru Professor Buludxan Xəlilovun dediyi kimi:
- “Aşıq Ələsgərin dərin idrakının, poetik qüdrətinin nələrə qadir olmasını açıqlayan yeganə kitabdır”! Əhsən Hacı Loğman, qardaşım..Yaşamaq da, yaratmaq da budur! Elə özünüzün dediyiniz kimi:
Onunçün gəldim ki, mən bu dünyaya,
Daş üstə daş qoyam-tikəm, adamam.
Anlayam gərdişin həqqiqətini,
Qoy halaldan olsun tikəm, adamam.
Gərəkdir azaldam nəfsin yükünü,
Tapam öz yolumu, biləm çəkimi...
Haqqa qurban gedəm İsmayıl kimi,
Şeytanın gözünü tökəm, adamam...
...Gəliş var, gediş var, bu bir qanundu..
Günah düşüncənin, əzab canındı...
Sevinc insanındı, qəm insanındı,
Talehin yükünü çəkəm, adamam...
Min fikir eylədim, birini çözdüm,
Baş vurub dəryalar dibində üzdüm...
Loğman, nələr çəkdim, nələrə dözdüm?!
Onu bilirəm ki, möhkəm adamam!...
Bəli Hacı qardaşım.. Yaratmaq və qurmaq insanlara xasdır.. Yaşamaq da, yaratmaq da imandan, əqidədən gəlir..
Bəli bu kitab da, belə bir möhtəşəm monoqrafiya yalnız və yalnız yuxusuz gecələrin, uzun illərin əzabından yaranmış insan zəkasının məhsuludur...
Aşıq Ələsgərin dediyi kimi:
Xəzinəm olsaydı, ala bilməzdim,
Yazdığım özümə pür kamal, bəsdir.
Ucaltdım adını, dağa döndərdim,
Göyçə mahalına bu cəlal bəsdir..
Qılıncdan itidir, sözün kəsəni...
Nə səni sayarlar, nə də ki, məni!
Şerimlə bəzədim mən Ağkilsəni,
Rəhmət oxuyarsa o mahal, bəsdir!
Qanar mətləbini arif olan kəs...
Ömrü yaşamadım bihudə, əbəs...
Dildönməz, qıfılbənd, təcnis, müxəmməs,
Qalsa hərəsindən bir misal bəsdir!
Əziz dostlar, deyin, ayə, azdımı?!
Düşübdür üstümə sayə, azdımı?!
Ələsgərə bu sərmayə azdımı?!
Verdiyim cavaba bu sual bəsdir!....
Ruhuna hörmət, Dədə, doğrudan da xəzinənin misli-bərabəri yox imiş...
Mən bir az əvvəl də qeyd etmişdim ki, Ustad Ələsgər Nizami Gəncəvidən sonra dünyəvi filosof şairdir. Bu dediyimi ustadın bircə beyti təsdiqləyir:
Yox sazımın nə pərdəsi, nə simi,
Onu çalıb kim tərpədər- nə, simi?!
Fizuli, Firdovsi, Hafiz, Nəsimi,
Onlar da yazdığı ayə məndədir!...
Xalq Şairi Zəlimxan Yaqubun bu kitabda yazdığı fikirlər də diqqətimi cəlb etdi. Zəlimxan Yaqub öz yasısına belə bir sərlövhə qoyub:- “HEYRƏT, EY BÜT”!...Və ardınca yazır:
- Aşıq Ələsgərlə bağlı fikirlərimə təsadüfən Fizulinin “Heyrət, ey büt"”sözləri ilə başlamadım. Ələsgərin adı çəkiləndə insanı heyrət bürüyür, damarlarında qan coşur, gözləri işıqlanır, üzündə nur haləsi yaranır və bütün varlığın nura boyanır.
Aşıq Ələsgər deyiləndə Dədə Qorquddan bu günədək böyük şəxsiyyətlər, ozanlar, ustadlar, peğənbərlər, imamlar və peyğənbər səviyyəli insanlar yada düşür.Aşıq Ələsgərin öz xalqına, millətinə və dünya mədəniyyətinə irs qoyub getdiyi xəzinə inciylə, mərcanla, ləli-gövhərlə doludur. Kim nə qədər istəyir xərcləsin, bu xəzinə azalmır, əksinə getdikcə çoxalır, cilalanır, gözəlləşir:
Xoş saatda xoş gəlibdi cahana,
Gözəlliyə yoxdu qüsur, bəhanə,
Qənd əzilib dilə, dişə, dəhana,
Qaymaq dodaqlara bal bələnibdi...
Xalq şairi Zəlimxan Yaqubun yazdığı bu qısa cümlələr və bu bəndi də Ustad Ələsgərin dünyəvi bir şair olduğunu təsdiqqləyir. Bu məqamda Əli Qurban Dastançı ilə olan bir söhbətimi də sizlərə xatırladıram dəyərli oxucular.
ƏLİ QURBAN DASTANÇININ DEDİKLƏRİNDƏN:
-Bir dəfə atamla söhbətləşirdik və yenə də söz Aşıq Ələsgərin üstünə gəldi. Soruşdum ki ay Dədə, sən həmişə deyirsən ki, Ələsgər övliyya, dünyəvi filosof şairdir.Bəs şairin sinəsindəki saz nəyi etiva edir?!
Atam bədahətən cavab verdi ki, “Oğul, zəmanənin üzü qara olsun.. Ələsgər sazı dolanışıq üçün sinəsində gəzdirir. San ki üzünə pərdə tutur”...
Bu məqamda Aşıq Ələsgərin Kəlbəcərli günləri və Ayrım dərəsində qurduğu “Qoşa Dəyirman” da işlədiyi günləri də xatırlamamaq olmaz..
Keçən əsrin əvvəllərində..1905-1920 ci illərə xəyalınızı aparacam. Bəhmən Vətənoğlunun atası Kalış əmimdən soruşdum ki, Aşıq Ələsgəri canlı-canlı görmüsənmi?! Dedi ki, elə bir sənətkarı görməmək olardımı..və əlavə etdi ki, mənim 15- 16 yaşım olardı..o zaman öz “dayçamı” minib, tüfəngimi götürüb gəzərdim..Onda ov da çox idi..heç vaxt əliboş qayıtmazdım. Yolum “Qoşa dəyirmanın” yanından keçirdi..Dəyirmanın qarşısında bir ağsaqqal kişi armud ağacından çömçə, qaşıq yonub hazırlayırdı. Özü də onun “solaxay” işləməsi diqqətimi çəkdi. Yaxınlaşdım salam verdim..Salamımı aldı və dedi ki ay cavan oğlan, keç dəyirmanın içərisinə divardan asılmış sazı mənə gətir, Ələsgər əmin sənin üçün bir saz havası ifa etsin. Zaman gələr ki, soruşan olar..Deyərsən ki, Ələsgər əmimi gözlərimlə görmüşəm. Və mən əlimdəki tüfəngi onun yanına qoyub getmək istəyəndə dedi:..Oğul, görürəm ki, igid kimi böyüyürsən..Amma bir sözümü yadında saxla..Tüfəngini nə dostunun, nə də düüşmənin yanında yerə qoyma..Həmişə öz əlində saxla... Onun sözləri yaddaşımda həmişə yaşayır..Və mən içəriyə getdim divardan asılmış sazı gətirdim..
Aşıq Ələsgər gözəl bir hava ifa etdi və alçaq səslə gözəl də oxudu...Bax bu mənim ən gözəl və qiymətli günlərimdən biri idi...Deməli yenə də o fikrə qayıdıram ki, Aşıq ailəsini dolandırmaq üçün Dəyirmançı da oldu..Bəli zəmanənin üzü qara olsun..O zaman da Ustad Ələsgər erməni şərəfsizlərin əməllərinə görə Kəlbəcərdə yaşamağa məcbur oldu..
Ustadın o zamanlar yazdığı şerinin bircə bəndi bunu təsdiq edir:
Həsənnənə, Həsənbaba qoşadı...
Xoşbulaq yaylağı xoş tamaşadı...
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!...
Yenə də goru nurla dolmuş Əli Qurban Dastançının yaddaşımda qalan mübarək iki bəndini sizlərə xatırlatmağın məqamıdır, dəyərli oxucularım:
Çoxları dünyada doğuldu nadan,
Cavan oldu nadan, qocaldı nadan...
“Cənnət” deyə- deyə getdi dünyadan,
Yazığın dünyada cənnəti qaldı...
Çoxu da dünyaya gəldi ər kimi,
Doğuldu nər kimi, öldü nər kimi...
Getdi Vurğun kimi, Ələsgər kimi,
Şirin sözü qaldı, söhbəti qaldı...
Bəli...Ustad Ələsgər dünyaya ər kimi gəldi..nər kimi yaşadı...Ələsgər adını dünyaya qızıl həriflərlə həkk edib Haqq dünyasına qovuşdu..Nə qədər ki, bəşər övladı var..Nə qədər ki, Həzrəti Söz var...Nə qədər ki qədirşünaslar var Ələsgər də yaşayacaqdır..Səsi-sədası əsirlərdən eşidilən Ustad Şairimiz.Övliyya şairimiz...Filosof şairimiz...Dünyəvi şairimiz! Ustad şair özünün bir ustadnamə qəzəlində filosof şair olduğunu da möhürləyib. Əzbərimdə həkk olunmuş həmin ustadnamə qəzəli dəyərli oxucularıma təqdim edirəm:
Bilin, bu dəhri-dünyada hərə bir növ cəlal istər...
Kimi talibdi üqbaya, kimi dünyada mal istər...
Kimi sidq ilə könüldən tutub haqqın damənindən,
Kimi məddahi-mövladı, kimi göyçək cəmal istər.
Kimi mətləbinə yetmiş, edibdir kami-dil hasil..
Kimi həsrət qalıb yara, fələkdən bir məcal istər...
Kimi qəvvas olub cummuş o balü-bəhri-dəryaya,
Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər..
Ona dağdan verər ruzi, buna qəhr olmuş dəryadan,
Bu mətləbi qanan kəslər haram gəzməz, halal istər...
Bu mətləbi qanan çoxdu, mütəlla, etiqad etməz...
Bu əmrə etiqad etmək dərin mərfət, kamal istər...
Bilirsən, dünyada qafil, qalır bu dünyanın malı,
Beş arşın ağ geyən kimsə utanmaz, yaşıl-al istər...
Bilirsən, dünyada zalım, Mələk əl- mövt alır canı...
Yuyar qəssal, qoyar qəbrə, gələr Nəkreyn sual istər...
Demə zahid, mənəm alim, oxuram əntə-sübhanı,
Bil, siratdan asan keçmək, Tanrıdan pərü-bal istər...
İgidlər qürrələnməsin, “fəthi-nüsrət” Xudadandı...
Bir Allah istəyən kəsi, sevər külli-mahal istər...
Ələsgər zari-dil xəstə, deyər:-sərvi xuramanım...
Mənim bu natəvan könlüm, sizi aşüftəhal istər....
Yenə də qayıdıram Hacı Loğman Qorqudun “Aşıq Ələsgər” adlı monoqrafiyasına..
İnsafən oxuduqca hiss edirsən ki, şairin uzun illərinin, yuxusuz gecələrinin bəhrəsidir bu kitab..Kitab var ki bir dəfə oxuyub rəfə qoyursan...Kitablar var ki hər gün vərəqlənir, oxunur..Bax bu kitab da mənim üçün stolüstü kitablardan biridir..Axı Ələsgər poeziyasının gözəlliyindən kim doya bilər..Yenə də Ustadın əzbərimdə olan bir divanisinə qayıdıram:
Ələstidən bəli dedim, nə xoş kamaldı, yüküm,
Beş gözəlin aşiqiyəm, vəsfi-cəmaldı, yüküm.
Həm dərindi, həm dayazdı,həm şirindi, həm acı,
Həmi dürrdü, həmi gövhər, həm şəhdi-baldı, yüküm.
Nütvəsindən əyri olan, tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qiymətin,
Əhli-ürfan məclisində, gövhər misaldı, yüküm.
Gəl, ey biçarə Ələsgər, sığın şahı- Heydara,
Onun damənindən tutan, siratda yanmaz nara.
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,
Sərrafsansa, aç, baxginən, gör nə cəlaldı yüküm?!
Ustadın bu divanisindəki son misra “Sərrafsansa, aç, baxginən, gör nə cəlaldı yüküm”?! şerin bağlama olmasına işarədir..
Ələstidən bəli dedim, nə xoş kəmaldı, yüküm,
Beş gözəlin aşiqiyəm,, vəsfi-cəmaldı, yüküm...
Uzun illər bu beyt aşıqlar tərəfindən belə yozulurdu:- Bu beş gözəl:
1-ci Məhəmməd peğənbər (ə.s)
2-ci Cənab Əli
3-cü İmam Hüseyn
4-cü İmam Həsən
5-ci Fatmeyi-Zəhra.
Düzdür, bu müqəddəslərin hər biri ayrı-ayrılıqda bizim üçün çox əzizidir. Amma mənə elə gəlir ki, bu beytdə Ustad Aşıq Ələsgər onları nəzərdə tutmaqla bərabər. kamil insanda təcəlla tapan, Allah tərəfindən insaana əta olunmuş beş əsas xüsusiyyətdən bəhs edib Ustad..
Məlumdur ki, insanda zahiri forma görünüşdən başqa beş əsas məziyyəti qiymətləndirlir ki, bunlar da aşağıdakılardır:-
İnsanın beş hiss etmə üzvünü, orqanını nəzərdə tutub:
1. Görmə-- gözlər
2. Eşitmə--qulaqlar
3. Dad bilmə--dil
4. Qoxu bilmə--burun
5. Lamisə--toxunma, təmas.
Həm dərindi, həm dayazdı, həm şirindi, həm acı,
Həmi dürrdü, həmi gövhər, həm şəhdi-baldı, yüküm.
Açıqlaması:-
1. Sözün dərinliyi---məna dərinliyi
2. Sözün dayazlığı—mənasızlığı
3. Sözün şirinliyi---dadı, ləzzəti
4. Sözün acılığı—tənəli sözlər, həcvlər
5. Həmi dürrdü—zər qiymətli
6. Həmi gövhər—dürri gövhər ...gözəl...
Nütvəsindən əyri olan, tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Bu divani, Aşıq Ələsgərin məclisdə oxuduğu zaman özünü-sözünü bilməyən yüngül bir adamın atmacasına cavab olaraq, bədahətən söylənilmişdir. “Hər bir adam öz kökünə soyuna çəkər”.
İkinci bəndin üçüncü misrası:- “Hərcayı hədyana sayar, naşı bilməz qiymətin”. Naşı adamın öz yerini, öz sözünü bilməməsinə işarədir. Mənası:- “Ay binəva, sənin kimi həcvi-hədyan danışanlar mənim sözümün mənasını hardan dərk edə bilərlər?
Beş gözəlin aşiqiyəm deyərkən..Gündəlik 5 rükət namazı da əsas tuta bilərik..
Yenə də qayıdıram Hacı Loğman Qorqudun “AŞIQ ƏLƏSGƏR” kitabına...Qardaş...Bu kitabın haqqında nə qədər gözəl sözlər desən yazmaq olar..Sözüm oxucularadır..Çalışın bu kitabı tapın..oxuyun...Yaxşı ki hələ də qədirşünas ziyalılarımız var və belə filosof şairlərimizi zaman-zaman tərənnüm edirlər...Və elə müəllif Hacı Loğmanın kitabındakı son şeri ilə yazıma sonluq verirəm:
Səni ümman gördüm, Dədə Ələsgər..
Neçə söz dağları əriyər Səndə...
Nərə çəkib axan qara nəhrlər
Sənə qovuşanda kiriyər Səndə..
Bunu dərk eləməz içi boş qafa...
Qanan təsdiq edər, gəlsə insafa..
Düşüncə, təfəkkür, məntiq, fəlsəfə
Hamısı cəm olub yerbəyer Səndə...
O şair könlündə dumanlar yatır..
Neçə xoş ümidlər, gümanlar yatır...
Ummanlar altında ümmanlar yatır...
Loğman bir qəvvasdır- Dərk edər səndə...
Bəli bu məntiqə əsaslanaraq bir daha çəkinmədən deyirəm ki, Ustad Aşıq Ələsgər Nizami Gəncəvidən sonra Dünyəvi Filosof Şairdir...Məni edam etsələr də bu fikrimdə ciddiyəm dəyərli oxucularım...
Dediklərimə nə qədər nail oldum bunu Sizlər deyə bilərsiniz hörmətli oxucularım..Öz şerimin bir bəndi ilə yazımı tamamlayıram:
Yusif, çox əllərdən sərvət də getdi...
Sərvətlə bərabər hörmət də getdi...
Sultanlar yıxıldı, şöhrət də getdi...
Söz yenə könüllər Sultanı oldu!
Tədqiqatçı- şair Yusif Hüseyn..
29 yanvar 2021 ci il...
Bölməyə aid digər xəbərlər