11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Mən sazsız yaşaya bilmərəm"--- CEYHUN QURBANSOY

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.
1928-ci ildə Azərbaycan Aşıqlarının I qurultayı keçirildi.
1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində yaradılmış Elmi – tədqiqat xalq musiqisi kabinetinin Azərbaycan aşıq musiqisinin toplanılıb nota salınmasında mühüm rolu olmuşdur. 1938-40-cı illərdə Azərbaycanın müxtəlif rayonları üzrə folklor-etnoqrafik ekspedisiyalarında bilavasitə söz-sənət təmsilçiləri olan aşıqların canlı ifasından yazıya alınmışdır. 
SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. Xarici mədəni məkanda Azərbaycan aşıq yaradıcılığının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920-30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya tədricən aşıq yaradıcılığının ictimai statusunu laxlatdı. 1970-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində aşıq yaradıcılığına primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başlasa da, cəmiyyətin müəyyən bir hissəsində aşıq yaradıcılığının populyarlığını azaltmadı.
Heydər Əliyevin1972-ci ildə Aşıq Ələsgərin 150 illik  yubi­le­yi­nin keçirilməsi haq­qın­­da imzaladığı sərəncam Qərbi Azər­­bay­ca­nın tarixi-mədəni irsinin məhz Azər­bay­can xal­qına mənsub­lu­ğu­nun rəsmən bəyan edilməsi olmuş və bu irsə sahib çıxmaq üçün bir işarə mahiyyəti daşımışdır.  Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin de­yil, Qərbi Azər­bay­candakı aşıq mühiti və onun görkəmli nüma­yən­dələrinin (Miskin AbdalAğ AşıqAşıq AlıNövrəs İmanAşıq Məm­mədhüseyn və b.) poetik irsinin toplan­ma­sı və tədqiqi işin­də müstəsna rol oynamışdır.
Hazırda aşıqlar tərəfindən yaradılmış 70-dən artıq ənənəvi saz havaları var. Məsələn, “Qəhrəmani”, “Gəraylı”, “Gözəlləmə”, “Misri”, “Koroğlu”, “Müxəmməs”, “Urfani”, “Ovşarı”, “Dilqəmi”, “Cəlili” və s.
Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni  irs  siyahısına daxil edilib.  Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır.
Sevindirici haldır ki, müasir dövrün gənc nəsli aşıq sənətini öyrənməyə və yaşatmağa meyillidir.
Bu gənclərdən biri də gənc, istedadlı aşıq  Ceyhun Qurbansoydur.  Ceyhun 1998-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində  dünyaya  göz   açıb. Hələ uşaq yaşlarından saza, sözə meyilli olan Ceyhun doğulduğu kəndin toy məclislərinə dəvət alaraq məlahətli səsi ilə aşıq və xalq mahnılarını özünəməxsus şirinliklə ifa edirdi. Artıq kənddə   tanınan bu balaca uşağın sorağı getdikcə ətraf kəndlərə və rayon mərkəzinə də yayılmağa başladı. Artıq rayonun demək olar ki, bütün bayram  tədbirlərində, musiqili verilişlərində  Ceyhunu dəvət   edirdilər.
Məhz elə bu saza, sözə olan həvəsi onu 2015-ci ildə ADPU-nun Filologiya fakültəsinə gətirib çıxardı.   Yüksək  balla Ali Məktəbə  daxil olan Ceyhun  2015-2019-cu   illər ərzində təhsillə yanaşı sənəti ilə məşğul olmağa da vaxt ayıra bildi.
"Mən sazsız yaşaya bilmərəm" deyən Ceyhun Ölkə üzrə istedadlı tələbələr arasında keçirilmiş festivalda 1-ci yer, “ADPU SƏS”  layihəsində 1-ci yer,  Azad Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi  yarışlarda dəfələrlə yüksək yer tutmuş  Ceyhun Qurbansoy  dəfələrlə ölkənin  tanınmış telekanallarına dəvət olunaraq  tamaşaçıları öz sazı-sözü ilə sevindirməyi bacarmışdır.
 ATİA.AZ-a qonaq olan gənc  aşığımızın ifasında lentə aldığmız,  “Dübeyti” havası üstündə Rüstəm Qazaxlının sözlərinə oxuduğu bir aşıq mahnısını Sizlərə təqdim edirik: 

Sonda bu gənc, istedadlı aşığımıza daha böyük sənət uğurları arzu edirik.


Tarix: 14-12-2020, 12:47 Oxunub: 1 489


Bölməyə aid digər xəbərlər