Söz, insanın sahib olduğu ən böyük güc və onun ruhunun aynasıdır. Tarix boyu cəmiyyətləri quran, imperiyaları yıxan, qəlbləri fəth edən və ya onları darmadağın edən ən kəsərli silah məhz söz olmuşdur. Sözün qüdrəti onun həm tikici, həm də dağıdıcı gücündə gizlənir. Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin.
Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür.
Söz haqqında deyilən ən gözəl, dəyərli və hətta aforizm səviyyəsində olan seirlərdən biri də Qazax poeziyasının ağsaqqalı şair Bilal Qocanın "SÖZ" seiridir.
Kimdir Bilal Qoca? Qısaca olaraq məlumat verək:
Bilal Qoca (Bilal Alı oğlu Qocayev) 1938-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1963-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. Tələbəlik illərində Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialının ədəbi məclislərində aktiv iştirak etmişdir. İnstitutu bitirdikdən sonra, 3 il Zaqatala və Qax rayonlarında müəllim işləmişdir. Bu rayonların füsunkar təbiəti ilə təmasda olması onun yaradıcılığına müsbət təsirini göstərmişdir. Bu təsir bir küləkli gündə şəhərdən kəndə qayıdarkən gördükləri əsasında yazdığı "Küləklər" şeirində aydın görünür:
Yerindən oynadıb tozu, torpağı,
Ağaca, yarpağa yaydı küləklər.
Əsdi, yaman əsdi bir axşam çağı,
Neçə gözəlliyə qıydı küləklər.
Əksi görünməmiş ayın, ulduzun,
Dolan buludların cəm oldu yazın,
Xeyli ehtiyatla gedən bir qızın,
İpək saçlarını saydı küləklər.
Şeirləri Zaqatalada çıxan "Qırmızı bayraq", Qaxda çıxan "Şəlalə" qəzetlərində çap edilən şair həm də Qazaxda çıxan "Qalibiyyət bayrağı" qəzeti ilə də əlaqə saxlayaraq, tətil günlərində "Dəli Kür" ədəbi məclisinin toplantılarında iştirak edir. Qazağa qayıtdıqdan sonra, yenidən ədəbi yaradıcılığa başlayaraq, yeni şeirlərini yazmış, sazlı-sözlü məclislərdə özünəməxsus şair nəfəsi ilə tanınmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1997-ci ildə "Yadigar qələm" adlı ilk kitabı çapdan çıxmışdır.
Şairin sonralar "Şair ömrü-şeir ömrü" və "Poemalar" adlı kitabları işıq üzü görmüşdür.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Qazax filialında 18 il ədəbi məsləhətçi işləmişdir.
Şair sözdən böyük bir zirvə yaradaraq "Söz"şeiri ilə oxucuların sevimlisinə çevrilmişdir.
SÖZ
Söz var dosta danış, söz var düşmənə,
Harda məqamı var, ehtiyat eylə.
Söz var min dəfə de, doymazsan yenə,
Söz var bir dəfə de, kifayət eylə.
Söz var kəmərə tax güllə yerinə,
Söz var axtarırsan düşüb dərinə.
Söz var sənsiz çıxıb çəmən seyrinə,
Get onu qarşıla, ziyarət eylə.
Söz var dustaq olub, ürəkdə dustaq,
Elə bil ki, decən dünya qopacaq.
Söz var dərin dərə, söz var uca dağ,
Dırmaş söz dağına, cəsarət eylə.
Söz dolan buludun yağışlarıdı,
Memar əllərinin naxışlarıdı.
İnsanın danışan baxışlarıdı,
Gətir qələminə hekayət eylə.
Sözlə güldürən var, sözlə gülən var,
Sözlə öldürən var, sözlə ölən var.
Sözlə eldən-elə gedən, gələn var,
Sözlə ulduzlara səyahət eylə.
Söz ki, dildən çıxdı hədər olmaya,
Dadı şirin olub zəhər olmaya,
Söz sevinc paylaya, kədər olmaya,
Söz gözəl nemətdi, qənaət eylə.
Söz ceyran sürüsü, çıxıbdı düzə,
Ay ovçu, söz ovla gətir sən bizə.
Qatma gözü gözə, qat sözü sözə,
Yığ, elə, obaya səxavət eylə.
Nizamı şöhrəti – sözün şöhrəti,
Nəsimi qeyrəti – sözün qeyrəti.
Vurğun şeriyyəti – sözün vüsəti,
Ey Bilal, sözdən az şikayət eylə.
Bu dəyərli sənət əsəri haqqında Müasir Azərbaycan ədəbiyyatında fəlsəfi və klassik üslubda yazıb-yaradan tanınmış şair, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və "Qızıl Qələm" mükafatı laureatı Hacı Loğman Qorqudun fikirlərini qısa bir şəkildə oxucularımıza çatdırırıq.
Hacı Loğman deyir:
"Söz haqqında çox böyük dahilərin böyük fikirləri olub. Bilal Qoca o qədər gözəl, möhtəşəm yazıb ki, bu şeiri sıradan bir şeir kimi, poetik bir parça kimi dəyərləndirmək az olar, kiçik görünər. Şair burda sözün silqətini, ağırlığını, böyklüyünü, hər şeydən ucalığını qoyub ortaya... Rəhmətlik Zəlimxan Yaqub deyir:
"Söz Allahın yer üzündə nişanı,
Allah özü, məncə, sözdü, məncə, söz."
Hacı Loğman da deyir:
"Loğman müttəhimdir söz qabağında,
Yalan üz qızardar düz qabağında.
Nağdını qoymuşuq göz qabağında,
Nisyənin dalınca qaçırıq niyə?!"
İnsan sözünün qarşısında məsuliyyət daşımalıdı, sözə dəyər verməlidi. İnsanın mahiyyəti onun düşündüyü söz qədərdi, danışdığı düşüncə qədərdi. Dahi Fizuli deyi ki, "Kim nə qədər miqdardı, o qədərdi sözü, Onun özü qədərdi hər kəsin sözü..." Əli əleyhsalam deyir ki, "danış bilim sən kimsən" və s.
Bilal Qocanın fikirləri heç də bu dahilərdən geri qalmır. Bilal Qoca sözün içərisində sözlə elə gözəl oynayıb, sözün mahiyyətini elə gözəl vurğulayıb ki, həddən ziyada insanı heyrət edir. Bu seir bir brilyant boyunbağıdır, asasan boynundan, gəzəsən, bu şeirə mən çox vuruldum.
Baxaq şeirə...
"Söz var dosta danış, söz var düşmənə,
Harda məqamı var, ehtiyat eylə."
Burda şair Ş.Qurbanovun fikrini təsdiqləyir, Ş.Qurbanov deyir:
"Alçalar, ucalar insan dilindən,
Yaxşı da, yaman da gələr əlindən..."
Bilal Qoca ərz edir:
"Söz var min dəfə de, doymazsan yenə,
Söz var bir dəfə de, kifayət eylə."
Böyüklər demiş, sözü deyərsən bir dəfə, qanan götürər, qanmaz ötürər... Sözün qüdrəti bax budu...
"Söz var kəmərə tax güllə yerinə,
Söz var axtarırsan düşüb dərinə.
Söz var sənsiz çıxıb çəmən seyrinə,
Get onu qarşıla, ziyarət eylə."
Nə qədər möhtəşəm, nə qədər gözəl deyilib, nə qədər heyrətamizdi... Bu bənddə bütün dini, elmi kitablar, bütün fəlsəfi fikirlər sözlə hasil olur, sözlə ğz əksini tapır, elə həyatın mənası sözdən ibarətdi...
"Söz var dustaq olub, ürəkdə dustaq,
Elə bil ki, decən dünya qopacaq.
Söz var dərin dərə, söz var uca dağ,
Dırmaş söz dağına, cəsarət eylə."
Bu bənddə olan fikirlər insanın ürəyinə yağ kimi yayılır. Mənim bir şeirimdə dediyim "Alçalmaq, ucalmaq haqqın işidi, Ucaldan ucaldır bizi zirvəyə..." fəlsəfi fikrin insanın həyatdakı eniş-yoxuşlarını, tale və qisməti ifadə edən dərin bir mənalı deyimin tam təsdiqidir...
"Sözlə güldürən var, sözlə gülən var,
Sözlə öldürən var, sözlə ölən var.
Sözlə eldən-elə gedən, gələn var,
Sözlə ulduzlara səyahət eylə."
Nə qədər dərin mənalı deyimdir, atalardan gələn "Qılınc yarası sağalar, söz yarası sağalmaz" fikrinin şeirlə ifadəsi...
"Söz sevinc paylaya, kədər olmaya,
Söz gözəl nemətdi, qənaət eylə."
Yenə "Danışmaq gümüşdür, danışmamaq qızıldır" atalar sözünün açılışı, şair demək istəyir ki, sözü israf etsən, özün də israf olarsan.
"Qatma gözü gözə, qat sözü sözə,
Yığ, elə, obaya səxavət eylə."
Nə qədər dərin mənalı bir deyim... Babalarımız dediyi kimi, "Bir evə girəndə kor gir, lal çıx"... Getdiyin evdə qıza, gəlinə, vara, dövlətə, mülkə xain gözlə baxma... Mən deyərdim ki, Bilal Qocanın bu şeirindəki hər misra bir aforizmdir.
"Nizamı şöhrəti – sözün şöhrəti,
Nəsimi qeyrəti – sözün qeyrəti.
Vurğun şeriyyəti – sözün vüsəti,
Ey Bilal, sözdən az şikayət eylə."
Bu bənddə şair dahilərə söykənərək sözün ehtişamını, mahiyyətini açıqlayıb, insanın əqli nədirsə sözü də o qədərdi, sözdən şikayət eləmək olmaz. İnsan mənasız danışanda sözü hörmətdən salmır, həmin sözlə özünü hörmətdən salır. Bizim dahilərimizi yaşadan onların sözüdür. Bilal Qocaya can sağlığı, yaradıcılıq uğurları arzu edirəm."
ATİA.AZ saytının kollektivi adından məlumatların toplanılmasında böyük əməyi olan təhsili, idmanı, poeziyanı özündə birləşdirən, təhsildə Rayət müəllim, poeziyada Rayət Əli kimi tanınan Rayət müəllimə, saytımızın baş redaktoru Aydın Adıgözəlliyə və dəyərli təhlil üçün Hacı Loğman Qorquda dərin təşəkkür edirik.
Qazax poeziyasının ağsaqqalı, şair Bilal Qocaya uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Elfaq Əliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər















