ATİA.AZ-ın bugünkü qonağı altı kitab müəllifi, AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof Hacı Loğman Qorquddur.
Xatırladaq ki, Hacı Loğman Məhəmməd oğlu Aşıq Ələsgərin doğulduğu qədim oğuz eli olan Göyçə mahalının Babacan kəndində dünyaya göz açıb. Misgil Abdalın şəcərəsindəndir. Hacı Loğman Qorqud təxəllüsü ilə yazıb-yaradan şair bu təxəllüsün ona xalq tərəfindən verildiyini qeyd etdi: - “Mən yaradıcılığımda ən çox fəlsəfəyə, həyat hikmətliyinə daha çox meyil edirəm. Hələ bu günə kimi elmə məlum olmayan “Dədə Qorqud” adının yaranma səbəbini mən araşdırdım. Diqqətə çatdırım ki, “Dədə Qorqud” və “Qurani-Kərim”i bütövlükdə oxudum. Və gördüm ki, Müqəddəs Kitabımız olan “Qurani-Kərim”dəki tayfa arasındakı mübahisə və müharibələr eyni ilə “Dədə Qorqud”da da var. Həzrəti Məhəmmədə gələn “Quran” ayələrində İslamın ehkamları ilə insanları qorxutmaqla Allaha, dinə inandırmağa çalışırdılar. Bununla da insanı haqqa, ədalətə dəvət edirdilər. “Dədə Qorqud” sözünün kökündə qorxutmaq durur. Bu isə Allahın vahidliyinə inanc, halal-haramlıq anlayışı, xeyirxahlıq missiyası daşıyırdı. “Qurani-Kərim”də buyrulur ki, Allahım, Adəmə hər şeyin adını öyrətdin. “Dədə Qorqud”da da eyni hadisələr baş verir. “Dədə Qorqud” sözünün mənası “Qorxudan Dədə” deməkdir. Allahın hikmətləri ilə insanları “Qorxudan Dədə” mənasındadır. Yəni “dədə” sözü Peyğəmbər sözü ilə eyni məna daşıyır. “Dədə” sözünü “dedi” sözü ilə də müqayisə etmək olar. Buradan da aydın şəkildə görünür ki, türkçülüyün ilk peyğəmbəri Dədə Qorquddur. “Dədə Qorqud” və “Qurani-Kərim” dəki adları fəlsəfi baxımdan loğman kimi araşdırıb, eyniləşdirdiyimə görə, “Hacı Loğman Qorqud” Təxəllüsünü mənə xalq verib. Unutmayaq ki, biz hamımız Qorqud övladlarıyıq”.
Daha sonra istedadlı şairimiz "Aşıqlar Birliyini"nin rəhbərliyi tərəfindən ona qarşı edilən xəyanət və nankorluqlardan söhbət açdı. Tanınmış şairimiz Hacı Loğman Qorqudun söhbətini Dədə Ələsgərin şeri ilə başladı. Şairin müsahibəsini qısa ixtisarla oxucularımıza təqdim edirik:
"Dədə ƏLəsgər yazır:
Yetəni özünə həmdost eylədim,
Yolunda canıma hey qəsd eylədim,
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Mən şeirin bu bəndinin mənasını açıqlamaq məcburiyyətində qaldım və açıram:
Yetəni özünə həmdost eylədim,
Yolunda canıma hey qəsd eylədim.... - yəni hər yetəni özümə layiq bildim, özüm səviyyədə qəbul edib, onunla dostluq etdim, öz səviyyəmdə gördüm, yolunda qayğı çəkdim, əzaba dözdüm. Amma heyif ki, tanıyanda gördüm ki, o deyilmiş.
Aşıq Ələsgər haqqında 620 səhifəlik monoqrafiya yazandan sonra bir sürü "qələm tutan göyçəli” (əlbətdə söhbət Göyçəmin əsl kişilərindən və oğullarından getmir, gədə-güdələrdən gedir) və şəxsən Məhərrəm Qasımlı mənə düşmən kəsildi. O “sürü” mənim haqqımda ağlına gələni yazdılar, fahişələrlə məni ləkələmək istədilər. Gizli nömrələrdən gələn təhqirlə, söyüşlə dolu zənglərin sayı hesabı olmurdu. Mən bilirdim bunu kim edir. Ölüb gedib, adını çəkmirəm.
Bir gün həmin adama zəng vurdum, dedim ki, ay filankəs, ağsaqqal adamsan, ayıbdı, bu gədə-güdəni yığışdır, onlara de ki, indi heç nəyi gizlətmək mümkün deyil, o küçə adamlarına de ki, o küçə telefon danışıqlarını küçələrdə olan gizli kameralar çəkir, mən şikayət eləsəm, taparam kimdir, və onlar da sənin adını çəkəcək”... Xülasə, bundan sonra zənglər kəsildi.
O ki, qaldı bu Məhərrəm Qasımlıya, bu o Məhərrəm Qasımlı idi ki, onu Flarmoniyada Zəlimxan Yaqubin tədbirlərində iki dəfə çölə çıxarırdılar, mən polislə mübahisə edərək həmin Məhərrəmin alim, söz adamı kimi təsübünü saxlamışam, qoymamışam çölə çıxa, yer vermişəm əyləşib. Mənim birinci kitabımın təqdimatında rəhmətlik Alqayıt Xəlilovla, Elxan Məmmədli və bir çox ziyalılarla "Banu Çiçək" restoranında həmin o Məhərrəm Qasımlı gəlib ağız dolusu mənim haqqımda danışıb, bunu sübut edən video-çəkiliş və şəkillər var. Bir dost kimi, həmkar kimi Allah rəhmət eləsin, anasının yasında iştirak eləmişəm. Aramızda səmimiyyət olub və mən onun haqqında bircə kəlmə belə xoşa gəlməyən ifadə işlətməmşəm, həmişə hörmətini saxlamışam, qonaq olduğum məclislərə onu da dəvət eləmişəm.
Elə ki, bu kitab çıxdı və o "Aşıqlar Birliyi"nə sədr seçildi, İrandan gələn bir şeytan dəllalın sözü ilə oldu mənimlə düşmən. Və hətta bir neçə özü kimi adamları mənə qarşı qoydu. Hətta Aşıq Ələsgər kitabının bütün xərcini çəkən iş adamı Akif Nəbiyevi də mənə qarşı qoymağı bacardı. Aşıq Ələsgər haqqında olan verilişlərin heç birinə dəfələrlə desəm də məni çağırmadı. Heç bir tədbirə dəvət almadım.
Bir gün Akif Nəbiyevlə təzə işlər haqqında müzakirə edirdik. Mən Aşıq Ələsgər haqında 5 cildlik üzərində işləməyə başlamışdım. Düz 3 il ərzində 2700 səhifəlik “ Ələsgərnamə 1”, “Əlsgərnamə 2”, “Ələsgərnamə 3”, “Ələsgərnamə 4” və Ələgərnamə 5” cildlərinin elmi araşdırma yazılarını hazırladım. Sonradan hətta Aşıq Ələsgər ailəsinin mənə qarşı sayğısız münasibətindən, Məhərrəmin mənə olan düşmənçiliyindən həmin 5 cildlik materialı kompüterin yaddaşından sildim.
Sonra Nazir Əhmədli başladı Azərbaycan tarixinə xəyanət edən, elmi redaktoru isə Akademik Nizami Cəfərov olan bir kitab yazdı, kitabın içində mənim kitabımdan müxtəlif materiaları öz adı ilə qeyd elədi, yəni piratlıq elədi, Aşıq Ələsgəri və Azərbaycan ədəbiyyatını, tarixini ləkələməyə başladı. Bu məsələ də belə. Cavabını verdik, faktlarla...
Hər şey cəhənnəm, məni ağrıdan başqa məsələdir. Axı Aşıq Ələsgər ailəsi mənə qarşı bu mövqedə olmalı deyildi. Ən azından mən əsl Dədə Ələsgəri bu xalqa təzədən qaytardım, böyüklüyünü izah elədim. Ələsgəri çayxana aşıqları, oğru, quldur şairlər cərgəsindən çıxardım, Nəsimi, Fizuli səviyyəsinə qaldırdım, məqamını, mərtəbəsini sübut elədim.
Əvəzində isə Xətai Ələsgərli o ocağın öndə olan nümayəndəsi kimi bir dəfə adımı çəkmədi, hətta Ələsgərlə bağlı tədbirlərdə mənə söz vermədilər. Halbuki, ora mənim xatirimə böyük alimlər və elm adamları gəlmişdi.
Onda başa düşdüm ki, Dədə Əlsəgər niyə belə yazıb:
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Mənası belədir: Elə yerdən evləndim ki, mənim övladlarım məni kimi olmadı, qədir-qiymət bilməz oldular. Amma Dədə Ələsgər o Aşıq idi ki, Naxçıvan yaylağında bəylər ona çoxlu qızıl pul verərək Səməd ağanın daha səxavətli, ya onların səxavətli olmasını demişdilər. Amma dədə Ələsgər Səməd Ağa ilə olan hörmətindən onun təsübünü verməmiş və
Naxçıvan xanları, Şərur bəyləri ,
Səxada Səmədə qul ola bilməz... - deməsi ilə öz sədaqətini bildirmişdi və sonradan ordakı bəylər bunu qəsdən edərək, Aşıq Ələsgərin böyüklüyünü və sədaqətini yoxlamaq üçün etdiklərini demiş və Dədə Ələsgəri çox layiqlə və hörmətlə yola salmışdılar...
Bəli Dədə Ələsgər o şəxsiyyət idi ki, ustadı Aşıq Alı olan məclislərdə gəlib ilk öncə ustadını öpər, icazə alar, məclisi başlayardı və toydan sonra yığılan puldan bir pay da Aşıq Alıya verib halallıq alardı.
"Kəlbəcərin xeyri-şəri yaxşıdır" - deyən ustad həmişə qədirbilən olub...
Amma baxın, Dədə Ələsgər ocağı mənim bu qədər zəhmətimi danaraq mənim kitabımdan sitat gətirir, məqalə yazır, amma müəllifin adını qeyd eləmir, bu qədər nankorluq və saymamamzlıq olarmı? Axı mən onlardan heç nə istəmirəm, sadəcə diqqət istəyirəm.
Həmişə düşünürdüm ki, biz bu qədər dahilərmiz olan bir millət niyə dünya miqyasında olduğumuz mövqedə deyilik?
Başıma gələn hadisələr bunlara cavab verdi. Nə qədər ki, eqoist, dayaz adamlar iş başında olacaq, rəhbərlik edəcək, biz həmişə dünyadan geri qalacağıq.
Bir məqama diqqət edin.
AzTV-nin "Ozan" verişində Məhərrəm Qasımlının qonağı Şirindil Alışanov olan məqama nəzər salaq.
Məhərrəm sual verir:
-Hörmətli professsor, Aşıq Ələsgərin təcnisləri hardan qaynaqlanır, buna münasibətiniz?
Professorun cavabına baxın:
- Aşıq Ələsgərin təcnislərində əvvəlki usatdaların izi var, məsələn Sarı aşıqda olan tərsinə cinası Aşıq Ələsgərdə də var. Məhərrəm tez cavab verir:
- Görünür Aşıq Ələsgər Sarı aşığa bələd olub.
Hörmətli oxucu, bu mədəni şəkildə o demıkdir ki, Aşıq Ələsgər Sarı Aşıqdan istifadə edib, yəni oğurlayıb. Çox gülməlidir, bu iki elm adamı, professor hələ dərk eləmir ki, Aşıq Ələgərin hər kəlməsində minlərlə Sarı Aşıq var. Yəni insan bu qədərmi dayaz olar, ya bəlkə də qərəzli olar?
Mən Gədəbəydə aparıcı Məhərrəm Qasımlı olan bir tədbirdə dedim:
- Məhərrəm müəllim, Aşıq Ələsgərdən danışan hər kəs bilməlidir ki, Aşıq Ələsgərin poetik sambalı sərraf gözüdür, onun haqqında danışan adamın elmi səviyyısi o saat bilinir, gərək hər kəs ehtiyatlı ola. Görünür Məhərrəm Qasımlının yaddaşı da yaxşı deyil, bunu unudub və hər dəfə Aşıq Ələsgərdən və sənətindən danışanda öz cılız təfəkkürünü bir daha nümayiş etdirir. İnanaın ki, azca dərin ağlı olan adamlar ona gülür. O bunu bilməlidir. Çünki bir ağıllı adamı inkar etmək, o insanın özünün cahilliyidir.
Aşıq Ələsgəri Məhərrəm Qasımlının təqdim etdiyi kimi bu xalqa təqdim etmək, ən azı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə hörmətsizlik, biganəlik və xəyanətdir. Çünki Aşıq Ələsgərin böyüküyünü olduğu kimi xalqa təqdim etməmək, bütövlükdə bizim ədəbiyyata, bu millətin özünə xəyanətdir. Çünki başqa millətlər Nizamini, Nəsimini, Fizulini, Əlişir Nəvaini və bir çoxların öz şairləri kimi təqdim edir və Azərbaycan türklərinin belə böyük şəxsiyyətləri ola biləcəyini inkar edirlər. Amma Aşıq Ələsgər XİX-XX əsrdə dünyaya sübut elədi ki, türkün indi də bir başa öz ana dilində yazan dahi oğlu, Aşıq Ələsgəri var.
Rəhmətlik Zəlimxan Yaqub yazır: - "Ələsgər yaradıcılığı Allahdan peyqəmbərlərə, insana enən və yenidən Allah dərgahına üz tutan, ona qovuşan yaradıcılıqdır. Bu yol Həllac Mınsurdan, Fəzlullah Nəimidən, İmaməddin Nəsimidən gələn, Əlsəgərdə daha ucalara doqru gedən yoldur. Bu yolla gedən yorulmur, yorulmaq nədir bilmir, - Ələsgər kimi!
Hacı Loğman Ələsgərin bütün yaradıcılığını təhlildən keçirir, yeni münasibətlə tamam fərqli yeni baxış bucağından baxır. Ustadın yaradıcılığında olan bütün hərif və rəqəmlərin müqəddəsliyini aşıb göstərir. Oxucu bu açmaları yozum kimi baxmır, həqiqətin özü kimi baxır, həqiqətin özünü görür və hər söz həqiqət aynasında gözəl görünür. Hacı Loğman Həzrəti Adəmdən Həzrəti İbrahimə, Həzrəti İbrahimdəm Həzrəti Mühəmmədə, Həzrəti Mühəmməddən bügünkü şəxsiyyətlərə qədər hamını Ələsgər işığında işıqlandırır. Miskin Abdaldan gələn yola, müqəddəsliyə yenidən çıraq tutur. Şah İsmayıl Xətai dünyasına baş vurur, Qurbani – Şah İsmayıl münasibətlərini açmaqla Ələsgər dünyasını yenidən işıqlandırır. Dədə Qorquddan bu günümüzə qədər elə bir aşıq və ya şair tanımıram ki, onun şeirləri Ələsgərin şeirləri qədər dillərdə əzbər olsun, oxunsun, yayılsın, dildən dilə düşsün. Bunun sirri, sehri, ovsunu, cazibəsi nədədir?
Bu suala Hacı Loğmanın qələmi aydınlıq gətirir ki, Ələsgər təzədən doğulur, böyüyür, ucalır, əlçatmaz bir zirvə kimi görünür. Bu zirvə Aşıq Ələsgər zirvəsidir. Dünya durduqca duran, başı qarlı dağ kimi görünən Ələsgər zirvəsi.
Mən sidq dildən inanıram ki, Hacı Loğmanın bu əsəri Ələsgərşünasların stolüstü kitabına çevriləcək, əl-əl gəzəcək. Ona görə ki, Aşıq Ələsgər haqqında söz demək, yeni fikir söyləmək, sözün əsil mənasında insandan güc-qüvvət, hünər istəyir. Bu yolda Hacı Loğmana uğur arzulayıram." (02.11.2013)
Nə deyim, hələ çox şeylər var deməyə,...qalsın sonraya.
Sonda bir şeir ərmağan edirəm...
Səndə
Səni ümman gördüm, Dədə Ələsgər,
Necə söz dağları əriyər səndə.
Nərə çəkib axan qara nəhrlər,
Sənə qovuşanda kiriyər səndə.
Bunu dərk eləməz içi boş qafa,
Qanan təsdiq edər, gəlsə insafa,
Düşüncə, təfəkkür, məntiq fəlsəfə,
Hamısı cəm olub yerbə-yer səndə.
Zirvəsən, köksündə dumanlar yatır,
Dumanlar altında ümmanlar yatır.
Ummanlar altında ummanlar yatır,
Loğman bir qəvvasdır – dərk edər, səndə. "
ATİA.AZ olaraq şairimizin müsahibəsini sizlərə çatdırdıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq, əgər deyiləsi sözləri varsa..
Bölməyə aid digər xəbərlər