13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Zamanın dar süzgəcindən keçib gəldim çeşmə kimi"

Müasir Azərbaycan ədəbiyyatını Qazax ədəbi mühiti olmadan təsəvvür etmək məncə çox yalnış olardı. Axı bu ədəbi mühit keçən əsrdə bizə Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi dahilər bəxş etmişdir. Bu gün də eyni ilə davam etməkdədir. Bu ədəbi mühitdən olan bir sıra şair, yazıçı və ədəbi tənqidçilər müasir ədəbiyatımızın ağırlığını öz çiyinlərində daşımaqdadırlar. Onlardan Vaqif  Nəsib, Məti Osmanoğlu, Rüstəm  Kamal, İbrahim Ilyaslı, Rəşid Vəkil, Güllü Eldarqızı, Elburus Qəmgin kimi yazıçıları yaxından tanıyıram və yaradıcılıqlarını sevə-sevə izləyirəm. Və bu cür şairlərdən biri də Sədaqət Şıxlıdır.
Mən Sədaqət Şıxlını “Dirili Qurbani”məclisinə ayaq basdığım günlərdən dəli-dolu və bir azda baməzə bir şair kimi tanıdım. Hər dəfə məclisdə şeir oxuduğu zaman onu diqqətlə dinləyər, hətta bəzən səmimi öz münasibətimi də bildirərdim. O da xoş qarşılayırdı. Bu günlərdə isə şairin ”Dərdlərimin şairiyəm” adlı ilk şeirlər kitabı əlimə düşdü, oxudum, özüdə sevə-sevə...
Hər şeiri oxuduqca, hər vərəqi çevirdikcə, Sədaqət Şıxlının daxili dünyası, könül çırpımtıları ilə tanış olduqca, bu çırpıntıların ritminə qulaq asdıqca, dinlədiqcə onun duyğularının saflığına bir daha inanmış oldum.
“Axı ürək daşdan deyil”- deyən şair:
Nəyə lazım o ürək ki,
Alovlanmır, yanmır bir an
.-
deməklə yetinməyərək, başqa bir şeirində fikirini daha da dolğun şəkildə belə ifadə edir:
Hər yan gül-çiçəyə dönür,
Dağlar laləyə bürünür.
Çirkin də göyçək görünür,
Iki könül birləşəndə.
S.Şıxlı şeirinin özünə məxsus əsas cəhəti odur ki, fikrini canlı xalq dilində, sadə, aydın və anlaşan bir dillə ifadə etməyə çalışır. Bu isə ona düşüncələrinin uğurlu ifadəsində kömək edir.
İstərəm bir topa bulud olum mən,
Susuz səhralarda çöllərə yağım.
Zərif çiçəklərin, bəyaz güllərin,
Xoş rahiyəsini hər yana yayım.
 
İstərəm bir yannan çıraq olum mən,
Zülmət gecələrə işıqlar saçım.
İstərəm bir yaşıl budaq olum mən,
Oxuyan bülbülə xoş qucaq açım.

 
Şairin hər bir şeiri ana təbiətə, yaşadığı həyata, dünyaya, insanlığa dərin sevgi, məhəbbət hisləriylə yoğrulub.
 
Bu dünyanın əzəli də sevgidir,
Bu dünyanın gözəli də sevgidir-
deyən şair fikrinə  belə əlavə edir:
Mavi gözlü o səmanı sevirəm,
Məhəbbəti, ülviyyəti sevirəm,
İnsanlarda ləyaqəti sevirəm.

S.Şıxlı bir şair kimi ətrafında baş verənlərə biganə qala bilmir, zamanın eybəcərliklərini, qəlbini ağrıdan həyat həqiqətlərini poetik bir dillə bu cür canlandırır:  
Saya salan yoxdu yetimi, acı,
Didərgin düşəni, dərdə möhtacı.
Bürokrat düşünür yalnız taxt-tacı,
Dövranı dəyişib gidi dünyanın.

Onun şeirlərinin şah damarı, ana xətti Vətən sevgisidir. Hər sözü-söhbəti Vətənlə başlayır, çünki şair ülvi bir eşqlə vətənini sevir. Elə bu sevginin ilahi ülvüyətindəndir ki, işğal altına düşən torpaqlarımızın ağrısına-acısına ağı deyir, yana-yana ağlayır:
Torpağımız tapdalandı,
Ürəyimiz parçalandı,
Ahımız ərşə dayandı,
Yağıların əllərindən.

              ***
Çal “Dilqəmi”, çal ”Kərəmi”,
Qoy dərd yandırsın sinəmi.
Ahım ayıltsın aləmi,
Çal, aşıq, qurbanın olum.

Vətənin dərdini öz dərdi bilən şairin ahı, naləsi qəlbləri göynədir, könülləri sızladır. Bu göynərti, bu sızıltı isə onun Vətən sevgisindən , Vətənə ülvi məhəbətindən irəli gəlir:
Vətən dərdi qəddim əydi,
Bəxt ulduzum daşa dəydi.
Çaxan şimşək, yoxsa nəydi?...
Qaldım boylana-boylana.

Naləsi ərşə, sonsuz göylərə dirənən Sədaqət Şıxlı üçün Vətən torpağının hər qarışı ana südü, ata çörəyi qədər doğma və müqəddəsdir. Odur ki, Xocalı faciəsini könül çırpıntılarının əks-sədası ilə şeirlərində poetik bir dillə belə ahəngləndirir:
Yer titrədi, göy kişnədi yerindən,
Xanimanlar talan oldu o gecə.
...İnsan qanı ”bəzək” oldu çöllərə,
“Ölüm” sözü yalan oldu o gecə.

Lakin şair qəlbinin yanqısını söndürmək üçün :
Hər gecənin gündüzü var,
Yolun enişi, düzü var,
Həqiqətin bir üzü var -

deyə özünə toxtaxlıq verir. Nicatın yalnız öz əlimizdə olduğunu dərk edən şair sonda üz tutub yad ellərdə baş girlələyən Vətən oğullarına  hayqırır:
Yurdum düşmən əlindədi,
Yağıların felindədi,
Dərdi yükü belindədi,
Köməyə gəl, Vətən oğlu!

S.Şıxlı bir komandan kimi oğullarımızı, Vətən sevdalı insanları döyüşə səsləyir:
Eşidin oğullar, qalxın ayağa,
Bu gün ana Vətən sizi çağırır.
...Qalxın, ey yurdumun cəngavərləri,
Siz ki, Koroğlunun nəvələrisiz!

Və onlara bir ana kimi görün nəyi tövsüyyə edir:
Döyüş meydanına atıl nər kimi,
Qayıt el-obana kişi-ər kimi.
Qələbə müjdəli bir əsgər kimi,
Vuruş səngərlərdə çəkilmə geri!

Şair bacım Sədaqət Şıxlının iyirmi üç il bundan öncə poetik bir dillə qələmə aldığı duyğuları bu gün həyatda öz həqiqi əksini tapmış oldu. Belə ki, ordumuzun erməni işğalçılarına qarşı apardığı döyüşlərdə əsgərlərimiz göstərdiyi qəhramanlıqlarla böyük bir zəfər əldə etdik. Yağıların işğalı altında olan torpaqlarımız  geri qaytarıldı. Bununla da, təkcə Sədaqət müəllimin, bu şair xanımın deyil, hər bir Vətən sevdalı Azərbaycan övladının arzusu, muradı qəlbində çiçəkləmiş oldu. Otuz illik həsrətə son verildi.
Yeri gəlmişkən onu da qeyd edək ki, Sədaqət Şıxlının atası da söz adamı olmuş, yazdığı şeirlər neçə-neçə könüllər fəth etmişdir. Odur ki,atasından və ustad sənətkarlarımızdan aldığı dərslə iftixar edir:
Dədə Ələsgərin, aşıq Şəmşirin,
Gəzdiyi dağların düzünə qurban!
Dədəm Qorqud əldə qopuz çalanda
Kəsərli sözünə, sazına qurban!

Şairin öz doğmalarına, körpə balalarına ithaf  etdiyi şeirləri də  sadə bir dildə əks olunmuşdur:
Anam boyuna qurban,
Ağıllı çiçək balam.
Sənsən ömrümə hayan,
Tək sənsən ipək balam.


Şair ilhamını eldən, obadan, məcnunu olduğu Vətən torpağından, onun qayasından, daşından alır. Bu ilhamın gücü ilə də misra-misra  könüllərə nur, işıq səpir. Qoy bu nur, işıq da Sədaqət Şıxlı yaradıcılığında həmişə yaşar olsun.
Yenə sapa düzüb şeirlərimi,
Muncuq tək bənd etdim bir sıra ilə.
Zərif naxışlardan bəzək vuraraq,
İz qoymaq istədim gələn nəsilə.
 

 
   Ələsgər Talıboğlu
Şair-publisist,AYB-nin üzvü,    
Məmməd Araz mükafatı laureatı.    
 


Tarix: 30-01-2021, 17:40 Oxunub: 580


Bölməyə aid digər xəbərlər