İsgəndər Qurbanov: "Çoxşaxəli və dayanıqlı əməkdaşlıq"

      Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən İtaliya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərir. Qeyd etmək lazımdır ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Səfər zamanı ölkəmizin İtaliya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verməsi, habelə, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxması haqqında söhbət olmuşdur.

     Hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, yəni bu göstərici 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

     Son illərdə Azərbaycan-İtaliya münasibətləri klassik enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş, çoxşaxəli və aparıcı xarakter alıb. Cari il mayın 4-də Prezident İlham Əliyev tərəfindən İtaliya Nazirlər Şurasının Sədri Ciorgia Meloninin Bakıya səfəri zamanı səsləndirilən bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Sənəd təkcə mövcud vəziyyətin təsviri deyil, həm də gələcək inkişafın yol xəritəsidir. İtaliya Nazirlər Şurasının Sədri Meloninin regiona səfərinin marşrutu xüsusi siyasi məna daşıyır. Onun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi rəsmi Bakıya verilən diqqətin və hörmətin göstəricisi kimi qiymətləndirilir. Bu detal Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisinin və İtaliya üçün prioritet tərəfdaş statusunun göstəricisi kimi çıxış edir.

     Görüş çərçivəsində hər iki ölkə rəhbərinin mətbuata bəyanatları göstərdi ki, Azərbaycan-İtaliya münasibətləri artıq sadə ikitərəfli əməkdaşlıq mərhələsindən çoxşaxəli strateji tərəfdaşlıq və geosiyasi koordinasiya mərhələsinə daxil olub və bu dinamika Azərbaycanın dövlət maraqları ilə tam üst-üstə düşür.

     Yeni inkişaf mərhələsinə keçən bu münasibətlərin arxasında həm regional geosiyasi reallıqlar, həm də tərəflər arasında qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqları dayanır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Respublikası Şurasının sədri Ciorcia Meloni dövründə yeni mərhələyə keçid edən bu münasibətlər enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı kimi önəmli sahələri əhatə edir. Son dövrlərdə isə münasibətlərin gündəliyi tədricən klassik enerji iqtisadiyyatından çıxaraq müdafiə sənayesi və logistika kimi sahələrə doğru genişlənir ki, bu da tərəfdaşlığın texnoloji inteqrasiya xarakteri aldığını göstərir.

     Tərəflər arasında münasibətlərin çoxtərəfli strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilməsi göstərir ki, əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, siyasi dialoq, qarşılıqlı investisiyalar, sənaye əməkdaşlığı, təhsil və humanitar sahələr də bu münasibətlərin mühüm komponentlərinə çevrilib. Bu isə Azərbaycanın Qərb ölkələri ilə münasibətlərində etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş imicini gücləndirir və Avropa daxilində siyasi dayaqlarını genişləndirir.

     Hazırda Azərbaycan-İtaliya tərəfdaşlığı strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru gedir ki, bu da yaxın gələcəkdə daha böyük uğurlu nəticələr əldə edilməsindən xəbər verir.


İsgəndər Qurbanov

YAP Qazax rayon təşkilatının partiya veteranı


Tarix: Bu gün, 09:41 Oxunub: 69


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031