Dövlətimizin qətiyyəti, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə Ermənistanı kapitulyasiya aktını imzalamağa və ərazilərimizi boşaltmağa məcbur etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-də boşaldılmalı idi. Lakin qarşı tərəfin vaxt məhdudiyyətini əsas gətirərək etdiyi müraciətə ölkəmiz növbəti dəfə humanizm prinsiplərindən yanaşaraq əlavə 10 gün möhlət verdi. Beləliklə, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Rayonun boşaldılması prosesi işğalçının barbar mahiyyətini və vandalizm aktlarını dünya ictimaiyyətinin gözü qarşısında bir daha ifşa etdi. Evlərə, bağlara od vurulması və təbiətə qəsd edilməsi mülki obyektlərin dağıdılması və ekoloji terror kimi beynəlxalq konvensiyalarla hərbi cinayət sayılan əməllərin bariz nümunəsi oldu. Son altı ilin ən qürurverici reallığı odur ki, artıq torpaqlarımızın işğal günlərini deyil, azadlıq tarixlərini qeyd edirik. 30 illik həsrətə son qoyulması ilə yanaşı, hazırda bütün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azərbaycanın bu nəhəng layihələri məhz öz daxili imkanları hesabına icra etməsi ölkəmizin iqtisadi və maliyyə qüdrətinin göstəricisidir. Müharibədən dərhal sonra bərpa prosesinə başlanılması dünya hərb və quruculuq tarixində nadir təcrübədir.
Digər bölgələrimiz kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min kv.m) fərdi yaşayış evlərinin, 46 min kv.m-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb , 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kv.m nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kv.m təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.
32 illik ayrılıqdan sonra, 2025-ci il avqustun 21-də Kəlbəcər şəhəri ilk sakinlərinə qovuşdu. Həmin gün Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı doğma yurduna qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcərdə artıq 162 ailə (681 nəfər) məskunlaşıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin son altı ildə Kəlbəcərə etdiyi 7 səfərin hər biri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən mühüm addımlarla yadda qalıb.
Kəlbəcər həm də zəngin təbii ehtiyatları və füsunkar təbiəti ilə seçilən diyardır. Dağlıq relyefə malik rayon ərazisində qızıl, civə, tuf, gil, perlit, üzlük daş və qum-çınqıl kimi faydalı qazıntı yataqları mövcuddur. Saf dağ iqlimi, tarixi abidələri, eləcə də Yuxarı İstisu və Aşağı İstisu kimi müalicəvi mineral su mənbələri Kəlbəcəri gələcəkdə ölkəmizin ən cəlbedici turizm mərkəzlərindən birinə çevirəcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər















