Pərvanə xanım Zalamlı "İncə fikirlər" layihəsinin qonağıdır

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərlimiz nəğməkar şair,  AYB-nin üzvü, "Qızıl Qələm" media mükafatı və "Əsrin şairi" medalı laureatı Pərvanə xanım Zalamlıdır.

Müsahibəni təqdim edirik:


-- Pərvanə xanım niyə məhz Zalamlı imzasını götürdünüz?

-- Zalam mənim kəndimdir.. Mən Qəbələ rayonundanam. Qəbələli təxəllüsünü də götürə bilərdim. Amma düşündüm ki, Qəbələli təxəllüsü ilə  yazan  o qədər  yazarımız var ki... İstədim həm qeyri- adi olsun, həm də kəndimin adını yaşadım.


-- Şeir sizə nəfəs verir, yoxsa siz şeirə?

-- Şeir mənə nəfəs verir, yaşadır. Şeir yazandan sonra daha rahat nəfəs alıram. Könlüm sakitləşir.


-- Daha çox hansı zamanlarda şeir yazmağa ehtiyac duyursunuz? 

-- Kədərli vaxtlarımda  şeir yazmasam, ruhən, qəlbən yüngüllləşmərəm, rahatlıq tapmaram.


-- Bir şair kimi yuxuda şeirlər yazdığınız zamanlar olubmu?

-- Ən gözəl şeirlərimi yuxuda yazıram. Amma oyanandan. sonra heç birini xatırlamıram. Sadəcə ürəyimdə xoş giziltisi qalır. Həm də unutduğuma görə o qədər peşman oluram ki....


-- Hansı daha çətindir pedaqoq kimi, yoxsa şair kimi yaşamaq?

-- Müəllim kimi yaşamaq daha çətindir. Məsuliyyəti böyükdür. Ürəyə gəldikdə isə şairin  ürəyi  həmişə sözlə yüklü olur.  Bax bu da çətindir.


-- Ədəbiyyata gəlişiniz hansı səbəblərə söykənir?

-- Mən uşaqlıqdan Mirzə Ələkbər Sabirin  satirik şeirlərini  çox sevirdim. Ona bənzəmək üçün satirik  şeirlər yazmağa başlamışdım. Uşaq qəlbimlə nəyi necə alındırdığımı deyə bilmərəm. Amma bir dəfə öz rəfiqəmə yazdığım şeiri göstərib:- "sən bilən kimin şeiridir"? -deyə. soruşmuşdum. O,  isə  heç düşünmədən  Sabirindir deyəndə gülmüşdüm də... Amma satira ilə bərabər həmişə. qəlbimdə kədər olurdu. Həssas idim deyə hər xırda şey mənə əzab verirdi. Özümdən asılı olmayaraq dünyaya aid qəmli şeirlər yazmağa başlamışdım. Təxəllüsümü də Küsgün yazırdım - Pərvanə Küsgün. Sonradan bu təxəllüsü müsahibəmin əvvəlində qeyd etdiyim səbəbə görə dəyişdim. Bir dəfə anam Molla Cümənin şeirlər kitablnı  alıb gətirmişdi. Oxumağa başladım. Şairin şeirlərində oxuduqca,  özümü görürdüm. Bir də gördüm ki bütün şeirləri ruhuma həkk olub. Təsirlənərək Molla Cümənin şeirlərinə nəzirələr yazmağa başladım. Hətta, şairə ünvanladığım "Dünyadan küsnüsən, ay Molla Cümə" adlı şeirim də var. 

Yazdığım bütün şeirlər  Molla Cümə ruhundadır. Şairlə eyni dövrdə yaşasaydım,  indi   gözəl duet şeirlərimiz olardı.


-- Gizlətdiyiniz hisslərinizi açıq bəyan edən şeirlərinizi gizlədirsiniz, yoxsa aşkar olaraq yayımlayırsınız?

-- Elə bir gizli sirrim yoxdu. Ruhumu incidən, həssas qəlbimə toxuna bilən hər şeyi qələmə alıram. Amma sonra paylaşmıram. Çünki heç kimin qəlbini qırmaq istəmirəm. Könül sındırmaq mənim üçün yad bir şeydi. Sonra əzab çəkirəm.


-- Daha çox müəllim kimi, yoxsa şair kimi həssaslığınız üzə çıxır? 

-- Müəllim kimi məsuliyyətliyəm. Dərs dediyim şagirdlərimə həssas qəlblə yanaşıram. Onlar narahat olarsa, mən də rahatlıq tapmıram. Amma, şair kimi  hər xırdalıq  ürəyimi daha çox titrədir. Ümumiyyətlə, mən elə sanıram ki, mənim həssaslığım  adi insanların həssaslığından daha  çoxdur. Belə olmasını istəməzdim. Özümlə  bacarmıram ki, mən də bir az laqeyd olum. Çünki bu cür yaşamaq ömrü qısaldır bilirəm.


-- Sözdən qaçdığınız, yoxsa sözə qaçdığınız vaxtlar olurmu?

-- Qəlbimdəkiləri sözlərə çevirib, ipə-sapa düzməyə həmişə zaman axtarmışam


-- Müəllim kimi, yoxsa şair kimi haqqı bəyan etmək daha asandır?

-- Bu sual bir az çətin oldu. Çünki müəllim də, şair də həmişə haqqın tərəfdarıdır. Bir fərq var ki, müəllim kimi dediyini şagirdlərin anlayır, eşidir. Şairin şeirlərini  isə bu zamanda oxuyan  gənc nəsil çox azdı.

Dəyərli Atlaz xanım. Bu gözəl layihədə məni də işıqlandırdığınız üçün sizə öz dərin təşəkkürümü bildirirəm. Verdiyiniz suallar ürəyimcə oldu. Məni keçmişə qaytardı, düşündürdü. Suallarınıza tam səmimi cavab verdim. Sizə uğurlar arzulayıram.


Atlaz Rzayi



Tarix: Bu gün, 06:07 Oxunub: 83


Bölməyə aid digər xəbərlər