HACI LOĞMAN QORQUD – SÖZÜN FƏLSƏFƏSİ, DÜŞÜNCƏNİN DƏRİNLİYİ VƏ MİLLİ YADDAŞIN SƏSİ

 Azərbaycan ədəbiyyatında hər bir qələm sahibinin özünəməxsus yaradıcılıq yolu, dünyagörüşü və sözə münasibəti vardır. Bəzi şairlər hisslərini, bəziləri ictimai düşüncələrini, digərləri isə həyatın fəlsəfi mahiyyətini poetik dillə ifadə etməyə üstünlük verirlər. 

    Hacı Loğman Qorqudun yaradıcılığında məhz sonuncu istiqamət – insan, kainat, ruh, Tanrı, tarix və milli yaddaş haqqında düşüncələr xüsusi yer tutur.

Göyçə mahalının Babacan kəndində dünyaya göz açmış Hacı Loğman Məhəmməd oğlu yaradıcılığında doğulduğu torpağın saz-söz ənənələrini, qədim türk düşüncəsini və Azərbaycan ədəbi irsini əsas mənəvi dayaqlardan biri kimi qəbul edir. O, şair, filosof və tədqiqatçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl Qələm» mükafatı laureatıdır. 

     Hacı Loğman Qorqudun yaradıcılığının əsas  fəlsəfi qayəsi və fərqləndirici cəhətlərindən biri hadisələrə yalnız zahiri görünüşü ilə deyil, onların daxili mahiyyəti ilə yanaşmaq istəyidir.

    Onun yaradıcılıq dünyasında insan sadəcə bioloji varlıq deyil. İnsan ruhu, düşüncəsi, vicdanı, imanı və mənəvi məsuliyyəti ilə bütöv bir aləm kimi təqdim olunur.

    Şairin fəlsəfi düşüncələrində həyatın mənası, insanın dünyaya gəlişi, zamanın keçiciliyi, ölüm və əbədiyyət məsələləri mühüm yer tutur. Bu mövzular onun poeziyasına düşündürücü məzmun verir.

    Müəllifin özünün də bildirdiyi kimi, yaradıcılığında ən çox fəlsəfəyə və həyat hikmətinə meyil göstərir. Bu xüsusiyyət onun həm şeirlərində, həm də ədəbi-tədqiqat əsərlərində müşahidə olunur. 

   Hacı Loğman Qorqudun «Gəldim» adlı vücudnaməsi onun poetik-fəlsəfi düşüncəsini öyrənmək baxımından maraqlı əsərlərdən biridir.

Vücudnamə Azərbaycan aşıq poeziyasında insanın dünyaya gəlişini, yaş mərhələlərini, həyat təcrübəsini və qocalığını əks etdirən ənənəvi janrdır. Müəllif bu janrın imkanlarından istifadə edərək insan ömrünü dini-irfani və fəlsəfi müstəvidə təqdim edir.

    Onun yaradıcılığına veriləcək ən obyektiv qiymət isə əsərlərinin geniş oxucu və elmi ictimaiyyət tərəfindən öyrənilməsi, müzakirə olunması və tənqidi təhlilindən keçməlidir.

   Sözün dəyəri onun yaratdığı düşüncədə, sənətkarın böyüklüyü isə oxucusunu düşündürmək qüdrətindədir. Hacı Loğman Qorqudun yaradıcılığını araşdırarkən diqqətimizi çəkən əsas məqam da məhz bu düşüncə axtarışıdır.

Hacı Loğmanın bir neçə əsərini təqdim edirik:


       VAR, LƏLƏ
Hər başın tutumu, hər ağlın gücü,
Hər bir işin yolu, fəndi var, lələ.
Hər üzün boyası, qaşın sürməsi,
Hər biləyin bazubəndi var, lələ.


Məzhəb ki var, dinimizin ləkəsi,
Söz bir deyil iki islam ölkəsi.
Nə olsun ki, Mədinəsi, Məkkəsi,
Bakı, Təbriz Səmərqəndi var, lələ.


Cəhalətdən ayılmadıq hələ biz,
İşdən qara, üzdə gülür rəngimiz,
Alət olan əllərində dinimiz,
Neçə-neçə Şeyx, Əfəndim var, lələ.


Dünya canlı bir şüurdu, bir bədən, 
Dərk etmirik bu hikməti biz nədən? 
Bu Şerimin çox mətləblər gizlədən,
Yazılmamış neçə bəndi var, lələ.


Sən Loğmanı düşünsən də piyada,
Aşkarını gedəmməzsən röyada,
Quran əcəb nizam qurub dünyada,
Kor atın da kor nalbəbdi var, lələ.


Torpaqdan yaranıb, torpağa gedir

Yarı yoldan keçib ömür karvanı, 
Fikrim gah arana, gah dağa gedir.
Hardadı, necədi bu yolun sonu?
Naməlum ünvana sorağa gedir.


Daim yarışdadır xeyir ilə şər, 
Gah xeyrə calanar, gah şərə düşər, 
Haraya tələsir, anlamır bəşər, 
San ki, pərvanədir, çırağa gedir.


Düşünmə asandı həyatın dərsi, 
Qəfil uğuruna çıxarır tərsi,
Tükənməyib hələ qurmaq həvəsi, 
Görüb götürməyə marağa gedir.


Günbəgündən artır ömrün məlalı, 
Yaşamaq istəyir onu mənalı.
Şair düşüncəsi, şair xəyalı, 
Qələmdən süzülüb, varağa gedir.


Heyf, nə tez soldu açan gülləri?!
Hanı sevgilimin bəyaz əlləri?
Hara yoxa çıxdı qara telləri?
Darandıqca rəngi darağa gedir.


Hələ də məchullu qalan kəsirəm, 
Onu həll etməyə əsir-yesirəm.
Kimi gözləyirəm, nə gözləyirəm?
Gözlərim yol çəkir, uzağa gedir.


Nə ağıla söykən, nə vara, Loğman, 
Gecikmə, başına qıl çara, Loğman.
Bir ovuc torpaqdı biçara Loğman, 
Torpaqdan yaranıb, torpağa gedir.


Nə qədər yalanlar uydurduq, Allah ..

Öz nəfsimiz üçün sənin adına,
Nə qədər yalanlar uydurduq, Allah..
Neçə Nəsiminin haqq dediyiçün,
Sağ sağ dərisini soydurduq, Allah.


Hanı yer üzünün adil şahları?
Axıdır qanları, duymur ahları,
Bazara döndərdik qibləgahları,
Çuval qarnımızı doydurduq, Allah.


Verilmir cavablar, tapılmır yozum,
Qurbanına döndük oyunumuzun
Səltənət uğrunda öz oğlumuzun,
Bir cüt gözlərini oydurduq, Allah.


Çoxaldı məscidi minarələrin,
Yoxsulun dadına yetmir əllərin,
Verilmir cavabı bəd əməllərin,
Mehdi düzəldəcək, buyurduq, Allah ..


Vaxta tarazlandı iman da, din də,
Tarazlıq qalmadı imanda, dində,
İnsandan çox imiş seytanda, cində,
İnsanlığı yelə sovurduq, Allah.


Məzlum haqqı kəsdik, qul haqqı yedik,
Tövbələr etsək də, haqqa dönmədik, 
Haqqını deyənə kafirsən dedik, 
Öz doğma evindən qovdurduq, Allah.


İmsaka yetişdi   vaxt Loğman üçün,
Dua et yad üçün, həm doğman üçün, 
Qarın doyurmağa bir loxma üçün, 
Məzlumu sac üstdə qovurduq , Allah ..


Əlbəttə, son söz oxucularımızındır. Biz  isə ATİA.AZ saytı olaraq  Hacı Loğman Qorquda can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.





Tarix: Bu gün, 09:13 Oxunub: 82


Bölməyə aid digər xəbərlər