Asim İsa Çələbi oğlu Qaziyev (Asim Sevdalı) 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. 1950-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Pedaqoji Universitetinin) dil-ədəbiyyat fakültəsini bitirib.
14 yaşından şeir yazmağa başlayıb. "Mənim yurdum" adlı şeiri "Ədəbiyyat" qəzetində dərc olunub. Tələbəlik illərində gənc şair institutun ədəbiyyat dərnəyinə rəhbərlik edib. Azərbaycan Yazıçılar Birliyinin Kirovabad (Gəncə) filialının üzvü olub.
Asim Qazıyev məktəb direktoru, pedaqoq, şair, el ağsaqqalı kimi tanınıb. Şərəfli ömür yaşayan şair 1999-cu il fevralın 19-da vəfat edib. Gəncə şəhər Səbzikar qəbiristanlığında dəfn olunub.
1996-cı ildə Asim Qazıyevin "Qələmin qüdrəti yaz deyir mənə" adlı birinci, 2016-cı ildə şairin 90 illik yubileyi münasibətilə "Xeyli sözüm var" adlı ikinci şeirlər kitabı nəşr olunub.
DÜNYA
Kiminə bal verir, kiminə zəhər,
Qəlbə görə versin qisməti dünya.
Dosta sevinc verir, düşmənə qəhər,
Ədalətlə qoyur qiyməti, dünya.
Biri unudulur, düşməyir yada,
Biri şərəf-şöhrət gətirir ada.
Yaxşılar ömrünü verməyir bada,
Hörmətlə qarşılar hörməti, dünya.
Cavanlıq əlvida deməyir, balam,
Qocalıq gələndə verməyir salam.
Gərək qan-tər tökəm, mən özüm alam,
Zəhmətə bəxş edir sərvəti, dünya.
Məhəbbətim nurlu, təravətlidir,
Ürəyim mehriban, sədaqətlidir.
Torpağım nemətli, səxavətlidir,
Bizə heç qoymayır minnəti, dünya.
Günəş əsirgəmir öz işığını,
Könüllərə salır söz işığını.
İtirməz qüdrətli göz işığını,
İnsana pay verib qüdrəti, dünya.
ANAMDAN QALIB
Bir sandıq, bir sabun, bir əl dəsmalı,
Bir boxça, əl bəndi... anamdan qalıb.
O verib ürəyi, gözü, kamalı,
Dilimin də qəndi anamdan qalıb.
Ülfətində məna, əlində şəfqət,
Əziz, sevimlidir, qoynu bir cənnət.
Xilqətində saflıq, işində ibrət,
İnsanlığın fəndi anamdan qalıb.
İsti qucağında şirin yatmışam,
Bəslənmişəm, boya-başa çatmışam.
Bir dilbərə qəlbdən kəmənd atmışam,
Sədaqət kəməndi anamdan qalıb.
Qayğısı çox olub, zəhməti qat-qat,
O bəxş edib ət-qan, səfalı həyat.
Həyat meydanında sürərəm mən at,
Bu ömür səməndi anamdan qalıb.
OLMAZ
Öz elimlə ucalmışam,
Elsiz gücüm, səsim olmaz.
Atalardan dərs almışam,
Mən bir cürəm, əksim olmaz.
Gözəl vətən, odum sənsən,
Zövqüm, səfam, dadım sənsən.
Can-ciyərim, adım sənsən,
Sənsiz bircə kəsim olmaz.
Gülüstansan, hey gül dərsəm,
Qucağında xoş gün görsəm,
Yüz il sənlə ömür sürsəm,
İnan, yenə bəsim olmaz.
Oyaq qallam ürək kimi,
Gərək ollam çörək kimi,
O cilovsuz külək kimi,
Hər tərəfə əsim, olmaz!
Görmə desəm gözümə mən,
Boya vursam sözümə mən,
Yad olaram özümə mən,
Onda məndən Asim olmaz!
AZƏRBAYCAN BALASIYAM
Könlüm sözlü, istəyim çox, qoşa gözüm bol nurludur,
Keçən günüm ibrət dolu, istiqbalım uğurludur,
Bu baharlı, odlu torpaq gözəl qızlı-oğulludur,
Mən Babəkin qılıncıyam, Koroğlunun qalasıyam,
Azərbaycan balasıyam!
Dumanlardan, tufanlardan qoruyuram insanları,
Yaşadıram yaxşıları, danlayıram yamanları,
Gözləyirəm, qabaqdadır gənc ömrümün xoş anları,
Bu dünyadan kam götürüb, min bir ləzzət alasıyam,
Azərbaycan balasıyam!
Söz söyləyən şirin diləm, nəğmə deyən incə siməm,
Məhəbbətlə, həqiqətlə dolub mənim geniş sinəm.
Mən hünərəm, mən zəfərəm, mən insanam, mən Asiməm,
Səadətin şən sazını ömrüm boyu çalasıyam,
Azərbaycan balasıyam!
KİMƏ QALDI
Kim əsər yazdısa nişanə qoydu,
Şöhrət kimə qaldı, şan kimə qaldı?
Çiçək də, arı da təmiz iş gördü,
Balı kimlər yedi, şan kimə qaldı?
Cahanın sualı, sorağı çoxdur,
Şadlıq da, kədər də verən bir oxdur.
Sirləri açası bir kitab yoxdur.
Canan kimə qaldı, can kimə qaldı?
İnsansan, özünü öymək nə gərək,
Qəlbin var, bir qəlbə dəymək nə gərək.
Boş yerinə döşünə döymək nə gərək.
De, ad kimə qaldı, san kimə qaldı?
Əvvəldən axıra haqq-hesab hanı,
Kimin ömrü çatar bilə dünyanı.
Ayırmaq olarmı ürəklə qanı,
Ürək kimə qaldı, qan kimə qaldı?
Dünyada ovçu var, ov var, tələ var,
Düşündürən, sirli işlər hələ var.
Həlli müşkül olan bir məsələ var:
Ortada kim idi, yan kimə qaldı?
GÖZƏLDİR
Ey sözün sərrafı, dinlə qəlbimi,
Ariflə edilən söhbət gözəldir.
Zərə zərgər verər əsil qiyməti,
Ürəkdən sevilən sənət gözəldir.
Kəkliyin yuvası dağda-daşdadır,
İnsanın dəyəri dolu başdadır.
Hər kim dostu ilə eyni yaşdadır,
Arada səmimi ülfət gözəldir.
Gözəllik taxt isə, tacı ismətdir,
Könüllərin şahı saf məhəbbətdir,
Hünərlə ömr etmək uca niyyətdir,
Həyatın verdiyi qismət gözəldir.
Qonmuşam tərlanlar yuvasına mən,
Uymaram cahillər xülyasına mən,
Dalmışam arzular röyasına mən,
Ümiddən alınan qüvvət gözəldir.
Özbaşına deyil suyun axması,
Xoşdur, mənalıdır şimşək çaxması,
İxtiyar babanın gözlə baxması,
Cavanın çəkdiyi zəhmət gözəldir.
Çəkin, sözün yersiz məsarifindən.
Bərk yapış cahanın maarifindən.
Nadan kimsələrin boş tərifindən,
Aqilin etdiyi töhmət gözəldir.
Həqiqət tez kəsər, sözün doğrusu,
Həyatda uduzar vicdan oğrusu.
Ürəyi yanana verilən saf su,
Uşağa verilən şərbət gözəldir.
Gərək möhkəm olsun evin dirəyi,
Aslanın döyüşdə sınmaz biləyi
Mərdanə döyünən insan ürəyi,
Yaxşılıq adlanan adət gözəldir.
Dünyanın yaşını elm deyə bilər,
El düzəldən işi kim əyə bilər?!
Həvəsi olmayan nə yeyə bilər?
Ona nə yumurta, nə ət gözəldir.
İnsan var geyinər fəxri libası,
Daşdır, buzdur qəlbi, boşdur qafası,
İnsana zinətdir ağlı, dühası,
Zəhmətlə yaranan şöhrət gözəldir.
Gözəllik eşqinə uymayan olmaz,
Gözəldən səxavət ummayan olmaz,
Hüsnün qüdrətini duymayan olmaz,
Düzü, gözəllərdə ismət gözəldir.
YAVAŞ-YAVAŞ
Elə ki yetişdin altmış yaşına,
Özün-öz yolunu seç yavaş-yavaş.
Gözəlləri görsən bulaq başında,
Dinməzcə böyründən keç yavaş-yavaş.
Daha kimsə sənlə olmaz aşina,
Dilinə güc vermə, bir bax yaşına.
Kişi, yüyürməsən mənzil başına,
Çata bilərsənmi heç yavaş-yavaş?
Dəyişib əhvalın, ayrı hava çal,
Nə sevgidən danış, nə yardan söz sal,
Altına döşək qoy, əlinə çay al,
Qızdırsın canını peç yavaş-yavaş.
Sözünə qız-gəlin heç məhəl qoymaz,
Qolda qüvvət kəmdir, dizdə taqət az.
Cahanın malından gözlərin doymaz,
Nə əkmisən, onu biç yavaş-yavaş.
Könül arzuludur, ürək həvəsdə,
Kəsilir ümid də, pay da, nəfəs də.
Uçdun gülüstandan, qaldın qəfəsdə,
Alırsan qiyməti “üç” yavaş-yavaş.
MƏNƏ BELƏ DEYİR
Mənə belə deyir hissim, düşüncəm;
Ya yaşama, ya da yaşa hörmətlə.
Öz gücünü, öz ağlını elə cəm,
Çörək yemə, su içmə sən minnətlə.
Yamanlığın arxasınca daş at sən,
El yolunda ver canını, baş at sən.
Öz əslini, öz nəslini yaşat sən,
Baban kimi, Atan kimi şöhrətlə.
Sən qulaq as saf vicdana, ürəyə,
Ələ əl ver, kürək söykə kürəyə.
Vəfalı ol məhəbbətə, çörəyə,
Öz süfrəni bəzə halal nemətlə.
Suallıdır, sorğuludur bu dövran,
Əvvəldə də axırda da var insan.
Alov saçsın, qoy yandırsın hər zaman,
Rəğbətin də, nifrətin də şiddətlə.
Köməyimdir öz əməyim, öz əlim,
İstəmişəm hər an üzü ağ gəlim.
Bir az şair, bir az oldum müəllim,
Ömrüm boyu yaşamışam sənətlə.
YAŞADIM
Mən yaxşını, yamanı,
Seçə-seçə yaşadIm.
Xoş ümidi, gümanı,
İçə-içə yaşadım.
Məhəbbətin yolunu,
Sədaqətin yolunu,
Həqiqətin yolunu,
Keçə-keçə yaşadım.
Dost seçmişəm hər yerdən,
Nur almıişam səhərdən.
Nişan qoyub şeirdən
Heca-heca yaşadım.
VALLAH
Tutduğun işləri yaxşı ölçüb-biç,
Bu ulu torpaqdan ayıbdır, Vallah!
Nə Allah bilirsən, nə də ki, bəndə,
Kişilər Allahı sayıbdır, Vallah!
Yarımçıq bir kəsə sən nə deyəsən,
Gərək paltarı da halal geyəsən,
Nə lazım dünyada qəlbə dəyəsən,
İncə qəlb həmişə mayıfdır, Vallah!
Meyvəni vaxtında tez üzməyəndə,
Həqiqət eşqinə söz düzməyəndə,
Torpağın üstündə düz gəzməyəndə
Torpağın altı da hayıfdır, Vallah!
DEMƏMİŞƏM
Yaşamışam düzlüklə mən,
Ağa qara deməmişəm.
Əlac uman hər kəsə sən
Özün ara deməmişəm.
Ocaq yanmaz yoxsa kösöv,
Bıçaq kəsməz, yoxsa bülöv.
Mən bütövü gördüm bütöv,
Ona para deməmişəm.
Az olana”çox” sözünü,
Şirin dilə “ox” sözünü,
Əl açana “yox” sözünü,
Düşüb dara, deməmişəm.
Söyləmişəm mən dostlara:
Qiymət verin hər an ara,
Qoy düzəlsin daim ara,
Dəysin ara, deməmişəm!
Aygün Sadiq
Bölməyə aid digər xəbərlər
















