11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"UŞAQLIQDAN ƏN BÖYÜK ARZUM BÖYÜK SALONLARDA ÇIXIŞ ETMƏK OLUB, İNDİ İSƏ XEYRİYYƏÇİLİK ETMƏK İSTƏRƏM" - NATƏVAN DƏMİRÇİOĞLU

"UŞAQLIQDAN ƏN BÖYÜK ARZUM BÖYÜK SALONLARDA ÇIXIŞ ETMƏK OLUB, İNDİ İSƏ XEYRİYYƏÇİLİK  ETMƏK İSTƏRƏM"  - bu sözləri  yazıçıpublisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun redaktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert,  2010-cu ildə  “İlin qadın yazıçısı” adını qazanmış, Prezident təqaüdçüsü, bacardığı qədər hamının çətinliklərinə kömək edən, nikbin ruhlu, özü indiyə qədər ailəsi ilə birlikdə birotaqlı evdə yaşayan, ürəyində Vətən və ailə sevgisi qaynayıb daşan Natəvan Dəmirçioğlu ATİA.AZ saytına müsahibəsində deyib. 
Pedaqoq, yazıcı, publisist, media üzrə ekspert, Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan şöbəsinin müdiri, elmi-pedaqoji fəaliyyət, ən əsası həyat yoldaşı, Ana, nənə... -  Bunların hamısını bir arada, heç birini yarım etmədən yaşamaq,  çiyinləri üzərində daşıya bilmək üçün qadında böyük hünər olmalıdır. Bu missiyanın öhdəsindən gələn Qazax elinin dəyərli xanımlarından biri Natavan Dəmirçioğludur.  Natavan xanım istər yaradıcılıqda, istər iş həyatında, istərsə də ailə həyatında olduqca məsuliyyətli və başarıqlı bir xanımdır.  Onun cöhrəsində bütöv bir Azərbaycan qadını formalaşıb. O Türk qadınına xas olan bütün xüsusiyyətləri cəmləşdirə bilib. 
    Natavan Dəmirçioğlu Azərbaycan elmində, təhsilində, ədəbiyyatında mühüm rol oynayan qadınlarımızdandır.

Natəvan Dəmirçioğlu (Mansurova - Atamoğlanova Natəvan Dəmirçi qızı) 01 noyabr, 1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. 1984 - 89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
   Hələ tələbəlik illərindən Respublika mətbuatında və Dövlət Radiosunda yaradıcılıq təcrübəsi keçib. İmzası tanınmağa başlayıb. II kursda oxuyanda "Zaqafqaziya gənclərinin elmi konfransı"nda elmi məqalə ilə çıxış edib və gürcü, erməni, ləzgi tələbələrini geridə qoyaraq əsas mükafta layiq görülüb. Hətta bu illərdə “Müxbir” jurnalında nümunəvi tələbə və istedadlı gənc yazar kimi onun haqqında oçerk dərc olunub. 
    Universiteti bitirdikdən sonra -1998-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, 1995- ci ildən hal-hazıra qədər isə Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan şöbəsinin müdiri vəzifəsində çalışır. Göründüyü kimi bu media qurumunda Natəvan xanım pillələri bir-bir, halal şəkildə qalxmışdır. Deyə bilmərik ki, hazırkı durumu xanım yazarın elmi- bədii, publisistik imkanlarına uyğundur. Yəqin ki, onu karyera pillələrinin daha ucalıqarı çoxdan gözləyir.
     Natəvan xanım bədii yaradıcılığa erkən yaşlarından- hələ orta məktəbdə oxuyarkən başlayıb. Təsadüfi deyil ki, yurda, torpağa, Vətənə bağlı gənc xanımın ilk dərc olunan hekayəsi “Bir ovuc torpaq” adlanır. Hekayə 1983-cü ildə Qazax rayonunun “Qalibiyyət bayrağı”  qəzetində nəşr olunub. Bunun ardınca bir pyes və “Avey əfsanəsi”, “Dözüm” hekayələrini yazıb. Sonra onun imzasının ciddi ədəbiyyat faktı kimi qəbul olunmasına səbəb olan “Üç nöqtə” və “Səbət” povestləri  “Azərbaycan” jurnalında dərc edilib. Bu qələm məhsulları gənc yazıçıya uğur gətirib. O, 1999-cu ildə  Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülüb. Bunun ardınca “Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını püxtələşmiş yazıçı olaraq ədəbi ictimayyətə tanıdıb. Müəllif 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun ”Qılınc və Qələm” mükafatına layiq görülüb. Bunların ardınca Natəvan Dəmirçioğlu həcmcə kiçik olsa da ibrətamiz məna yükü daşıyan “Kəlağayı” hekayəsini yazdı. Bu Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərimizin göstəricilərindən  biri olan kəlağayı haqqında yazılmış ilk nəsr əsəri adlandırılır.  Müəllifin “Birinci kitab”ı  2006- cı ildə işıq üzü gördü. “Birinci kitab”ı mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Tezliklə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində yetərincə nüfuzlu olan “Filinta” nəşriyyatında “Kniqa pervaya” adı ilə dərc edildi.  Bunun ardınca xanım yazar 2010-cu ildə “İlin qadın yazıçısı” elan edildi. 2010-cu il müəllifə daha bir uğur gətirdi. O Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görüldü. Natəvan xanımın əsərlərini ədəbiyyatşünaslar müasir, dünyəvi  milli, spesifik nəsr hesab edirlər. Onun yaradıcılığı bədii tutumuna, etnoqrafik keyfiyyətinə, dil təmizliyinə, eyni zamanda  obrazlarla zəngin olmağına, orjinal üslubuna  və sair cəhətlərinə görə  filoloji fikrimizin daim diqqətini çəkir. Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis, fars, rus, dillərinə tərcümə olunub, Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Onun Bakıda, Moskvada, İstanbulda kitabları çap edilib, Amerikada, Tehranda, Ankarada əsərləri nəşr olunub. “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında nəşr olunub.
    Xanım yazar Natəvan Dəmirçioğlu hazırda “Açar” romanı üzərində işləyir. 
    İxtisasca jurnalist olan Natəvan xanımın  Respublika radiosunda fəaliyyəti:
    - “Qayğı” bədii-publisistik proqramın, “Şəbəkə”, İncəsənət salonu” verlişlərinin fəal yazarı;
    -“Müqəddəslik və müqəddəslərimiz”, “Qalmaz belə dünya” müəllif verlişlərinin yaradıcısı;
     -“Ovqat” verlişinin ilk yazarlarından biri; 
     -populyar “Bulaq” verlişinin ilk qadın müəllifi;

    Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təbliğində, ictimai şüurun yetkinləşməsində verlişləri vasitəsilə yaxından iştirak edib. Dəfələrlə cəbhə bölgəsindən, birbaşa səngərdən verlişlər hazırlayıb. “O burada döğrudan-doğruya bir məktəb yaradıb” - akademik Nizami Cəfərov Natəvan xanım haqqında bu sözləri söyləyib.
     Natəvan Dəmirçioğlu ixtisaslı, professional radiojurnalist kimi Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir. Son dərəcə ciddi, məsuliyyətli, yaradıcılıq qabiliyyəti və vətandaş yanğısı tələb edən bu fəaliyyət sahəsinə ömrünün 24 ilini verib. Bu illər ərzində Cüney Azərbaycandakı soydaşlarımızın Vətənlə mənəvi əlaqəsinə, onların öz tarixi soyköklərinə bağlılığına, mədəniyyətləri ilə tanışlığına, folklorları, milli musiqiləri ilə ünsiyyətlərinə çalışıb, onlara mənəvi dayaq olub. Cüneyə verilən verlişlərilə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diasporunun təşkilatlanmasında, Vətənimizin haqları uğrunda mübarizəsində, Azərbaycanın və azərbaycanlıların dünyada tanıdılmasında yaxından iştirak edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli ideologiyamız olan azərbaycançılıq ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə aşılamaq yolunda yorulmadan, davamlı olaraq çalışıb. 
    “Azərbaycan Beynəlxalq Radiosunun  Cənubi Azərbaycan redaksiyası Natəvan xanımın simasında istedadlı bir mütaxəssisə malikdir” - bu fikirləri əslən Güneyli olan, filologiya elmləri doktoru Sabir Əmirov səsləndirib.
 Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında verlişləri;
    -“El folklor toplusu”;
    -“Qayıdıram Araz boyu”;
    - “ Örnək”;
    - “Yurd arası çəpər olmaz”
    -“Səhər” proqramı

    - “Üç nöqtə” və “Səbət” povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunub saxlanılır.
   Natəvan Dəmirçioğlu “Xalq” qəzetinin sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış edib. Dövrü mətbuatda, sayt və elektron qəzetlərdə vaxtaşırı yazıları, verdiyi müsahibələr dərc edilib.
     Bütün bunlarla yanaşı o, elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiyanı uğurla müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi məqalələri Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxstanda, Uralda nüfuzlu elmi nəşrlərdə işıq üzü görüb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimidir. DİM-in jurnalist ixtisası üzrə ekspertidir.
  Hal-hazırda üzərində işlədiyi "AÇAR" romanı əsasən psixoloji janrda olmaqla əsərdə "Qarabağ problemi" geniş yer alıb. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı böyük ZƏFƏR  sanki Natəvan xanımın illərlə axtardığı həmin "AÇAR"  oldu.

Ailəlidir, iki övladı, üç nəvəsi var.
 Biz də ATİA.AZ saytının yaradıcı kollektivi adından Natəvan Dəmirçioğlunu qarşıdan gələn doğum günü münasibəti ilə təbrik edir, uzun, sağlam ömür, yeni-yeni yaradıcılıq nəaliyyətləri arzu edirik.


AYDIN ADIGÖZƏLLİ
ATİA.AZ saytının baş redaktoru


Tarix: 30-10-2021, 07:33 Oxunub: 2 240


Bölməyə aid digər xəbərlər
26-06-2021, 23:10 NIZAMSIZ QALAN DÜNYA...
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı