Mart ayının 21-də səhər saat on iradələrində ona zəng elədim. Doğum gününü təbrik eləmək üçün. Cavab vermədi. Dedim, yəqin ki, hələ yatır. Bir saatdan sona yenidən zəng elədim. Yenə cavab vermədi. Doğrusu çox narahat oldum. Ağlıma min cür fikir gəldi. Buna da əsas var idi, bir neçə gün idi ki, sosial şəbəkədə görünmürdü. Öz- özümə: -Sosial şəbəkədə yox, zənglərimə də cavab vermir. Demək nəsə olub. Bağdan şəhərə gəldim. Mənzilə daxil olan kimi bilgisayarı qarşıma qoydum. Açıb adətim üzürə birinci “Ədalət” qəzetinin elektron versiyasına baxdım. Ölkədə və dünyada baş verən yeni xəbərləri burdan öyrənirdim. Xəbərlərin başlıqlarına sıralama baxanda diqqətimi belə bir başlıq,“Yazıçı vəfat edib” cəlb elədi. Dalağım sançdı. Yazını geniş şəkildə açıb baxdım. O, idi, uzun illər özümə böyük qardaş, sirdaş bildiyim, sadə, qayğıkeş, mehirban, sifətindən nur yağan Azər Abdulla. Yazının altında şəkli də verilmişdi. Sarsıldım, üzüldüm. İçimdən bir təəssüf nidası qopdu. Üzümü şəkilinə tutub bütün dünyasını dəyişənlərə deyilən bir sözü dedim: Əziz dostum, Azər bəy, Allah sənə qəni- qəni rəhmət eləsin, qəbrin nurla dolsun. Yurdun, soyun yaşasın. Doğmalarının, yaxınlarının başı sağ olsun.
Azər Abdulla gözəl, ünsüyətçil, ləyaqətli, savadlı, qürurlu, dostcanlı, məğrur insan idi. Azərbaycan oxucusu onu istedalı şair, yazıçı, publisist və bacarıqlı naşir kimi tanıyırdı. Azər bəy başqa bir sahənin də adamı idi. Bunu doğmalarından və yaxın çevrəsindən başqa kimsə bilmirdi. Bilməzdi də. Ona görə ki, o, özünü öyən, özündən danışan, qabağa durub özünü gözə soxan deyildi. Şair, yazıçı, publisist, naşir olan Azər bəy həm də rəssam idi. Amma rəssamlığa çox- çox sonralar, yaşının müdriklik dönəmində başlamışdı. Ömrünün gənclik illərində bu sahəylə məşğul olsaydı, indi bəlkə də Respublikanın xalq rəssamı idi. Mən bunu mübaliğəsiz, tərifdən uzaq olaraq , əminliklə deyirəm ki, onun əsərlərinin: sulu boya ilə çəkdiyi saysız portretlərin, mənzərələrin tamaşaçısı olmuşam. Çox təəssüf ki, Azər bəy rəssamlığını geniş aiditoriyaya çıxara bilmədi. Bunun bir səbəbi imkansızlıq idisə, o biri də sadəlik idi. Atalarımızın gözəl bir sözü var: “Sadəlik insanlıqdır”. Hər zaman atalarımızın dediyini rəhbər tutan Azər bəy çox sadə insan idi, gözü- könlü tox insan idi. Nəyə görəsə, kiməsə ağız açmaq, ondan kömək ummaq onun lüğətində yox idi.
Böyük şəxsiyyət Heydər Əliyev Moskvadakı işindən istefa verib Azərbaycana, daha dəqiq desək Naxçıvana gəlir. Qəzetlərdə, TV kanallarında bəzi- bəzi adamların diktəsi ilə H.Əliyev haqqında məqsədli olaraq qarayaxmalar başlayır. Əlinə qələm alan hər bir dırnaq arası “vətənpərvər” bu kampaniyanın iştirakçısı olur. H.Əliyev haqqında kimsə cəsarət edib müsbət yazı yaza bilmir. Ara-sıra yazanların da yazılarını heç bir mətbu orqan dərc etmir. Amma bu qadağalara baxmayaraq Azər bəy Heydər Əliyevdən müsahibə götürmək üçün Naxçıvana gedir. Heydər Əliyevlə görüşür. Və ondan geniş müsahibə götürür. Heydər Əliyev ondan soruşur:- Azər bəy, müsahibəni qəzetdə yayımlaya biləcəksən? Azər bəy cavab verir ki, bəli.
Azər bəy dediyi kimi də edir. Müsahibə qəzetdə dərc olunur. Aradan müəyyən vaxt keçəndən sonra Heydər Əliyev Bakıya gəlir və yenidən ölkəyə rəhbərlik etməyə başlayır. Mötəbər tədbirlərin birində Heydər Əliyev Azər bəyi görür və yanına çağırıb hal-əhval tutur. Nəyə ehtiyacı olduğunu soruşur. Hər zaman gözü, könlü tox olan Azər Abdulla ona təşəkkür edir və hər şeyin qaydasında olduğunu bildirir. Mənim tanıdığım Azər Abdulla bax, belə kişi olub, gözü, könlü, nəfsi tox. İnandırıram sizi ki, onun yerinə kim olsaydı bu diqqətdən möhkəm yararlanardı.
Azər Abdulla Qərbi Azərbaycanın (indiki Ermənistanın) Zəngəzur mahalının Mığırı bölgəsinin Lök kəndində, zəhmətkeş bir kolxozçu aləsində doğulmuşdu. 1967- ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdi. Jurnalistlik fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalında korrektor, “Mədəni ticarət” qəzetində isə ədəbi işçi kimi başlamışdır. Sonralar bir neçə il “Qobustan” toplusunda çalışmışdır.
Dəyərli və diqqətli oxucuların “Oğuz eli ” qəzeti yadında olar. Həmin qəzet sonralar “Yazıçı” əlavəsi kimi Azər bəyin naşirliyi ilə işıq üzü görmüşdü. Dərgi istər klassik, istərsə də çağdaş yazıçılara, şairlərə həsr olunmuş xüsusi nömrələrlə buraxılırdı. Hər sayı da oxucular tərəfindən böyük maraqla qarşılanırdı.
Azər bəy söz adamı idi, sözə dəyər verirdi, onu urvatdan salanlara qarşı amansız idi, onlarla kəskin mübarizə aparırdı. Əsərlərinin dili də, danışığı kimi şirin və yapışıqlı idi.
Onunla olan bir görüşümü heç unutmuram. Bu ilin fevral ayının ortaları idi. Zəng elədi ki, Bakıya gəl, bir çay içək. Bilirdi ki, çox vaxt bağda oluram. Dedim bəy, sabah yox, biri gün hüzurundayam. Qayıtdı ki, eləsə, saat birdə burda ol. Ardınca da əlavə etdi: qara, yağışa baxma. Dost yolunda boran olar, qar olar. Gülüşdük. Danışdığımız kimi birisi gün saat birə 15 dəqiqə qalmış (mən hər zaman çağrılan yerə vaxtından 10- 15 dəqiqə tez gedirəm. Kimisə gözlətməyi sevmirəm) nəşriyyatın yeddinci qatındakı otağının qapısını döydüm. İçəridən: - "Buyur bəy" dedi. O, hər kəsə bəy deyə müraciət edərdi. Bu müraciət formasından çox xoşu gəlirdi. Istəyirdi ona da elə müraciət eləsinlər. İçəri girdim. Adəti üzürə əlində fırça kiminsə (yanılmıramsa bu Azərbaycanın Rembosu, Milli Qəhraman Mübariz İbrahimovun portreti idi) portiretini işləyirdi. Bilirdi ki, gələn mənəm. Fırçanı mizin üstünə qoydu. Türklər (təbii ki, biz də türkük) sayağı görüstük. Yır- yığış edəndə dedim: - Azər müəllim, mənə görə işindən ayrılma. Güldü: - Məhərrəm bəy, xahiş edirəm mənə Azər müəllim yox, Azər bəy de. Dedim:- Baş üstə, bundan sonra Azər bəy deyərəm. Ovqatının xoş olmağından bildim ki, məndən başqa gözlədiyi dostları da var. Soruşdum: - Azər bəy, kimsə gələcək? Doğrusunu deyim ki, bunu bilə- bilə soruşdum. Çünki bunu Azər bəyin qrimindən hiss eləmişdim. - Elədir, yaxşı tanıdığın Əli bəy Həsənli və Xanəmir bəy gələsidi- dedi. Az keçmədi ki, Xanəmir bəy gəldi, amma Əli bəy gecikirdi. Bu da səbəbsiz deyildi, həm uzaqdan gəlirdi, həm də tıxaca düşmüşdü. Metro işləsəydi bəlkə də tez gələrdi. Operetiv Qərargah əhalini avtobusların ümüdünə qoymuşdu. Şəhərdə əməlli başlı sıxlıq yaranmışdı. Camaat əziyyət çəkirdi. Nəhayət Əli bəy də gəldi. Gecikdiyinə görə üzr istədi. Yüz illərdir rusun, erməninin başımıza gətirdikləri müsibətlərdən danışdıq, Müzəffər Azərbaycan Ordusunun şücaətindən, Ali Baş Komandanın qətiyyətindən söz açdıq. Zəfərimizə sevinirdik, qələbəmizin şərəfinə xoş sözlər dedik. Əli bəydən, məndən daha çox Azər bəy və Xanəmir bəy sevinirdilər. Azər bəy Zəngəzur dəhlizinin açılmasına, Xanəmir isə doğma Qubadlının işğaldan azad olunmasına. Hər birimizin qəlbində azad olunmuş torpaqlara getmək istəyi baş qaldırmışdı. Bu hissi hiss edirmiş kimi Xanəmir bəy dedi: - Allah qoysa, yayda üçünüzü də azad olunmuş kəndimizə aparacam. Çox mənzərəli yerdi. Şükür, maşın da var. Bu istəklə, bu arzuyla ta nəşriyyatın qapısı bağlanana kimi dərdləşdik, dedik, güldük. Yadda qalan bir gün keçirdik.
Azər Abdulla ulusunu, millətini sevən, bu yolda ağır sınaqlara sinə gərməyi bacaran bir mübariz türk oğlu idi. Anasını hansı məhəbbətlə sevirdisə, vətənini, dilini də elə bir məhəbbətlə sevirdi. Dili, Vətəni naminə Sovetin qılıncının iti vaxtında məsləkdaşları ilə birlikdə gizli bir təşkilat da yaratmışdılar. Dövlətin hüquq mühafizə orqanları gizli təşkilatdan tez xəbər tutmuş və mübarizləri tutub həbs eləmişdilər. O vaxt Dövlət Təhlükəzizliyi İdarəsini rəhbərlərindən biri olan Heydər Əliyev gəncləri yüngülvari məzəmmət etməklə azadlığa buraxdırmışdı. O, gəncliyində olduğu kimi ahıl vaxtında da mübarizəsindən əl çəkmirdi. Bu mübaizədə nə topu, nə topxanası varıydı. İndi onun mübarizə silahı qələmi və fırçası idi.
Uzun illər qardaşlıq, dostluq elədiyim Azər bəy Azərbaycan ədəbiyyatında özünə məxsus izi, sözü olan şair, yazıçı, publisist və nasir idi. Dostlarının çoxu gənc yazarlar idi. “Yazıçı” dərgisində mütamadi olaraq onların yaradıcılığından nümunələr verirdi. Azər Abdulla şair, yazıçı, publisist, naşir olmaqla yanaşı, həm də alim idi. Çox sevdiyi, yüksək dəyər verdiyi, böyük Türk şairi Nazim Hikmər haqqında “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi.
Azər Abdullanın son vaxtlar “Ədəbiyyat qəzeti”ndə iri həcmli esseləri yayımlanırdı. Hər biri də bir- birindən oxunaqlı idi. Dediyinə görə bu esseləri çox- çox qabaqlar yazıb, amma idi çap elətdirir. Bu esselərin əsas mövzuları ermənilərin xainliyindən, bizə qarşı olan tarixi düşmənçiliyindən bəhs edirdi. Erməninin iç üzünü görmüşdü. Və bu mövzuda bir ssenari də yazmışdı. Həmin ssenari əsasında bir filimin çəkilməsi üçün dövlət qurumlarına müraciət etmişdi. Filimdən ona çatacaq zəhmət haqqını da istəmirdi. Hətta təmənnasız olaraq filmdə tanıdığı şəxslərdən birinin rolunu da oynamağı dilinə gətirmişdi. Amma onun müraciəti elə müraciət olaraq qaldı. Bizim susqunluğumuz, unutqanlığımız yaranışımızdan bu günümüzə gəlib çıxmadımı? Və yüz illərdir acı yaşatmırmı? Tarixin bu dərsindən nə vaxt nəticə çıxaracayıq? Məgər ssenaridəki faktarı, hadisələri çəkib kar və kor dünyanın gözünə soxa bilməzdik?! Soxardıq və az da olsa karlar və korlar erməninin qanımıza necə yeriklədiyini, yerimizə- yurdumuza necə yiyələndiyini görərdi.
Azər Abdulla “Bir durna qatarı”, “Gedirəm gün doğana”, “Səni gözləyirəm”, “Bəyaz gecələr”, “Qəmərlidən keçən qatar” və başqa kitabların müəllifiydi. Yaşasaydı bundan sonra da neçə- neçə kitabın müəllifi olacaqdı. Dünyanı cənginə alan koranavirus onu da martın 20- də aramızdan apardı. Azərbaycan ədəbiyyatından yazın yaz günü bir yarpaq da saralıb düşdü. Allah rəhmət eləsin, ulusu, soyu yaşasın. Doğmalarının, yaxınlarının başı sağ olsun.
Məhərrəm Şəmkirli
AYB- nin və AJB- nin üzvü.
Bölməyə aid digər xəbərlər