"SAZIMIN SƏSİ-2" müsabiqəsinin final turu başa çatdı

       Azərbaycan aşıq sənəti  şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir.  Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. 

    Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır.  Sazda ifa etmək   tarixi inkişaf prosesində tədricən müstəqil bədii əhəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

       Azərbaycanda aşıq sənətinin inkişafı, təbliği, tədrisi və beynəlxalq miqyasda tanıdılması və digər məsələlərin həlli ilə bağlı bir çox tədbirlər və layihələr həyata keçirilir.

Belə ürəkaçan layihələrdən biri də  "DÜNYA TV"-nin efirində  Anar Laçınlının təqdimatında  yayımlanan   "SAZIMIN SƏSİ"  müsabiqəsidir. 

   13.05.2025-ci il tarixdə "DÜNYA TV"-nin canlı efirində Anar Laçınlının təqdimatında  "SAZIMIN SƏSİ-2"  müsabiqəsinin final turu keçirildi.

Müsabiqənin 12-ci turunda finalçılar Zəhra Məhəmmədova və Məhəmməd Əlizadə arasında gərgin mübarizəyə start verildi. "SAZIMIN SƏSİ-2"  müsabiqəsinin ideya müəllifi, layihə rəhbəri və aparıcısı Anar Laçınlı iştirakçıları və tamaşaçıları salamlayaraq finalçıları təbrik etdi, onlara uğurlar dilədi.

İlk olaraq səhnəyə "SAZIMIN SƏSİ-1"  müsabiqəsinin qalibi Teymur Vedili dəvət olundu və onun ifası alqışlarla qarşılandı. Sonra finalçıların müraciətləri və ifaları  dinlənildi. 

Müsabiqənin Münsif Heyyəti,  tanınmış, ustad aşıqlar Azər Fərmayıloğlu və Sahil Laçınlı finalçılar haqqında fikirlərini bildirdilər, hər iki finalçıya bu möhtəşəm müsabiqədə uğur qazanmalarını arzuladılar.

Müsabiqə iştirakçısı Təranə Həsənova, "SAZIMIN SƏSİ-2"  müsabiqəsində 3-cü yerə layiq görülmüş Raya Pirnəzərova və "Sazımın səsi" qrupunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Xoş əhval-ruhiyyə bəxş edən tədbirdə ustad aşıqlar Azər Fərmayıloğlu, Sahil Laçınlı, Məhəmməd Əlizadənin müəllimi Mehman Dağlaroğlu, Zəhra Məhəmmədovanın müəllimi Sevil Xıdırova öz ifaları ilə geniş tamaşaçı kütləsinin alqışlarını qazandılar.

Sonda səsvermənin yekun nəticələri (qeyd edək ki, səsvermənin nəticələri haqqında mütəmadi olaraq məlumat verilirdi) açıqlandı. Səsvermənin nəticələrinə əsasən Məhəmməd Əlizadə "SAZIMIN SƏSİ-2"  müsabiqəsinin  qalibi elan olundu və ona  "SAZIMIN SƏSİ-2"   layihəsinin  rəhbəri və aparıcısı Anar Laçınlı tərəfindən sazbənd RİZVAN ustanın hazırladığı SAZ hədiyyə olundu. Digər iştirakçılara da müxtəlif hədiyyələr və Fəxri Fərmanlar təqdim olundu.

Anar Laçınlı iştirakçılara və tamaşaçılara təşəkkür edərək 15.05.2025-ci il tarixdən "SAZIMIN SƏSİ-3"  müsabiqəsinin seçim turuna start verildiyini elan etdi.


Aydın Adıgözəlli, 

ATİA.AZ saytının baş redaktoru


Tarix: Сегодня, 10:32 Oxunub: 83


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür
20-04-2025, 21:30 Kərəm İncəli -80