Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə çıxışı regional əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü ölkəmizin region dövlətləri ilə münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və ortaq strateji maraqların reallaşdırılması baxımından mühüm məqamları əhatə etdi.
Azərbaycanın 2025-ci ilin noyabrında bu əməkdaşlıq formatına tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu qərar Azərbaycanın regional proseslərdə artan rolunun, ortaq maraqlara əsaslanan əməkdaşlığa verdiyi töhfənin və qarşılıqlı tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş siyasətinin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini vurğuladı. Dövlət başçısının diqqətə çatdırdığı kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu göstərici əməkdaşlığın real iqtisadi nəticələrini əks etdirməklə yanaşı, gələcək üçün daha geniş imkanların mövcudluğunu da ortaya qoyur.
Əməkdaşlığın əsas istiqamətlərindən biri birgə investisiyaların artırılmasıdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu imkanlardan səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin qurulması, sənaye kooperasiyasının genişləndirilməsi və beynəlxalq bazarlara birgə çıxışın təmin edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Belə yanaşma münasibətlərin yalnız ticarət mübadiləsi ilə məhdudlaşmamasına, daha dayanıqlı iqtisadi tərəfdaşlığa xidmət edir.
Nəqliyyat və logistika sahəsi də Prezidentin çıxışında xüsusi yer tutdu. Xəzər dənizi üzərindən daşımaların genişlənməsi, limanların, dəmir yollarının, avtomobil yollarının və hava limanlarının inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinə şərait yaradır. Orta Dəhlizin əhəmiyyətinin artması isə regionun beynəlxalq nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirir. Rəqəmsal İpək Yolu layihəsi və Xəzərin dibi ilə fiber-optik kabellərin çəkilməsi istiqamətində görülən işlər də bu əməkdaşlığın müasir texnologiyalarla zənginləşdirildiyini göstərir.
Energetika sahəsində əməkdaşlıq Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrində mühüm istiqamətlərdən biridir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına nəqlinin artması ölkəmizin tranzit imkanlarının əhəmiyyətini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər gələcək nəsillər üçün dayanıqlı enerji sisteminin formalaşdırılmasına töhfə verir.
Dövlət başçısının çıxışında regional əməkdaşlığın yalnız iqtisadi layihələrdən ibarət olmadığı xüsusi vurğulandı. Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin əsas şərti kimi səciyyələndirildi. Bu yanaşma göstərir ki, region ölkələrinin uzunmüddətli inkişafı qarşılıqlı hörmətə, etimada və ortaq maraqların uzlaşdırılmasına əsaslanır.
Türkmənbaşı görüşü bir daha təsdiqlədi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər geniş strateji məzmun kəsb edir. Tarixi və mədəni yaxınlıq, iqtisadi potensial, əlverişli coğrafi mövqe və ortaq inkişaf məqsədləri bu tərəfdaşlığın möhkəm əsaslarını təşkil edir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər isə əməkdaşlığın daha geniş miqyas alması, regional imkanların birgə reallaşdırılması və beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından mühüm istiqamətləri müəyyənləşdirir.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Bölməyə aid digər xəbərlər















