Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi irsə malik şəhərlərindən biri olan Ağdam Qarabağın ən mühüm yaşayış məskənlərindən biri kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Tarixi abidələri, milli-mənəvi dəyərləri, zəhmətkeş insanları və özünəməxsus şəhərsalma ənənələri ilə seçilən Ağdam hər zaman Qarabağın inkişafında mühüm rol oynamışdır.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində misli görünməmiş dağıntılara və erməni vandalizminə məruz qaldı. Şəhərin yaşayış binaları, məktəbləri, mədəniyyət ocaqları və tarixi abidələri dağıdıldı, minlərlə ailə doğma yurd-yuvasından didərgin düşdü. Bir zamanlar abad və inkişaf etmiş şəhər xarabalığa çevrildi. Lakin ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın çoxəsrlik arzularını gerçəkləşdirdi. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə edildi. 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarıldı və bununla da uzun illər davam edən həsrətə son qoyuldu.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini bir daha təsdiqlədi. Artıq bu əlamətdar gün xalqımız tərəfindən azadlığın, milli qürurun və tarixi ədalətin təntənəsi kimi qeyd olunur.
Bu gün Ağdam tamamilə yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə düşmən tərəfindən dağıdılmış şəhərin yerində müasir memarlıq üslubunda yeni Ağdam qurulur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin gələcək inkişafı üçün möhkəm təməl yaradır.
Ağdamda müasir yaşayış məhəllələri salınır, yollar, elektrik, su və digər kommunikasiya infrastrukturu yenidən qurulur, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər inşa edilir. Ağdam Sənaye Parkının fəaliyyəti şəhərin iqtisadi potensialının artırılmasına, yeni istehsal sahələrinin yaradılmasına və əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Dəmir yolu və avtovağzal kompleksi, müasir idarəetmə infrastrukturu, turizm və xidmət obyektləri Ağdamın gələcəkdə Qarabağın mühüm iqtisadi və sosial mərkəzlərindən birinə çevriləcəyini göstərir. Tarixi İmarət Kompleksinin bərpası isə şəhərin zəngin keçmişinin və milli-mədəni irsinin qorunmasına xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı da xüsusi əhəmiyyət daşıyır. 2025-ci il martın 27-dən Ağdam şəhərinə sakinlərin qayıdışına başlanılması bu istiqamətdə mühüm mərhələ oldu. İllərlə yurd həsrəti ilə yaşayan insanların doğma evlərinə dönməsi, yeni həyat qurması Ağdamın dirçəlişinin ən sevindirici nəticəsidir. Çünki şəhərin həqiqi bərpası yalnız yeni binaların tikilməsi deyil, burada həyatın, ailə ənənələrinin, sosial və mədəni mühitin yenidən canlanmasıdır.
Əminliklə demək olar ki, Ağdamın bugünkü mənzərəsi Azərbaycanın gücünü, dövlətimizin quruculuq əzmini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir. Bir vaxtlar xarabalığa çevrilmiş şəhər bu gün müasir inkişafın, quruculuğun və Böyük Qayıdışın ünvanına çevrilir. Bu böyük nailiyyətlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin və xalqımızın birliyinin real təzahürüdür.
Ağdamın yenidən qurulması Azərbaycanın öz tarixinə, milli-mənəvi dəyərlərinə və gələcəyinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Bu gün şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, sakinlərin doğma yurdlarına qayıdışı və yaradılan müasir infrastruktur Ağdamın qarşıdakı illərdə regionun aparıcı inkişaf mərkəzlərindən birinə çevriləcəyinə möhkəm zəmin yaradır. Ağdam artıq yalnız keçmişin ağrılı xatirələrini deyil, həm də Azərbaycanın gücünü, qətiyyətini və quruculuq əzmini təcəssüm etdirən şəhər kimi yeni tarixini yazır.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər















