Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan tarix deyil, bütöv bir millətin yaddaşına, qəlbinə və ruhuna həkk olunur. 8 Noyabr – Zəfər Bayramı məhz belə müqəddəs və unudulmaz günlərdən biridir. Bu gün xalqımızın qəhrəmanlığının, milli birliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir.
Zəfər Bayramı Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin, azadlıq arzusunun və ədalət mübarizəsinin qələbəsidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edən misilsiz qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Qələbə qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə bu Zəfərin ən parlaq və rəmzi hadisələrindən biri oldu.
Şuşa Azərbaycanın mədəniyyət beşiyi, musiqimizin, poeziyamızın və milli ruhumuzun müqəddəs məkanıdır. Onun azad olunması təkcə hərbi uğur deyil, həm də milli qürurumuzun, mənəvi gücümüzün və tarixi ədalətin təntənəsi idi. Şuşanın azadlığı ilə Azərbaycan xalqının qəlbində illərlə yaşayan böyük bir nisgil sevincə çevrildi.
Bu möhtəşəm Zəfərin arxasında Vətən torpağını canından əziz bilən igid Azərbaycan əsgərinin fədakarlığı dayanır. Onlar soyuğa, çətinliyə, təhlükəyə sinə gərərək tarix yazdılar. Hər qarış torpaq uğrunda mübarizə apardılar, qanları və canları bahasına üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandırdılar.
Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların yarımçıq qalan arzuları, Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıq heç vaxt unudulmayacaq. Qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Bu gün biz azadlığın, qürurun və qalibiyyətin sevincini yaşayırıqsa, bunu ilk növbədə həmin qəhrəmanlara borcluyuq.
Zəfər Bayramı həm də milli həmrəyliyimizin təntənəsidir. Müharibə günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətən ətrafında sıx birləşərək milli birliyimizin gücünü nümayiş etdirdilər. Bu birlik sübut etdi ki, xalq öz dövlətinə, ordusuna və milli ideallarına sahib çıxanda qarşısında heç bir çətinlik dayana bilməz.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda quruculuq işləri aparılır, şəhərlərimiz, kəndlərimiz yenidən dirçəlir, doğma yurdlarından didərgin düşmüş insanlar öz ata-baba torpaqlarına qayıdırlar. Qarabağda dalğalanan Azərbaycan bayrağı xalqımızın əyilməz iradəsinin və dövlətimizin qüdrətinin rəmzidir.
Zəfər Bayramı bizə yalnız keçmişin qəhrəmanlığını xatırlatmır, həm də gələcək qarşısında böyük məsuliyyət qoyur. Qazanılmış Qələbəni qorumaq, dövlətimizi daha da gücləndirmək, milli birliyimizi möhkəmləndirmək və azad torpaqlarımızı inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi borcudur.
8 Noyabr – Zəfər Bayramımız mübarək!
Bu əlamətdar gündə şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildirir, bütün Azərbaycan xalqını bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirik.
Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın! Qoy Azərbaycanımızın səması həmişə aydın, torpağı firavan, xalqı xoşbəxt və birliyi sarsılmaz olsun!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqının Zəfər ruhu!!!
Bölməyə aid digər xəbərlər















