Asəf Salmanov: Hərbi qüdrətin, siyasi iradənin, milli birliyin və quruculuq əzminin parlaq nümunəsi

     Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər qədim tarixi ilə seçilən müqəddəs yurd yerlərimizdən biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu qədim diyar təkcə təbii gözəllikləri ilə deyil, həm də zəngin mədəni irsi, tarixi abidələri, milli-mənəvi dəyərləri və qəhrəmanlıq ənənələri ilə Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Kəlbəcər hər zaman özünün bərəkətli torpaqları, zəhmətkeş insanları, el-obaya bağlılığı və misilsiz təbiəti ilə tanınıb.

     Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi rayonun həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Minlərlə sakin doğma yurd-yuvasından didərgin düşərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşmağa məcbur edildi. İşğal illərində Kəlbəcərin yaşayış məntəqələri, tarixi-mədəni abidələri, məktəbləri, səhiyyə və sosial infrastrukturu tamamilə dağıdıldı, təbii sərvətləri talan edildi. Düşmən yalnız torpaqlarımızı deyil, həm də xalqımızın tarixi yaddaşını və mədəni irsini məhv etməyə çalışdı. Ancaq bütün çətinliklərə baxmayaraq, kəlbəcərlilərin doğma yurda qayıtmaq ümidi, torpağa bağlılığı və vətən sevgisi heç vaxt sönmədi.

     Azərbaycan xalqının tarixi ədalətə və ərazi bütövlüyünə qovuşmaq arzusu 2020-ci ildə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab                İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfərə imza atdı. Döyüş meydanında qazanılan qələbələr, Dövlət Başçısının apardığı məqsədyönlü diplomatik fəaliyyət və xalq-ordu birliyi, Lider-xalq sevgisi Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu üçtərəfli Bəyanata uyğun olaraq işğaldan azad edildi. Bu tarixi hadisə 27 ildən artıq davam edən yurd həsrətinə son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu nailiyyət xalqımızın dövlətçilik tarixində mühüm mərhələyə çevrildi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tamamilə bərpa olundu.

     Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri bu qədim diyarın yenidən qurulması, infrastrukturunun bərpası və müasir yaşayış məkanına çevrilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə diqqət və nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dövlət Başçısının Kəlbəcərə mütəmadi səfərləri, tikinti-quruculuq layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu qədim diyarın inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Bütün bunlar Kəlbəcərin yenidən Azərbaycanın ən gözəl və müasir yaşayış məkanlarından birinə çevrilməsinə xidmət edir.

     Kəlbəcərin gələcək inkişafında kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, turizm və mineral su ehtiyatlarının səmərəli istifadəsi də mühüm yer tutur. Rayonun zəngin təbii potensialı burada yeni iqtisadi imkanların yaradılmasına, sahibkarlığın inkişafına və məşğulluğun artırılmasına geniş şərait yaradır. Xüsusilə İstisu mineral su mənbələrinin yenidən istifadəyə verilməsi, müasir turizm infrastrukturunun yaradılması, dağ və ekoturizmin inkişafı Kəlbəcərin iqtisadi həyatına yeni nəfəs gətirəcək. Eyni zamanda, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji siyasətinin mühüm tərkib hissəsidir. Bütün bunlar Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən kompleks inkişaf strategiyasının konkret nəticələridir.

     Kəlbəcərin dirçəlişinin ən mühüm göstəricilərindən biri isə “Böyük Qayıdış” prosesidir. Uzun illər doğma torpaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz yurdlarına qayıtması tarixi ədalətin təntənəsidir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə sakinlərin qayıdışının başlanması bu istiqamətdə mühüm tarixi hadisəyə çevrildi. “Böyük Qayıdış” proqramının yüksək səviyyədə həyata keçirilməsi yalnız insanların öz evlərinə dönməsi deyil, həm də milli yaddaşımızın, tarixi ənənələrimizin və həyat tərzimizin bərpasıdır.

     Möhtərəm Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması bu əlamətdar tarixin dövlətçilik tariximizdəki yerini bir daha təsdiqləyir. Kəlbəcər bu gün Azərbaycanın hərbi qüdrətinin, siyasi iradəsinin, milli birliyinin və quruculuq əzminin parlaq nümunəsidir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş bu diyar indi böyük inkişaf yoluna qədəm qoyub. Əminliklə demək olar ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Kəlbəcər öz tarixi simasını bərpa etməklə yanaşı, Azərbaycanın gələcək inkişafında mühüm iqtisadi, sosial və turizm mərkəzlərindən birinə çevriləcək. Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri xalqımızın öz torpaqlarına qayıdış əzminin, dövlətimizin gücünün və müstəqil Azərbaycanın qarşıya qoyduğu böyük hədəflərə doğru inamla irəliləməsinin təcəssümüdür.


Asəf Salmanov

YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: Bu gün, 13:39 Oxunub: 10


Bölməyə aid digər xəbərlər