Azərbaycanın hər bir şəhəri, rayonu, qəsəbəsi, kəndi bir - birindən gözəldir və bizim üçün doğmadır, əzizdir. Ana yurdun gözəl və səfalı guşələrindən biri də çox zəngin təbiəti, tarixi abidələri olan, qədim dövrlərdən ibarət tarixini qəlbində saxlayan, dağlar qoynunda yerləşən Kəlbəcər rayonudur. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. İşğal dövrünə qədər çox yerlərdən, o cümlədən paytaxtımız Bakıdan insanlar həmişə Kəlbəcərə səfər ediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Təəssüflər olsun ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
1996-cı il aprelin 1-də Ümummilli Liderimiz Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə demişdir: “ Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. Doğrudur, bu üç il müddətində Kəlbəcərə böyük ziyan vurulubdur, zərbələr dəyibdir. Ermənistan işğalçıları o qədər vəhşidirlər, qəddardırlar, insani keyfiyyətlərdən o qədər uzaqdırlar ki, onlar işğal olunmuş torpaqlarda, o cümlədən Kəlbəcərdə də nəinki insaniyyətə xas olmayan, hətta insaniyyətə zidd, yabançı hərəkətlər edirlər. Ancaq bunların heç birisi Kəlbəcərin o məğrur dağlarını, qayalarını, meşələrini, çeşmələrini, bulaqlarını heç vaxt endirə bilməz, əyə bilməz, sındıra bilməz, eləcə də güman edirəm ki, kəlbəcərlilərin iradəsini sındıra bilməz. Ona görə də mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər. Mən buna əminəm.”
Bəli, Ulu Öndərimizin böyük uzaqgörənliklə söylədiyi sözlər 24 ildən sonra həqiqətə çevrildi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərin işğaldan azad olunmasının strateji əhəmiyyəti barədə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.”
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Möhtərəm Prezidenimiz və Birinci xanım Mehriban Əliyeva mütəmadi Kəlbəcər rayonunavə işğaldan azad edilmiş digər rayon və şəhərlərə səfərləredirlər. Prezidentimizin bu səfərlər zamanı bəzi müəssisələrin açılışında, habelə obyektlərin təməlqoyma mərasimində iştirakı o deməkdir ki, həmin rayonların sosial-iqtisadi həyatında çox böyük dirçəliş baş verir. Bu, bölgələrimizdə həyatın sürətli qayıdışından, inkişafdan xəbər verir. Möhtərəm Prezidentimiz bu yaxınlarda imzaladığı sərəncama əsasən, Kəlbəcər rayonunun yenidən qurulması, sosial - iqtisadi inkişafının təmin edilməsi üçün vəsaitin ayrılması da çox diqqətçəkən məqamdır. Qısa zamanda böyük sənaye müəssisələrinin, turizm və kənd təsərrüfatı obyektlərinin, hotel və mehmanxanaların, məktəb və xəstəxanaların inşası dövlətimizin iqtisadi gücünün göstəricisidir.
Nizami Allahverdiyev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər