Aynurə Abbasova: "Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradan Şəxsiyyət"

    İllər, əsrlər keçsə də, nəsillər dəyişsə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı, dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qadirbilən xalqımızın qəlbində əbədi  yaşayacaqdır.

     1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilər kimi tarixə düşmüşdür. Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev seçkilərdə iştirak edən seçicilərin 98,84 faiz  səsini qazanaraq böyük üstünlüklə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ümumiyyətlə, 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu seçkilərdə Azərbaycan xalqı düzgün seçim edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Ulu Öndər  Heydər Əliyevi Prezident seçmiş və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulmuşdur.

     Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Biz Azərbaycanda demokratik, hüquqi , dünyəvi dövlət qururuq. Bu üç söz  bizim dövlət quruculuğumuzun  əsas mənasını,məzmununu, əsas prinsiplərini təşkil edir.  Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından   irəliyə gələn  sözlərdir. Beləliklə,  biz müstəqil   Azərbaycanda  öz strateji  yolumuzu   artıq müəyyən  etmişik  və bu yolla gedirik.”

     Vətənə sədaqətli xidmət nümunəsi göstərən Dahi Şəxsiyyətin həyat və fəaliyyəti bir məktəbdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən qoruyub, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. 

     Azərbaycan Respublikasının gələcək inkişafına həsr olunmuş ömür isə hər kəsə bir nümunədir. Ümummilli Liderin andiçmə mərasimindəki nitqində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözlərini bu gün də qürurla xatırlayırıq.

     Müstəqilliyimizin ağrılı və əzablı mərhələsini hər kəs yaxşı xatırlayır. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.

     Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması da Dahi Rəhbərin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

     Dahi Şəxsiyyətin xilaskarlıq missiyası xalqımıza gün kimi aydındır. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

       1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan  xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.

     Azərbaycan siyasətində Heydər Əliyev fenomeni mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

     Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya da Dahi Rəhbərin xalqımıza növbəti töhfəsi oldu. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir. 

     Ulu Öndər Heydər Əliyevin ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasətin prioritetlərinə gəlincə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı Dahi Şəxsiyyətin adı ilə sıx bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

     Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

     Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun müstəqil dövlətimizlə bağlı axıra çatdıra bilmədiyi işlərini uğurla davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü tam bərpa etmiş, suveren, dünyada söz sahibi olan, regionun ən güclü, qüdrətli dövlətinə çevrilmişdir.

 

Aynurə Abbasova
 YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri  


Tarix: Dünən, 14:14 Oxunub: 45


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031