Əvvəlki seçkilərdə olduğu kimi, 2020-ci ilin fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər də ölkədə yüksək fəallıq, böyük ruh yüksəkliyi və ictimai - siyasi vəziyyətin sabit olduğu bir şəraitdə keçirilmişdir. Azərbaycan xalqının iradəsini əks etdirən, 1300-dən çox namizədin iştirak etdiyi bu seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət olmuşdur. Seçkilər azad, ədalətli və şəffaf şəkildə keçirilmişdir.
Martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli geniş çıxış edərək demişdir: “Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir.” Doğrudan da 2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə əhalisinin mütləq əksəriyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qətiyyətlə dəstəkləməsinin əyani sübutu oldu. Azərbaycanda əldə olunan nailiyyətlər, iqtisadiyyatın inkişafı, insanların rifahının yaxşılaşması sahəsində atılan addımlar, uğurlu xarici siyasət, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, sabitlik və təhlükəsizlyin yüksək şəkildə bərqərar olması Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinin uğurlu seçki kampaniyasının əsasını təşkil etmişdir. Xalqın böyük rəğbətini qazanmış, ölkənin firavan gələcəyinin təmin olunmasına hədəflənmiş geniş islahatlar siyasəti hakim partiyanın və onun namizədlərinin seçicilər tərəfindən yüksək şəkildə dəstəklənməsində xüsusi rol oynamışdır. 2020-ci il növbədənkənar parlament seçkilərində çoxsaylı namizədlərin deputat mandatı uğrunda mübarizəyə qoşulması ölkəmizdə mövcud demokratiya və qanun aliliyinin təzahürü, ardıcıl surətdə gerçəkləşdirilən islahatlar strategiyasına inamın ifadəsi olmaqla yanaşı, eyni zamanda, seçkilərin rəqabət və şəffaflıq şəraitində keçirildiyinə əyani sübutdur.
Azərbaycan seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdi və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmiş və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilərin rəyi əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri - obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar, lakin yenə də heç nəyə nail ola bilməmişdilər. Seçkidən sonrakı proseslər bir daha onu göstərdi ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini sərbəst şəkildə ifadə etsin. Bütövlükdə biz buna nail olduq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərdi ki, Azərbaycan xalqı seçkilərin nəticələrindən məmnundur. Bəli, bizim üçün ən əsas məsələ də elə bundan ibarətdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi islahatların dərinləşməsi prosesi heç cür parlamentdən yan keçə bilməzdi və yeni tərkibdə formalaşmış Milli Məclis bir sözlə, islahatlara yeni təkan vermişdir. Bununla əlaqədar Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Təbii ki, Qanunverici bir orqan olan parlamentin qarşısında qanunvericilik sahəsində yeni və böyük vəzifələr durur, dəyişən reallıqlar isə yeni vacib və önəmli qanunların hazırlanmasını və qəbulunu zəruri edir.
Dünyanın və regionun mövcud mənzərəsi fonunda Azərbaycanın bugünkü uğurları, irəliləyişləri, güclənən mövqeyi, bütün sahələr üzrə geniş imkanları indi daha aydın görünür. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır. Odur ki, Azərbaycan bu gün beynəlxalq aləmdə həm də sabitlik diyarı adlanır.
Beləliklə, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər önəmli bir siyasi hadisə kimi tarixə həkk olundu. Martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının proqram xarakterli nitqi isə bir növ gələcək fəaliyyət proqramını müəyyənləşdirdi.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər