11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ülvi Quliyev: “Birliyimizi, döyüş və qələbə ruhumuzu qorumalıyıq!”

“Artıq 30 ilə yaxındır ki, Qarabağımız Ermənistanın işğalı altındadır. İstər Dağlıq Qarabağ, istərsə də ona bitişik yeddi rayon sivil dünyanın qəbul etdiyi bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanınır və qəbul edilir. BMT Təhlükəsizlik Şurasının daima istinad etdiyimiz məlum dörd qətnaməsində Ermənistana açıq şəkildə bildirilir ki, erməni hərbi birləşmələri işğalçılıq siyasəti ilə məşğuldur və ondan tələb olunur ki, bu əraziləri qeyd-şərtsiz tərk etsin”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev deyib. O bildirib ki, bu məzmunlu tələblər qərb dünyasının təşkilatlarından tutmuş İslam Əməkdaşlıq Təşkilatına qədər əksər beynəlxalq qurumların rəsmi sənədlərində uzun illər ərzində dəfələrlə təkrar olunub:
“Ermənistan nə bu tələblərə məhəl qoyur, nə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyi ədalətli nəticəyə- ərazilərimizin işğaldan azad olunmasına gətirib çıxarır. Az qala, 30 ildir ki, status-kvo Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarının atributuna çevrilib. Bu vəziyyət yalnız işğalçı Ermənistanın təcavüzkar siyasətinə, maraqlarına cavab verir, beynəlxalq səylərin nüfuzdan salınmasına xidmət edir. İşğalçı dünyadan və səlahiyyətli missiyalardan kəsərli söz, birmənalı tələb eşidib-görmədiyindən işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşma siyasətini də həyata keçirməkdən çəkinmir. İşğalçı dövlət ”Qaliblər” mühakimə olunmur deyimini” əsas tutub beynəlxalq missiyaları da  belə düşüncə və yanaşmasının təsiri altında saxlaya bilirsə, təbii ki, Azərbaycan xalqı bu zorakı və ədalətsiz yanaşmanı görməyə bilməz. 
Onillər boyu davam edən, adı sülh danışıqları olan missiyanın beynəlxalq hüququn və tarixi ədalətin təntənəsinə, təsdiqinə nail olmadığını görən Azərbaycan cəmiyyəti haqlı olaraq bu vəziyyətlə barışmır, status-kvonu həzm etmir.
Yaranmış durumdan şirniklənən düşmən isə hərbi təxribatların artıq Qarabağda deyil, Ermənistan- Azərbaycan dövlət sərhədində davam etdirir, iyulun 12-də Tovuz istiqamətində olduğu kimi. Bu fakt bir daha onu göstərir ki,məhz Ermənistanın hərbi-siyasi təxribatları, sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqe nəticəsində ölkəmiz müharibə vəziyyətində yaşamaqda davam edir. Bu müharibənin görünən və görünməyən tərəfləri var. Görünən düşmənin hərbi əməliyyatı, ərazimizə atdığı güllə və mərmilərdir. Görünməyən tərəfi isə hərbi kəşfiyyat və əks kəşfiyyatımıza, xüsusi xidmət orqanlarımıza məlum olan hissədir. Onların əksəriyyətindən bizlərin, sivil toplumun məlumatı yoxdur. Dövlət onlardan hansınınsa üstünü yalnız xüsusi ilə vacib bildiyi məqamlarda açır və ictimailəşdirir. Necə ki, bu günlərdə baş verdi: Serbiyadan Ermənistana minaatan və hərbi sursat göndərilməsi kimi.
Cəmiyyətimiz bu müharibənin həm üzdə olan, həm də pərdə arxasından idarə edilən başqa bir hissəsinə - informasiya savaşına xüsusi diqqət ayırmalı, daha həssas olmalıdır. Yaşadığımız internet dövründə düşmən məhz bu məkandan fəal istifadə edir, aktiv surətdə dezinformasiyalar yayır. Torpaqlarımızın işğaldan azad edilməməsi fonunda qəzəb və qisas hisslərini yaşayan həmvətənlərimizin bəziləri bu dezinformasiyaların, yalan məlumatların təsiri altına düşür. Düşmənin yaydığı həmin məlumatların son məqsədi ölkəmizdə hökm sürən ictimai sabitliyi pozmaq, xaos-panika yaratmaqdır.
Bu gün düşmənimizi ən çox narahat edən təkcə yüksək hərbi texniki təchizatı olan, qələbə eşqi ilə yaşayan Milli Ordumuzun ruh yüksəkliyi deyil. Onu ən çox qorxudan 90-cu illərin əvvəlində  müşahidə etdikləri hərc-mərcliyin kökünün ölkəmizdə kəsilməsidir. Həmin illərdən fərqli olaraq ümummilli məsələlərdə xalqımızın sərgilədiyi birlik, Dövlətinə, Prezidentinə, Ordusuna göstərdiyi kütləvi dəstəkdir.
Təəssüf ki, düşmənin bu ab-havaya, real mənzərəyə kölgə salmaq kimi informasiya cəhdlərində özümüzdən olan bəziləri bilərəkdən və ya bilməyərəkdən, yaxud başa düşməməzlikdən iştirak edir. Ən acınacaqlısı da budur. Gəlin, düşməni sevindirməyək, bilə-bilə düşmənin maraqlarına xidmət edənləri özümüz ifşa edək.
İyulun 14-15-də Bakıda xalqımızın öz təşəbbüsü ilə keçirilən möhtəşəm dəstək yürüşünün, Amerikadan, Avropadan tutmuş postsovet ölkələrinə qədər soydaşlarımızın sərgilədiyi ümumxalq birliyinin, Dövlətimizə, Ordumuza dəstəyinin düşməndə yaratmış olduğu təşvişin səngiməsinə imkan verməyək. Hərbi qələbənin təməlində bütün xalqların tarixində məhz belə, bu səviyyədə olan ruh yüksəkliyi dayanıb. Bu, pafos deyil, tarixi həqiqətdir. Onu qələbəmiz naminə qorumağı bacarmalıyıq!”


Tarix: 21-07-2020, 20:58 Oxunub: 552


Bölməyə aid digər xəbərlər