13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"




Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun mandatına xitam verilməklə, parlament kürsüsündə yeri boş qalan deputatların sayı 6-ya çatdı. Hələ keçən ilin sonlarında MSK sədri Məzahir Pənahov mətbuata açıqlamasında deputatsız qalan dairələrdə yenidən seçkilər keçiriləcəyini açıqladı: "Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki, yaxın vaxtlarda olacaq. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq”.
Hal-hazırda parlamentdə altı deputatın yeri boşdur. Mərkəzi Seçki Komissiyası, Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:

80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov da həbs edildiyindən, onun mandatı yaxın vaxtlarda ləğv olunub.
116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov, 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur.
2020-ci ilin fevral ayında keçirilən Parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan olunsa da, sonradan bu dairədə keçirilən seçkilərin nəticələri ləğv edilmişdi. Həmin vaxt sosial şəbəkələrdə yayılan biabrçı görüntülər bu seçkilərin nə qədər “şəffaf və demokratik” olduğunu göstərdiyindən, MSK rəhbərliyi seçkilərin nəticələrinə müdaxilə etməyə məcbur olmuşdu. Elə həmin müddətdə də araşdırmalar nəticəsində məlum olub ki, 33 saylı Seçki Dairəsində qanun pozuntuları baş verib və səsvermənin gedişində qanunvericiliyin tələblərinə uyğun olmayan addımlar atılıb.

Bir zamanlar sabiq deputat Hüseynbala Mirələmovun “seçildiyi”, amma daha sonra bu qalibiyyətinin MSK tərəfindən ləğv edildiyi bölgədə keçirilən sorğuda bəzi sakinlər həmin ərazidən seçilən deputatın kim olduğunu, yaxud həmin dairədən deputatın Milli Məclisdə olub-olmadığının fərqində deyillər. Buna baxmayaraq, Mirələmovun adını eşidəndə üzlərində yaranan təbəssümü onların bu şəxsi çox yaxşı tanıdıqlarının göstəricisi hesab etmək olar:

- Milli Məclisdə 6 deputat kürsüsü boş qalıb və MSK rəhbərliyi elan edib ki, bu boş yerlərə yenidən seçkilər keçiriləcək. Onlardan biri də 33 saylı Seçki Dairəsidir. Səs verməyi düşünürsünüz?

- Şərait yaratsalar, kənar müdaxilə olmasa və bilsəm ki, səs verdiyim adam həqiqətən orda təmsil olunacaq, niyə də səs verməyim? Amma buna inamım və ümidim yoxdur. Çünki bilirəm ki, yenə saxtakarlıq baş alıb gedəcək. Bu ölkədə qanuna hörmət olunsaydı, o qanunları qəbul edən deputatların kürsüləri bir ildən çox boş qalmazdı. İki il əvvəl keçirilən o seçkilərdəki rəzillikləri gördük. Sosial şəbəkələrdə yayılan o videolar Azərbaycan reallığıdır. Burda seçki yoxdur, təyinat var, ona da xalqın ehtiyacı yoxdur. Onlar orda oldular, ya olmadılar, xalqın sözünü yox, onları ora təyin edənlərin sözünü dedikdən sonra altı yox, lap altımışı çatışmasın, heç bir fərqi yoxdur.

- İki il əvvəl keçirilən seçkilərdə bu dairədən kimin qalib gəldiyini bilirsinizmi?

- Yox, bilmirəm. Əslinə qalsa, heç maraqlı da deyil. Çünki o hər kimdirsə, mən seçməmişəm.

- Hüseynbala Mirələmov…

- Tanıdım. Videosu yayılanı demirsən? Onlayn iclasda…

- Bəli, həmin deputat.

- Axı, o, deputat deyil.

- Bəli, deyil. Çünki nəticələri şikayətlər əsasında ləğv olundu. Əgər ləğv edilməsəydi, indi o da parlament kürsüsündə sizi təmsil edirdi.

- Əslində şəffaf araşdırma aparılsaydı, onun kimi neçələrinin seçki nəticələri ləğv olunmalı idi. Həmin vaxt məcbur qaldıqları üçün belə bir araşdırma aparmalı olmuşdular. O da ki, yayılan görüntülərin nəticəsində. Yəqin növbəti seçkilərdə videoçəkilişlərə imkan verməyəcəklər. Çünki gərək onda bütün seçkilərin nəticələri yenidən ləğv olunsun.


Tarix: 17-01-2022, 12:45 Oxunub: 675


Bölməyə aid digər xəbərlər