Vətəndaşlar Bakının Xətai rayonunun ərazisində yeni təmir olunmuş yoldan narazıdır.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilib.
Vətəndaşlar qeyd edib ki, Xətai rayonunun ərazisində S.Ə,Şirvani, Məzahir Rüstəmov, İnqilab İsmayılov, Qaçaq Nəbi küçələri təmir olunan zaman yollar daraldılıb:
“Yollarda bordürlər çıxarılıb. Dörd zolaqlı yollar iki zolaqlı edilib. Yolun ortasına çıxarılmış bordürlər qəza şəraiti yaradır. Yolda əks istiqamətdən gələn avtomobil iri qabaritli olarsa, keçmək mümkün olmur. Bundan başqa, həmin küçələrə yad olan insanlar artıq avtomobillərini dəfələrlə bordürlərə çırpıblar”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, sözügedən küçələrdə hərəkətin təşkili və təhlükəsizliyi Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihə əsasında həyata keçirilir: “AAYDA, sadəcə olaraq, icraçıdır”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, Məzahir Rüstəmov, İnqilab İsmayılov, Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrində aparılan işlər zamanı piyada təhlükəsizliyi əsas amil kimi götürülüb:
“Təmir işləri artıq yekunlaşan Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində daha öncə səkilərlə bağlı ciddi problemlər müşahidə olunurdu, İnqilab İsmayılov küçəsində isə, ümumiyyətlə, səkilər mövcud deyildi. Piyadaların hərəkətləri çox təhlükəli hal almışdı. Lakin indi vəziyyət daha fərqlidir. Piyadalarımız daha rahat və təhlükəsiz formada küçə boyunca hərəkət imkanı əldə ediblər.
Qeyd edilən küçələrdə təmir işləri aparılan zaman bu gün nəqliyyat sahəsində qabaqcıl, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq, yeni küçə dizaynı elementlərindən istifadə olunub. Belə ki, səki çıxıntılarından istifadə edilməklə parklanma yerləri cib formasında təşkil edilib, bunun vasitəsilə də həm piyada keçidlərinin daha təhlükəsiz şəkildə təşkili təmin edilib, həm də nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasının qarşısı alınıb”.
“Təmir işləri yekunlaşan küçələrdə nişanlanma işləri də həyata keçirilib. Qeyd edilən küçələrdə səki çıxıntılarının işıq qaytarıcılarla da təmin edilməsi istiqamətində iş aparılır”, - deyə, BNA rəsmisi əlavə edib.
Bölməyə aid digər xəbərlər