11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli Qurtuluş Günündən başlayan Zəfər tariximiz

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 31 illik zaman ayırır. Bu, Azərbaycan xalqı üçün sadəcə, təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
 
Azərbaycan xalqı artıq dörd ildir ki, Milli Qurtuluş Gününü qalib xalq kimi yüksək əhvali-ruhiyyə və milli qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu.
 
Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayıb. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər böyük uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.
 
Ulu Öndərin ən böyük arzusu Qarabağı azad, Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inam və uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
 
Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Doğurdan da bu gün Ümummilli Liderimizin ruhu şaddır: Azad olunmuş yurd yerlərimiz bərpa edilir, Qarabağa həyat yenidən qayıdır.
 
"Azərtac"a istinadən 1993-cü il iyunun 15-dən - Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar, dinamik inkişaf, şanlı Zəfər qazandıran şərəfli yola qısa nəzər salaq.
 
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizdə taleyüklü hadisə, şanlı qürur səhifəsidir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət yürüdən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı və qarantı kimi yazılıb.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrlə - parçalanmaq, məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmışdı, xaos və anarxiya Azərbaycanı uçuruma sürükləyirdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə almışdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən, başı kreslo davasına qarışan ovaxtkı iqtidar əhali arasında nüfuzunu gündən-günə itirir, hökumət böhranı getdikcə dərinləşirdi.
 
Cəmiyyətdə ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.
 
Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev Azərbaycanı real təhlükələrdən qurtarmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Onun gərgin fəaliyyəti, səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünü dayandırmaq mümkün oldu.
 
İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratmağa başladı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
 
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.
 
Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar və qurucu Lider rolunu oynadı. Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 İyun tariximizin ən parlaq səhifələrindən biridir.
 
Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.
 
Son illər Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, arzu və xəyallarımız reallığa çevrilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyünü və suverenliyi təmin olunmuş ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.
 
Vətən müharibəsindəki Zəfərimiz bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident İlham Əliyev quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri də tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur. Azad olunmuş torpaqlarda aparılan möhtəşəm bərpa-quruculuq işlərinin təməlində Heydər Əliyevin ideyaları, inkişaf strategiyası dayanır.

Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan gələcəkdə də böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var.
 
Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi illər ötdükcə daha aydın görünür. Qədirbilən xalqımız öz böyük oğlunun misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır.


Tarix: 15-06-2024, 14:42 Oxunub: 268


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı