Hər il 15 iyun günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Həmin dövrdə Ümummilli Liderimizin həyata keçirdiyi böyük xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Dahi Rəhbər Heydər Əliyevin gərgin zəhməti, qətiyyəti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər, misilsiz xidmətlər öz miqyasına görə hər kəsi heyrətə gətirir.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu çox ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi özbaşnalığın, xaos və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür təhlükələrdən, qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Böyük xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, hərtərəfli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü kimi elan etdi.
1993-cü ildə keçirilən prezident seçkilərində müdrik Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz doğru-düzgün seçimini edərək Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində belə demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Bütün şərəfli və mənalı ömrünü canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır. Ümummilli Liderimiz mövcud problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”
Ən Böyük Azərbaycanlı kimi tanınan və sevilən Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dünya dövlətləri arasında beynəlxalq nüfuzu daha da artdı və yüksəldi. Bunun məntiqi nəticəsi kimi "Əsrin müqaviləsi" imzalandı, dünyanın iri dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzaladı. Bu müqavilələr Azərbaycanın iqtisadi inkişafını təmin edərək, onun dünya dövlətləri sırasında layiqli yerini də müəyyənləşdirdi.
İndi Azərbaycanda ən yüksək səviyyədə müstəqil dövlətçilik ənənələri formalaşdırılmış və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Dahi Rəhbərin böyük siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qorumaq və müstəqil Azərbaycanı qüdrətli bir dövlətə çevirmək olub. Bu gün xoşbəxtliyimiz ondadır ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursunu, onun dəsti - xəttini uğurla davam etdirir və ölkəmizi böyük inamla, qətiyyətlə xoş - firavan gələcəyə doğru aparır.
Sevda Məmmədova
YAP Qazax rayon təşkilatının partiya veteranı
Bölməyə aid digər xəbərlər