Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq

  06 oktyabr 2026-cı il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı müşavirəsi keçirilib.      

     Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

     Müşavirədə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Müşavirədə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək  bildirib ki, YAP-ın 2 oktyabr 2026-cı ildə keçirilmiş VIII Qurultayı  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilib. A. Nəbiyev VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində xüsusi mərhələnin başlanğıcını ifadə edən mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, əsası Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulan, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və  Yeni Azərbaycan Partiyasının baş verən bütün proseslərin mərkəzində olduğu son 30 ilin siyasi xətti  dövlətçiliyin qorunması, siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq mövqelərin gücləndirilməsi, Möhtəşəm Zəfər, ərazi bütövlüyü və suverenliyin tam bərpası, Böyük Qayıdış, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, sosial rifah, yeni inkişaf və tərəqqi mərhələsi olmuşdur.

     Müşavirədə Qurultay nümayəndələrindən Məmməd Yusifov, Abbas Göyüşov, Esmira Şıxməmmədova, Samir Çobanov, Partiya veteranı şair Kazım Kazımlı çıxış ediblər.

     Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, ötən dövr ərzində əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən və qarşıda duran strateji vəzifələrdən  ətraflı danışıb.

     Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

 


Tarix: Dünən, 18:27 Oxunub: 70


Bölməyə aid digər xəbərlər