1992-ci ildə Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilən VIII Qurultayı Azərbaycanın həyatında mühüm və yaddaqalan hadisə oldu. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyi yeni mərhələdə keçirilən Qurultay qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti çəkdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndiyi dəyərli fikirlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin yeni tarixi şəraitə uyğun inkişaf etdirildiyni bir daha əyani şəkildə sübut etdi.
VIII Qurultay ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir.Məhz bu baxımdan VIII Qurultay Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Qurultay Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlətin daha da gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıdakı dövrün əsas vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi məzmun daşıyır. Bu mənada VIII Qurultay həm keçilmiş şanlı yolun siyasi yekunu, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin mühüm göstəricisidir.
Xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində diqqət çəkən məqamlardan biri dövlətçilik məqsədləri ilə partiya quruculuğunun vahid istiqamətdə inkişaf etdirilməsidir. Partiyanın uzun illər ölkənin siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərməsi siyasi kursun ardıcıllığının qorunmasına imkan verib. VIII Qurultayda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi və partiya fəallarının Azərbaycanın uğurlu inkişaf yoluna verdiyi töhfələri qeyd etməsi də bu siyasi fəaliyyətin mühüm məqamlarından biri kimi diqqət çəkir. Partiyanın fəaliyyəti dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi, cəmiyyət daxilində milli həmrəyliyin qorunması və ölkənin strateji məqsədlərinə ictimai dəstəyin təmin olunması istiqamətində də özünü göstərib. Hazırda Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları əvvəlki dövrlərlə müqayisədə daha genişdir. Ölkənin artan iqtisadi gücü, enerji sahəsində həyata keçirdiyi layihələr, nəqliyyat və logistika imkanlarının genişlənməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə təsir edən əsas amillər sırasındadır. Prezident İlham Əliyevin siyasi müstəqilliklə iqtisadi müstəqillik arasındakı əlaqəni xüsusi diqqətə çatdırması da təsadüfi deyil. Güclü iqtisadi baza dövlətin xarici siyasətdə daha sərbəst hərəkət etməsinə, milli maraqlarını daha qətiyyətlə müdafiə etməsinə və müstəqil qərarlar qəbul etməsinə imkan yaradır. Bu baxımdan iqtisadi potensial yalnız inkişaf göstəricisi deyil, həm də dövlətin siyasi müstəqilliyinin mühüm dayaqlarından biridir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm fikir ondan ibarətdir ki, zaman keçdikcə taktiki və müəyyən strateji məqsədlər dəyişə bilər, lakin siyasi kursun ana xətti dəyişməz qalır. Dövlət başçısı bu ana xətti müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və Azərbaycanın öz imkanlarından maksimum istifadə etməsi kimi xarakterizə edib. Bu yanaşma dövlət siyasətində ardıcıllığın əhəmiyyətini göstərir. Çünki dövlətçilik uzunmüddətli prosesdir və milli inkişaf strategiyası yalnız bir dövrün deyil, gələcək nəsillərin də maraqlarını nəzərə almalıdır. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu siyasi kursun ardıcıllığının dövlət idarəçiliyində hansı nəticələr doğura bildiyini göstərən mühüm nümunələrdən biridir.
Xüsusi qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası yeni mərhələnin ən böyük quruculuq layihəsidir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Artıq bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır, bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olaraq qalır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını müdafiə edən, regional proseslərdə fəal iştirak edən dövlət kimi çıxış edir. Prezident cənab İlham Əliyev VIII Qurultaydakı çıxışında Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkəyə çevrildiyini və bir sıra ekspertlərin ölkəmizi orta güc dövlətləri sırasına daxil etdiyini bildirib. Eyni zamanda, Dövlət Başçısı iqtisadi müstəqilliyin tam təmin edildiyini və Azərbaycanın öz taleyini özü müəyyənləşdirdiyini vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt yaşayır, dəyişməz qalir və qalib gəlir. Qloballaşan dünyada Azərbaycan öz strateji məqsədlərinə doğru inamla, ardıcıl şəkildə irəliləyir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultayda qeyd etdiyi kimi, bu siyasət 2003-cü ildən bu yana davam etdirilib, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın növbəti Qurultayı deyil, həm də müasir Azərbaycanın keçdiyi tarixi yolun, əldə olunan nəticələrin və qarşıdakı inkişaf perspektivlərinin nəzərdən keçirildiyi mühüm siyasi hadisədir.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər















