11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Bu dəfə birliyin, həmrəyliyin məkanı Azad Şuşadır !” - Anar Nəbiyev

   Azərbaycan son 30 ildən artıq müddətdə şərəfli, keşməkeşli, eyni zamanda çətin bir yol keçmişdir. Ötən bu dövr xalqımızın tarixində çox əhəmiyyətli, vacib və əlamətdar günlərlə, hadisələrlə zəngin olmuşdur. Bu gün də müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. 
Ən böyük uğurlarımızdan biri də dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların birliyinə, həmrəyliyinə nail olunmasıdır. Tarixi Qələbəmizdən sonra Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tariximizə Zəfər Qurultayı kimi yazıldı. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı araya gətirən bu Qurultay həm də böyük rəmzi məna daşıyır. Belə ki,  Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında fəallıq göstərən insanlar məhz, qəhrəman Azərbaycan oğullarının dastan yazdığı qədim Şuşada bir araya gəldilər. 
Onsuz da Şanlı Qələbədən sonra qədim mədəniyyət paytaxtımız Şuşada bir sıra mötəbər tədbirlər keçirilmişdir. 12 may 2021-ci ildə Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi, 18 sentyabr 2021-ci il tarixdə ilk dəfə Milli Musiqi Günü Şuşada keçirildi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edildi, 2021-ci il avqust ayının 30-da Şuşada H.Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri keçirildi, 18 mart 2022-ci ildə Şuşa şəhərində Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Möhtərəm Prezidentimiz və ailə üzvləri işğaldan azad olunmuş ərazilərə, o cümlədən dilbər Şuşaya dəfələrlə səfər etdilər. 
Tarixi Zəfərdən sonra ilk dəfə keçirilən Dünya Azərbaycanlılarının növbəti V Qurultayında Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev proqram xarakterli nitq söylədi. Möhtərəm Prezidentimiz qeyd etdi ki : “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının  Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. 
Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu Qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, Qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.
Zəfər Qurultayı dünyada yaşayan hər bir azərbaycanlı üçün qürurverici bir hadisədir. 30 ildən sonra Azad Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha növbəti mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində yazılan yeni bir tarixi hadisədir. Müzəffər Ali Baş Komandan öz çıxışı zamanı bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin öz tarixi əhəmiyyəti və rəmzi mənası vardır. “Mən bilirəm, dünyanın hər bir yerində yaşayan Azərbaycanlılar bilirlər ki, onların arxasında güclü bir Azərbaycan dövləti var və o heç vaxt öz vətəndaşlarını darda qoymaz !” 
Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə həm də böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordularından biri kimi tarixə düşdü. 
İndi bölgəmizdə reallıqlar tamam başqadır, xalqımızın alnı açıq, üzü ağ, başı ucadır. Bundan sonra da belə olacaqdır. Zəngin tarixə malik olan Azərbaycan xalqı Qalib xalq kimi doğma Qarabağımızda əbədi yaşayacaqdır. Müstəqil Azərbaycan dövləti daha böyük uğurlara imza atacaq, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli dövlətə çevriləcəkdir. Bizlərin bir yolu var, bu yol ancaq və ancaq ulu Heydər Əliyev yolu, necə deyərlər haqq yoludur ! Heç vaxt, heç bir qüvvə doğma Azərbaycanımızı tutduğu bu haqq yolundan dönrdərə bilməyəcəkdir!!! 
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri,


Tarix: 25-04-2022, 17:01 Oxunub: 898


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı