Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən və xalqın istəyi ilə yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi şərəfli və mənalı yoldan danışıb. O bildirib ki, partiya qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək artıq ümumxalq partiyasına çevrilib. Rayon təşkilatının mövcud durumu, ötən dövr ərzində əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verən rayon təşkilatının sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Möhtərəm Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu gün Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında inamlı inkişaf yolundadır.
Partiya veteranları - YAP Qazax rayon təşkilatının ilk sədri Abbas Göyüşov, Gülnaz Alişanova, Kazım Kazımlı, partiya fəalı Aynurə Abbasova çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən, yarandığı gündən böyük uğurlara, nailiyyətlərə, qələbələrə imza atan alternativsiz partiya olduğunu qeyd ediblər.
Sonra Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda yubiley yaşı tamam olan partiya veteranları fəxri fərmanla təltif olunub, onlara hədiyyələr verilib. Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər















