Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşündən sonra mətbuata verdiyi bəyanat ölkəmizin xarici siyasət prioritetlərini, beynəlxalq əməkdaşlığa verdiyi önəmli əhəmiyyəti və Azərbaycan-Kamboca münasibətlərinin inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Bu səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Möhtərəm Prezident İlham Əliyev cənabları bəyanatında vurğuladı ki, Azərbaycan ilə Kamboca arasında siyasi münasibətlər yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq mövcuddur. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda qarşılıqlı dəstək iki dövlətin münasibətlərinin əsas istiqamətlərindəndir. Dövlətimizin Başçısının qeyd etdiyi kimi, bu siyasi yaxınlıq ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Bəyanatın ən diqqətçəkən məqamlarından biri də iqtisadi və ticarət əməkdaşlığının inkişafı ilə bağlı fikirlər idi. Möhtərəm Prezident cənab İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi. Qeyd olundu ki, bu məqsədlə ticarət və investisiya sahələrində praktiki əməkdaşlıq məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması mühüm addımdır. Müasir dövrdə coğrafi məsafə əməkdaşlıq üçün həlledici maneə deyil. Əsas məsələ qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi, mövcud imkanların düzgün qiymətləndirilməsi və konkret layihələrin həyata keçirilməsidir.
Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif regionlarla qarşılıqlı faydalı əlaqələr qurmaq, dostluq münasibətlərini iqtisadi nəticələrlə möhkəmləndirməkdir. Kamboca ilə əməkdaşlığın inkişafı da ölkəmizin Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu baxımdan səfər çərçivəsində imzalanmış sənədlər və müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri gələcək münasibətlər üçün əlavə imkanlar açır.
Möhtərəm Prezident İlham Əliyev cənablarının bəyanatında mina probleminə də xüsusi yer verildi. Dövlətimizin Başçısı Azərbaycanın və Kambocanın bu sahədə oxşar çətinliklərlə üzləşdiyini vurğuladı. Möhtərəm Prezident onu da qeyd etdi ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin nə qədər ciddi olduğunu göstərir. Bu istiqamətdə təcrübə və bilik mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Humanitar təhlükəsizliyin təmin olunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin diqqətində olmalıdır.
Dövlətimizin Başçısı sülh və təhlükəsizlik məsələlərinə toxunaraq bildirdi ki, davamlı inkişafın əsas şərti beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət edilməsidir. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.
Baş nazir Hun Manetin Azərbaycana səfəri və Bakıda keçiriləcək AQEM Zirvə görüşündə iştirakı da beynəlxalq əməkdaşlıq baxımından əlamətdardır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoqa, qarşılıqlı etimada və regional təhlükəsizliyə verdiyi töhfənin ifadəsidir.
Beləliklə, Möhtərəm Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Siyasi dialoqun iqtisadi tərəfdaşlıqla tamamlanması, humanitar məsələlərdə təcrübə mübadiləsi və beynəlxalq hüquq prinsiplərinə sadiqlik iki ölkə arasında əməkdaşlığın əsas dayaqlarıdır. Bu səfər bir daha göstərir ki, Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Ariz Mehtiyev
YAP Qazax rayon təşkilatının partiya fəalı
Bölməyə aid digər xəbərlər















