Xalqımızın taleyində böyük önəm daşıyan, xüsusi əhəmiyyətə malik olan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i müdrik xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yazan və yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, öz xalqını canından artıq sevən və daim xalqına arxalanan Ümummilli Liderimiz Heydər Əliyevdir.
Yaşlı və orta nəslin nümayəndələri müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan acınacaqlı mənzərəni yaxşı xatırlayırlar. AXC - Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən müxtəlif şəxslərin tabeçiliyində olan silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri özbaşınalıq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız öz hakimiyyətlərini saxlamağı düşünərək ölkəmizə faciələr gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmış, dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə ciddi təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı yersiz iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmənçilik vəziyyətinə gətirmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. 1993-cü ildə respublikada artıq gündəlik həyatımızın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq - aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Kriminal düşüncəli şəxslər dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC - Müsavat üzvləri arasında qruplaşmalar yarandı və birincilik uğrunda biri - birinə qarşı mübarizə başladı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi, sanki Ali Baş Komandan olduğunu unutmuş bu şəxs, nazirlərin fəaliyyətinə belə nəzarət etməyi bacarmırdı. Beləliklə, AXC - Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşa, Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını yalnız və yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Ümummilli Liderimiz Heydər Əliyev həmin dövr barədə belə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Bu gün Ümummilli Liderin layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz yeni - yeni nailiyyətlər, qələbələr qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın sürətli inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz töhfəsini verir. Ölkə başçımızın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasət yürüdən bir ölkə kimi tanınıb. Bəli, müstəqil Azərbaycan dövləti qloballaşan dünyadakı çətinliklərə baxmayaraq gələcəyə doğru inamla, qətiyyətlə addımlayır, yeni-yeni qələbələrə, uğurlara imza atır. Müdrik xalqımız qəti əmindir ki, bu belə də davam edəcəkdir, çünki xalqımızın tutduğu yol doğru yoldur, haqq yoludur, bu yol Ulu Heydər Əliyev yoludur. Heç vaxt, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz!
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər