Millət vəkili Fazil Mustafa terrora məruz qaldı. Sui-qəsdçi onu avtomat silahdan güllə-barana tutsa da, xoşbəxtlikdən yalnız 2 güllə onun sağ çiyninə və bud nahiyəsinə isabət etdi, millət vəkili sağ qaldı. Hadisənin DTX-nın yaradılmasının 104-cü ildönümündə baş verməsi təsadüfi olmaya bilər.
Xatırlayırsınızsa, iki il yenə eyni gündə Cəmil Həsənlinin qızının intim görüntüləri yayılmış, sanki hansısa qüvvə bu təxribatın arxasında DTX-nın olduğu görüntüsünü yaratmağa çalışmış, bununla da sözügedən təhlükəsizlik qurumuna “sürpriz ad günü” hədiyyəsi göndərmişdi. Hədəf isə bəlli idi: Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantı olan qurumu gözdən salmaq, öz təyinatı üzrə fəaliyyət göstərmədiyi qənaətini formalaşdırmaq.
İstər daxili, istərsə də xarici təxribatçılara qarşı amansız mübarizəsi ilə yadda qalan DTX-ya qarşı gözdənsalma və təxribat kampaniyası bununla da bitmir. Xüsusilə son zamanlar kampaniyanın intensivləşməsi gözdən yayınmır və ard-arda baş verən bir çox hadisələrin eyni hədəfə yönəldiyi açıq şəkildə özünü büruzə verir.
Son təxribat hadisələrinin zamanlaması da maraqlıdır. Nəzərə alsaq ki, Fazil Mustafa anti-İran ritorikası ilə seçilən deputatdır və hadisədən bir gün qabaq DTX-nın İran casuslarına qarşı uğurlu əməliyyatlar keçirmişdi, üstəlik, Azərbaycan bir gün sonra İsraildə səfirlik açacağını duyurmuşdu, o zaman ölkəmizin təhlükəsizlik qurumuna qarşı təxribat planının məhz indi işə salınması təsadüfə oxşamır. Bundan əlavə, cəmi bir neçə gün əvvəl Azərbaycan Qarabağda anti-terror əməliyyatına başlamışdı.
Xüsusi təyinatlılarımız Şuşa-Turşsu-Laçın yolunu nəzarətə götürmüşdülər. Rəsmi Bakının aylardır dilə gətirdiyi və beynəlxalq müzakirələrə səbəb olan Laçın yolunda nəzarət-buraxılışı məntəqəsi qurmaq təşəbbüsü böyük ölçüdə öz həllinə yaxınlaşmışdı. Yəqin ki, yaxın günlərdə nəzarət-buraxılış məntəqəsinin qurulduğu xəbərlərini də eşidəcəyik.
O da bəllidir ki, İran adlı qonşumuz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsini açıq şəkildə özünün “qırmızı cizgisi” elan edib və bu nəyin bahasına olursa-olsun ölkəmizin ana südü qədər halal olan torpaqları uğrunda mübarizəsinə imkan verməyəcəyini gizlətmir.
Anti-terror əməliyyatında isə təkcə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları iştirak etmir. Onlarla birlikdə DTX əməkdaşlarının gözə görünməyən fəaliyyəti də bu cür əməliyyatlarda öz sözünü deyir. Xüsusilə, düşmən mövqelərinin təsbiti, onların hərəkət marşrutu və planları DTX əməkdaşları tərəfindən müəyyənləşdirilir, məlumatlar əlaqədar qurumlara ötürülür.
İran da buna paralel olaraq boş dayanmır, ölkəmizdəki təxribatçı fəaliyyətini getdikcə artırır, müxtəlif təhdidləri subliminal mesajlarla şüuraltımıza yerləşdirməyə çalışır. Məqsəd Azərbaycan xalqının döyüş əzmini zəiflətmək və əhalidə xof yaratmaqdır. Mental savaş deyilən bu təhdidlərə qarşı mübarizədə yenə ön cərgədə DTX strukturları dayanır. Maraqlıdır ki, belə kritik zamanlarda DTX rəisi, general-polkovnik Əli Nağıyevin gözdən salınması, müxtəlif ittihamlarla günahlandırılması kampaniyasına da start verilib.
Əli Nağıyevə qarşı ittihamlar bir zamanlar onunla yaxın münasibətlərdə olan şəxs tərəfindən dilə gətirilir. Vaxtilə Badamdar bələdiyyəsinin sədri olan, indisə iş adamı kimi fəaliyyət göstərən Bəybala Hüseynov DTX rəisinə qarşı çox ciddi ittihamlar irəli sürür. Əsasən də oğlunun ölümündə Əli Nağıyevi günahlandırır. Bəs bu ittihamlar nə qədər əsaslıdır?
Sözsüz ki, bu suala ən yaxşı cavabı həmin ölüm hadisəsinin obyektiv istintaqı verə bilər. Hadisə Türkiyədə baş verdiyindən və bu ölüm faktı Türk hüquq-mühafizə orqanları tərəfindən artıq araşdırıldığından ümid edirik ki, qardaş ölkənin müvafiq dairələri məsələ ilə bağlı öz rəsmi mövqeyini açıqlayacaq və Azərbaycanın ən kritik zamanında sanki qəsdən meydana gətirilən şüur bulanıqlıqlarını ortadan qaldıracaq. Hələlik isə onu deyə bilərik ki, Bəybala Hüseynovun səsləndirdiyi ittihamlarda bir çox tutarsızlıqlar, ziddiyyətli məqamlar var. Bu yazıda həmin məqamlardan bəzilərinə toxunmaq istərdik.
1. Əli Nağıyev 200 min manat pula görə kimisə ortadan qaldıra bilərmi?
Qeyd edək ki, Bəybala Hüseynovun iddiasına görə, o, öz oğlunu Baş Prokurorluqda xırda bir işə düzəltmək üçün Əli Nağıyev vasitəsilə 2015-ci ildə o dövrün Baş Prokurorluğunun rəhbərliyinə 200 min dollar rüşvət verib. Nəticədə oğlu Emin Hüseynov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində kargüzarlıq vəzifəsinə işə götürülüb. Həmin idarədə işlədiyi 2 il müddətində xidməti isə hardasa bütün Baş Prokurorluq əməkdaşlarına sürücülük etmək olub. Ataya 1 ildən sonra Emin Hüseynova yaxşı vəzifə veriləcəyi vəd olunsa da, bu sözə əməl edilməyib.
İddianı inandırcı etməyən başlıca xüsus adi bir kargüzarlıq və ya sürücülük üçün Bəybala Hüseynovdan 200 min dollar qədər böyük məbləğdə pulun istənilməsidir. Hər halda yaxşı bir biznesmen olduğunu gizlətməyən və pulun qiymətini bilən Bəybala Hüseynov xırda bir iş üçün o qədər vəsaitin xeyli çox olmasını anlamamış deyildi. Buna görə də heç bir sövdələşmə aparmadan həmin vəsaitin yaxınlarından toplayıb rüşvət kimi verməsi inandırıcı deyil.
Üstəlik, 200 min dollar bir insanı qətlə yetirmək üçün də böyük vəsait sayılmaz. Hətta Bəybala Hüseynovun öz ittihamlarını səsləndirmək üçün qurduğu ssenari üzrə qətlin həyata keçirilməsi belə, yəqin ki, 200 min dollardan çox edər. Belə olan halda, Baş Prokurorluğun rəhbərləri ən asan yolu – pulu qaytarmağı bir kənara qoyub, bəlkə də daha artıq vəsait tələb edən və xeyli təhlükəli görünən başqa alternativlərə niyə əl atsın?
Görünür, Bəybala Hüseynovun özü də hələ 2019-cu ildən bəri irəli sürdüyü bu ittihamın inandırıcı olmadığını görüb, son zamanlar daha fərqli arqumentlər irəli sürməyə başlayıb. Yeni iddiaya görə, onun oğlu Emin Hüseynov Əli Nağıyevin bəzi sirlərini yaydığına, indiki DTX sədrinin düşmənlərinə sızdırdığına görə qətlə yetirilib. O zaman isə ortaya belə sual çıxır: Əli Nağıyev bu qədər güclüdürsə və hələ Baş Prokurorluqda hansısa bir idarənin müavini işlədiyi zamanlar öz əleyhinə sirr daşıyıcı olan birini zərərsizləşdirməyi bacarırdısa, indi niyə bu sirləri faş edən Bəybala Hüseynovun ağır ittihamlarına dözür? Axı Əli Nağıyev əvvəlki ilə müqayisədə indi daha yüksək vəzifədədir və daha ciddi imkanlara malikdir.
Üstəlik, Bəybala Hüseynovun oğlunu işə düzəltmək üçün 200 min dollar verməsini təsdiqləyən hər hansı ciddi dəlili də yoxdur. O, 2019-cu ildə “Azadlıq” TV-yə verdiyi müsahibəsində jurnalistin bu barədə sualına cavab verərək deyir ki, bunun şahidi qohumlarıdır. İş adamı guya rüşvət toplamaq üçün qohumlarına müraciət edib və yığdığı pulu qardaşı ilə bərabər ünvanına çatdırıb. İndisə həmin qardaşının oğlunu da Emin Hüseynovun qətlində günahlandırır. Dolayısıyla yeganə “şahid”inin də maraqlarına “toxunaraq” onu “susmağa vadar edir”.
Bəybala Hüseynovun digər “dəlili” Əli Nağıyevlə etdiyi telefon söhbətinin audio-yazısıdır. Halbuki, audio-yazıda konkret rüşvət verildiyi və onun miqdarı barədə hər hansı məlumat əks olunmur. Sadəcə, Bəybala Hüseynov söhbət zamanı tərəf-müqabilinə “mən bilsəydim, onu verməzdim ki, oğlumu işə düzəltsinlər”, - deyir. Əli Nağıyev isə cavabında “sənin oğlunu Türkiyəyə kim göndərib”, - deyə soruşur. Şikayətçinin iddiasına görə, burada söhbət 200 min dollardan gedir. Cavabdan isə o nəticə çıxmır.
Bəybala Hüseynov rüşvət verdiyini bir də onunla əsaslandırır ki, guya oğlunu Baş Prokurorluqda qanunsuz işə götürüblər. Çünki məhrum Emin bəy əsgərlikdə olmayıb və xəstə idi. Dolayısıyla onu Baş Prokurorluqda işə götürmək olmazdı. Halbuki “Dövlət qulluğu haqqında” qanunda məsləhətçi vəzifəsinə təyinat üçün hər hansı sağlamlıq kağızı tələb edilmir. Sağlamlıq tələbi prokurorluq işçisi və ya əməliyyat-axtarış fəaliyyəti subyektinin əməkdaşına, yəni hüquq-mühafizə və ya hərbi xidmət qulluqçularına şamil olunur. Hərbi xidmət keçməyən Eminin Baş Prurorluqda daha yüksək vəzifəyə gətirilməməsi də atanın iddialarını yalanlayır. Əgər doğrudan da ondan oğlunun yaxşı işə düzəlməsi üçün 200 min dollar alınmışdısa, təbii ki, bu iki xırda məsələ də asanlıqla öz həllini tapardı.
Telefon danışığından aydın olur ki, Əli Nağıyev tərəf-müqabili ilə bir dövlət məmuru kimi yox, oğlunu itirmiş dərdli atanın dostu kimi danışır. O, Bəybala Hüseynovun səsləndirdiyi, özünün isə razılaşmadığı bir çox iddialara onsuz da ürəyi yaralı dostunun xətrinə dəyməmək üçün təmkinlə yanaşır, incə üslubla etirazını bildirir.
Söhbət əsnasında Bəybala Hüseynovun o zamankı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olan Kamran Əliyev barəsində ittihamedici iddialarına Əli Nağıyevin “Kamran müəllim yaxşı insandır” deyə incə şəkildə etiraz etməklə kifayətlənməsi də bu həssasiyyətdən xəbər verir. Yəqin razılaşarsınız ki, özünü zərərçəkmiş insan kimi hiss edən şikayətçilərlə tez-tez görüşən hər bir hüquq adamı qarşısındakının psixoloji vəziyyətini nəzərə alıb onun əsassız gördüyü ittihamlarına məhz bu cür cavab verərdi. Mümkündür ki, Əli Nağıyev də ona eyni həssasiyyəti nümayiş etdirməyi məsləhət bilib. Qısası, Bəybala Hüseynovun 200 min dollar rüşvət verdiyini sübut etmək üçün yaydığı audio-yazı da yetərli dəlil sayıla bilməz.
2. Bəybala Hüseynov niyə 2 il susub?
Məsələnin ən maraqlı tərəfi hadisənin 2017-ci ildə baş verdiyi halda ittihamların ilk dəfə 2019-cu ildə səsləndirilməsidir. Bəybala Hüseynov özünə bu qədər əmin idisə və dediyi kimi, oğlunun qisasını almağı planlaşdırırdısa, onda niyə 2 il susmağa üstünlük verirdi? Axı özünü zərərçəkmiş kimi hiss edən adamın qisas hissi isti-isti daha şiddətli olur. Zaman keçdikcə onun təsir gücü azalır. Nədənsə Bəybəlanın qisas hissəsi getdikcə şiddətlənib və 2019-cu ildə “dayanılmaz hala” gəlib.
Şikayətçi bu “tərsinə inkişafı” həmin vaxtlar Prezident İlham Əliyevin xalqa səslənərək, mediada çıxan iddiaları diqqətə alacağını və onları yoxlayaraq əks-tədbirlər görəcəyini bildirməsi ilə izah edir. Bununla da əslində etiraf edir ki, məqsədi oğlunun “qatillərini” müəyyənləşdirməkdən çox, Əli Nağıyevi qaralamaq, nüfuzuna xələl gətirməkdir.
Məsələyə bu baxımdan yanaşanda “etiraf”ların məhz 2019-cu ildə səsləndirilməsinin bir başqa boyutu da ortaya çıxır. Bilirsiniz ki, Əli Nağıyev 2019-cu ilin 20 iyun tarixində DTX rəisi vəzifəsinə təyin olunub. Bəybala Hüseynov isə ilk dəfə bu ittihamlarını həmin ilin 29 martında “Azadlıq” TV-yə müsahibəsində dilə gətirib. Təyinatdan hardasa 3 ay əvvəl.
Sirr deyil ki, Mədət Quliyev DTX sədri vəzifəsindən uzaqlaşdırılıb başqa işə göndərildikdən sonra onun yerinə göz dikənlərin sayı artmışdı və onlar alternativləri sıradan çıxarmaq üçün hərəkətə keçmiş ola bilərlər. Sözsüz ki, bu işdə xarici kəşfiyyat orqanlarının da fəaliyyəti də istisna edilməməlidir. DTX rəisi vəzifəsinə ən uyğun kadr isə Əli Nağıyev idi. Təsadüfi deyil ki, o, həmin vəzifəyə təyin olunanda bəzi təcrübəli təhlükəsizlik ekspertləri və dövlət adamları media açıqlamalarında Əli Nağıyevin peşəkarlığını etiraf edir, generalın bu quruma ciddilik gətirəcəyinə inamlarını bildirmişdilər.
Təbii ki, bütün rəqiblər bu həqiqəti etiraf edəcək qədər obyektiv deyildilər. İstisna olunmur ki, hakimiyyətdəki və xaricdəki maraqlı dairələr Əli Nağıyevin perspektiv təyinatından erkən xəbər tutub, ondan narazı qalanları aktivləşdirmək fikrinə düşüblər. Əli Nağıyevi ləkələməyin ən qısa yolu isə oğlunun öldürülməsindən şübhələnən atanı danışdırmaqdı.
3. Emin Hüseynovu kim izləyib?
Bəybala Hüseynovun iddialarına görə, oğlu ölümündən qabaq 4-5 nəfər tərəfindən izlənilib. Ata nədənsə bu izləmənin Əli Nağıyev tərəfindən təşkil olunduğuna inanır. Halbuki, dəlillərin və iddiaların analizi bu izlənmə prosesində ən az maraqlı tərəfin Əli Nağıyev ola biləcəyini göstərir. Belə ki, atasının iddiasına inansaq, oğlunu izləyənlər avtomobil dayanacağında işləyən bir nəfərə onun maşınını göstərib sahibinin kim olduğunu xəbər alıblar. Hətta Emin Hüseynovun şəkilinin də həmin şəxsə göstərildiyi qeyd olunur.
İddiaya görə, bu məlumatı Eminə həmin xidmətçi verib və bildirib ki, onu izləyənlər Eminin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işlədiyini eşidən xeyli təəccübləniblər. Üzəridən bir az keçdikdən sonra sözügedən idarəyə gəlib Əli Nağıyevlə danışıblar. Guya Əli Nağıyev onlarla danışıb qaldırdıqları problemi həll edəcəyinə və öz işçisini cəzalandıracağına söz verib. Qeyd edək ki, bu barədə də Bəybala Hüseynovun əlində heç bir dəlil yoxdur və o, öz ağır ittihamlarında sadəcə şübhələrə əsaslanır. Bu şübhələr də heç bir məntiqi mülahizələrə dözmür, kiçik bir analizdə belə sabun köpüyü partlayır. Zira, iddiaların doğruluğunu fərz etsək belə, Emini izləyən şəxslərin Əli Nağıyevə bağlı olduqları barədə mülahizələr inadırıcı görünmür.
Əvvəla, ona görə ki, əgər belə olsaydı, Əli Nağıyevin işçiləri Emini tanıyar və onun kimliyi ilə maraqlanmazdılar. Ən əsası isə, ondan şikayət etmək üçün Əli Nağıyevin üstünə getməzdilər. O da mümkündür ki, həmin izləmələr Əli Nağıyevə yaxın olmayan qurumlar tərəfindən həyata keçirilib, Emin Hüseynovun hansısa nöqsanı üzə çıxıb və o öz rəhbərinə şikayət edilib. Təbii ki, yuxarıda haqqında danışdığımız ehtimallar Bəybala Hüseynovun şübhələrinin həqiqət olduğunu qəbul edildiyimiz təqdirdə keçərlidir. Bir də şübhələrin əsaslı olmadığı ehtimallar var və bu ehtimallar digərlərindən daha ağlabatan xüsuslar ehtiva edirlər.
Emin Hüseynovun təqibini aparan şəxslərin iki fərqli maşın nömrələrindən istifadə etdiyi bildirilir. Mərhumun telefonunun yaddaşından çıxan bir qeyd də guya bu faktı təsdiqləyir. İddialara görə, təqib əməliyyatında sadəcə bir maşın iştirak edib. Həmin maşın gah bu, gah da digər nömrə ilə öz fəaliyyətini yürüdüb. Bəybala Hüseynova inansaq, o nömrələr əslində saxtadır və dövlət qeydiyyatına alınmayıb. Azərbaycanda bu kimi məxfi nömrələrdən əsasən hansı dövlət qurumunun istifadə etdiyi bəllidir. Yəqin razılaşarsınız ki, həmin vaxt Əli Nağıyevin işlədiyi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin belə məxfi nömrəli maşınları olmayıb. Bu gün ittihamlara məruz qalan generalın isə həmin vaxtlar təhlükəsizlik orqanlarında dostundan çox, düşməni vardı. Yəni bu iki xüsus da sözügedən təqib əməliyyatında (əgər həqiqətən olubsa) Əli Nağıyevin rolunu inkar edir.
Bəybala Hüseynovun digər bir iddiası da azacıq obyektiv təhlilə dözmür. Onun iddiasına görə, oğlu Emin Hüseynov Əli Nağıyevin məxfi görüşlərinə sürücülük edib. Əgər o görüşlər həqiqətən məxfi idisə, deməli, Emin Hüseynovun izlənməsində ən az maraqlı tərəf Əli Nağıyev olmalı idi. Çünki sürücünün izlənməsi bu görüşlərin konfidensiallığına xələl gətirərdi.
4. Emin niyə izlənilib?
Bəybala Hüseynovun bu barədə irəli sürdüyü versiya özəl həyatla əlaqəli olduğundan bunun üzərində dayanmaq istəmirik. Sadəcə onu bildirməklə kifayətlənirik ki, Bəybala Eminin qaynanasının onunla söhbətlərindən birində bu işi çox qurdalamamağı məsləhət gördüyünü bildirib. Qaynana inanırmış ki, Emin “tərbiyəsizliklə” məşğul imiş və bu işin istintaqı aparılarsa məhrumun bəzi əməlləri üzə çıxa bilər. Məntiqlə də Emin Hüseynov sadəcə kiməsə sürücülük edir və 4-5 saat maşında oturub kimisə gözləyirdisə, o zaman təqibçilərin ondan şübhələnməmələri lazım idi.
5. Emini kim öldürüb və bu planda kimlər iştirak edib?
Bəybala Hüseynovun bu barədə iddiaları da çox qarışıqdır. O, qətlin sifarişçisi kimi yalnız bir nəfərdən şübhələnsə də, yenə onun fikrincə, “plan”ın həyata keçirilməsində iştirak edənlərin sayı xeyli çoxdur. Üstəlik, bu iştirakçılar Eminə yad adamlar da deyil. Ata ilk əvvəl öz gəlininin bu qətldə rol oynadığından şübhələnir. Hətta oğlunun zəhərlənməsini təşkil edənin məhz gəlin olduğunu bildirir. Bununla da kifayətlənmir, qətlin dəlillərinin yox edilməsində həm öz qardaşının, həm də qaynının oğlunu günahlandırır.
Bildirdiyinə görə, Emin öldürüldükdən sonra onun telefonlarından biri ya öz qardaşı oğlu, ya da qaynı oğlu tərəfindən dənizə atılıb, digərindəki mesajlar isə silinib. Maraqlıdır ki, Bəybalanın qaynının oğlu həm də Eminin yoldaşının xalası oğludur. Yəni ikitərəfli qohumluqdan söhbət gedir. Atanın iddialarını dinlədikcə, belə anlaşılır ki, Emin Hüseynovun ailəsində və qohumları arasında hər kəs ona düşmən imiş. Əlbəttə ki, bir tayfada hamının bir nəfər kimi Eminin öldürülməsində rol oynaması da mümkün deyil. ÜstəliK, hətta Eminin Türkiyəyə turist səfərini təşkil edən turizm şirkəti belə, atanın gözündə qətlin əsl icraçısı ola bilər. Çünki o firmanın sahibinin familiyası Nağıyevadır. Bir sözlə, ölkədə nə qədər Nağıyev soyadlı adam varsa, bu “qətl”in iştirakçısıdır, vəssəlam.
6. Bəs Emin necə “öldürülüb”?
Atanın bu barədə iddiaları da təzadlıdır. O, gah oğlunun Antalyada yat gəzisinə çıxığı zaman “çubuqlu fanta” ilə, gah da gəlini tərəfindən zəhərləndiyini irəli sürür.
İddialar arasındakı təzadlar onu göstərir ki, oğul itkisindən ağır psixoloji sarsıntıya məruz qalan ata ağlına gələn bütün şübhələrini media orqanlarında tirajlayır və bunların nə qədər əsaslı olub-olmadığını araşdırmır.
7. Hadisənin real şahidləri nə deyirlər?
Emin Hüseynov dünyasını dəyişən zaman onun yanında yoldaşı Elfira Hüseynova olub. Bu mənada ən etibarlı şahid də Elfira xanım ola bilər. O isə həmin məşum hadisəni belə xatırlayır: “Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da eyni qabdan Emin. Başqa heç bir qida qəbul etməmişik”.
Elfira xanımın bu etirafları Eminin yaxtada zəhərlənərək öldürülməsi ehtimalını tamamilə inkar edir. Çünki Emin içərisinə zəhər qatılmış fanta ilə qətlə yetirilsəydi, məntiqlə onunla eyni qabdan eyni mayeni içən Elfira da indi həyatda olmazdı. Görünür, gəlinin bu etirafları da Bəybala müəllimi tam qane edib. O, indi oğlunun fanta ilə yox, gəlinin dərman yerinə verdiyi zəhərlə zəhərləndiyinə inanır. Yəqin ki, bu ittihamın ortaya çıxmasında Elfira xanımdan Bəybəla Hüseynovun şübhələrini təsdiqləyən cavabın alınmaması da öz rolunu oynayıb.
Gəlinin iddialarına görə, yaxta turundan qayıtdıqları günün sabahısı Emin “idmana gedib, 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxıb, təxminən 30-40 dəqiqə sonra otağa zəng gəlib: “Eminin halının pisləşməsini xəbər verdilər. Aşağı düşəndə artıq təcili yardım gəlmişdi. Həmin vaxt Emin özündə deyildi, sudurqa vəziyyətində idi. Emini “Anadolu” özəl xəstəxanasına apardılar, ondan sonra yoldaşımı cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bildim”.
Sual oluna bilər: İdmana gedən Eminin birdən-birə halının dəyişməsi və sudurqa vəziyyətinə düşməsi, təcili xəstəxanaya çatdırılmasına rəğmən dünyasını dəyişməsi onun həqiqətən də zəhərlənərək öldürülməsinin dəlili ola bilərmi?
Əlbəttə ki, bunu tibbi ekspetiza müəyyənləşdirə bilər. Bəybala Hüseynovun iddiasına görə, onun oğlunun vəfatı ilə bağlı aldığı tibbi ekspertiza rəyində zəhərlənmə faktı təsdiqlənib. Amma o həm də bildirir ki, oğlunu ölüm qabağı müalicə edən həkim onun zəhərlənməsi faktını istintaqdan gizlədib. Bununla bağlı özünün əldə etdiyi sənədləri Türkiyə prokuroruna təqdim edib və ondan bu faktı araşdırmağı istəyib. Prokuror isə ona “bu mənim işimdir, sən bu məsələyə qarışma” deyib. Açığı, Türkiyə Prokurorluğunun bu işi araşdırmaqda maraqlı olmaması da inandırıcı deyil və böyük ehtimalla, prokuror ürəyi yaralı atanın psixoloji sarsıntı keçirdiyindən nə gəldi danışdığını düşünərək onu başından uzaqlaşdırıb.
Azərbaycan Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı rəsmi məlumatlar isə başqa şeylər deyir. Prokurorluğun rəsmi açıqlamasında bildirilir ki, Türkiyə Respublikasında aparılmış istintaqla E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmayıb, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib. Bir daha təkrar etməkdə yarar görürük ki, bu iddia Azərbaycan Respublika Prokurorluğunun yox, Türkiyə Baş Sağcılığının gəldiyi qənaətdir.
Prokurorluğun bu iddiasını Emin Hüseynovun qaynanası Aygün Mövsumova da təsdiqləyir: “Qızım 2016-cı ildə ailə qurandan sonra Emin iki dəfə də əməliyyat oldu. Rəhmətliyin şəklinə baxanda da görsənir ki, zəif, xəstə uşaqdı”, - Aygün Mövsümova mətbuata açıqlamasında deyib.
Qaynana açıqlamasında daha sonra bildirir: “Onlar (Eminlə yoldaşı – red.) 2017-ci ilin avqust ayında Antalyaya getməzdən öncə analiz verdilər, nəticələr ürəkacan olmadı, pis çıxdı. Emin xəstəliyi ilə bağlı əvvəllər uzun müddət Türkiyədə yaşayıb. Hətta nişanlı olan vaxtı da Ukraynaya getmişdi, orda da qanaxma olmuşdu Emində. Bəybala hansı sağlamlıqdan danışır ki, uşaq il boyu qızdırma içində olurdu?”.
Aygün Mövsümovanın iddiasına görə, “Emin 3 dəfə qaraciyərindən əməliyyat olunub, hər gün qan qusurdu. Qaraciyəri dəyişilən, müalicəsi üçün dəfələrlə xarici ölkədə olan, il boyu qızdırması olan adamın kimsə tərəfindən zəhərlənməsini demək gülüncdür”. Bir sözlə, Aygün Mövsümova Eminin xəstəlik nəticəsində dünyasını dəyişdiyinə inanır.
O, həmçinin qeyd edib ki, kürəkəninin qaraciyərindəki nasazlıqlar son zamanlar onda digər xəstəliklərə də yol açmışdı: “Fevral ayında (rəhmətə gedən ili nəzərdə tutur) Eminin qanı düşdü və mədəsinə qan sızdı, təcili Türkiyəyə apardılar və əməliyyat elədilər. Sonra aprel ayında varikoz genişlənməsi oldu. Bir sözlə, mənim qızım cəmi 11 ay orda gəlin oldu və 11 ay ərzində bir gün belə Eminin vəziyyəti yaxşı olmadı. Hər gün haldan hala düşürdü”.
Söhbətləşdiyimiz tibb mütəxəssislərinin fikrincə, varikoz genişlənməsi xəstəliyinin başlıca səbəbi irsi faktorla əlaqədardır. Elədirsə, Emingilin ailəsində də eyni xəstəlikdən əziyyət çəkən varmı? Gəlin, bu suala cavabı da Aygün xanımın dilindən eşidək: “Bəybala bilmirəm nəyin peşindədi, amma danışdıqlarının hamısı yalandır. Birinci onu deyim ki, Bəybalanın bir oğlu yox, iki oğlu var. Allah şəfasın versin, onun ikinci oğlu da xəstədir”.
Aygün xanımın bu iddialarını, yəqin ki, bu işin istintaqını aparanlar araşdıracaqlar. İnsafən, Bəybala müəlimin özü də digər övladının xəstə olduğunu inkar etmir. Bununla belə, mərhum oğlunun əsl ölüm səbəbinin araşdırılmasına inadkarlıqla qarşı çıxır və bu məqam qətiyyən başadüşülən deyil. Onun internetdə audio-yazısı yayılan Əli Nağıyevlə söhbəti də fikrimizi təsdiqləyir. Diqqətlə qulaq assanız, Əli Nağıyev ona istintaqla əməkdaşlıq etməyə, bu işin açılmasında bacardığı qədər köməklik göstərməyə çağırır. O isə Azərbaycanın hüquq mühafizə orqanlarına inanmadığını bəhanə gətirərək bu təkliflə razılaşmır.
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı rəsmi məlumat da Bəybala Hüseynovun istintaqın yenidən aparılmasına razı olmadığından xəbər verir. Rəsmi məlumatda bildirilir ki, Emin Hüseynov məzuniyyət hüququndan istifadə etdiyi vaxt vəfat edib, Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirib, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq ölüb: “Mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və atasının iddia etdiyi kimi, zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsinə cəhd göstərilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq vermir”.
Açığı, bu inadkarlıq Bəybala Hüseynovun əsl davasının oğlunun qisasını almaq olduğunu barədə mülahizələrə kölgə salır, onun hakimiyyətdəki və xaricdəki müəyyən qüvvələrin əlində rəqiblərini susdurmaq üçün alətə çevrildiyi qənaəti yaradır.
Heydər Oğuz
AZƏRBAYCANREALLIĞI.COM
Bölməyə aid digər xəbərlər