11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ƏLİ HƏSƏNOVUN “DOSTLARI” VƏ MİLYONLARI - Birinciləri qurban vermək olar, təki milyonlar əldən çıxmasın...

“Binada döşəməyə parketin vurulması nəzərdə tutulmuşdusa, ora laminant vuruldu, istifadə olunan materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı idi, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu, divarlara parça oboy vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərə Əli Həsənovun nəzarət etdiyini demiş, bu cür işlərə qarışmamağı tapşırmışdı…"
Bunları KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsində təqsirləndirilən şəxslərdən olan Bünyamin İsmayılov jurnalistlər üçün tikilən binalarda yol verilən yeyintilərdən danışarkən deyib.
Əlbəttə, demək olar ki, uzun illər boyu dövlət maliyyəsilə inşa edilən istənilən obyektin tikintisi müxtəlif maxinasiyalar və korrupsiya ilə müşayiət olunub. Mətbuat isə vaxtaşırı belə faktları imkanı daxilində işıqlandırmağa, korrupsiya əməllərinin ifşasına çalışıb. Yəni ki, korrupsiya bəlası ilə pis-yaxşı mübarizə aparmış kimi görünüb. Buna baxmayaraq, hətta cəmiyyətdə adətən “demoqoq” kimi tanınan və çox vaxt “əli yuxarılara çatan”, Allah qoymamış, guya dördüncü hakimiyyət rolunu oynayan, özündən əvvəlki üç hakimiyyət qolu üzərində ictimai nəzarəti həyata keçirməli olan jurnalistlərin özləri üçün tikilən binanın inşasından belə həyasızcasına pul oğurlamaq özü-özlüyündə unikal hadisədir. Nə qədər “cəsarətli”, “arxalı”, eyni zamanda da qorxusuz-ülküsüz olmalısan ki, buna gedəsən…

Zatən mətbuatı uzun illər gözdən salmaq, dəyərsizləşdirmək, ələbaxım etmək üçün bu adamlar tərəfindən hər cür vasitələrə əl atılıb və buna demək olar ki, nail olunub. Ancaq bu da azmış kimi, üstəgəl, jurnalistlərə verilməli olan binaları necə gəldi, keyfiyyətsiz, urvatsız şəkildə tikmək, həmin tikintidə külli miqdarda, özü də göz görə-görə, utanıb-çəkinmədən oğurluq etmək xüsusi “istedad”, daha açıq desək, sərhəd tanımayan acgözlülük və tamahkarlıq, həmçinin də qorxusuzluq tələb edir. Həm də bu, istər mətbuata, istərsə də dövlətin özünə qarşı saymazlığın, hörmətsizliyin, eyni zamanda da elə dövlət tərəfindən nəzarətsizliyin, cəzasızlığın ən pik həddi sayıla bilər. Ən azından ona görə ki, ölkə başçısı özü şəxsən mətbuatı izləyir və hansısa jurnalistin həmin binanın necə keyfiyyətsiz inşa və təmir edildiyi, burada necə böyük yeyintilərə yol verildiyi barədə məqaləsinə rast gələ bilərdi. Ancaq görünür, bu, həmin binaları inşa edənləri və onların hamımızın tanıdığı “krışaları”nı qətiyyən narahat etməyibmiş… 
Vüqar Səfərlinin məhkəməsini izləyənlərin nəzərindən qaçmış olmaz ki, sabiq KİVDF sədri hər nə qədər çətin duruma düşməsinə, bir ilə yaxındır həbsxanada olmasına və sözsüz ki, ciddi basqılarla üz-üzə qalmasına rəğmən, nə istintaq dövründə, nə də məhkəmədə demək olar ki, əsas günahkar olan Prezidentin sabiq köməkçisi Əli Həsənovun əleyhinə açıq şəkildə danışmayıb. Səfərliyə münasibət, hər nə qədər mənfi olsa da, bu davranışı, necə deyərlər, onun aktivinə yazıla bilər. Baxmayaraq ki, istər şahid ifadələri, istərsə də ümumilikdə Azərbaycan reallıqları və hamımızın yaxşı bələd olduğu Əli Həsənovun personasına aid xüsusiyyətlər onu deməyə əsas verir ki, sözügedən binaların tikintisində oğurlanan 18 milyon manatın bir qəpiyi də Prezidentin sabiq köməkçisindən xəbərsiz və onun “iştirakı” olmadan mənimsənilə bilməzdi.
Bizim əldə etdiyimiz məlumata görə, Əli Həsənov sözügedən binaların birincisinin tikintisindən 7 milyon, ikincisindən isə 11 milyon manat təmiz qazanc əldə edib. Mötəbər mənbənin bildirdiyinə görə, birinci binanın tikintisi başa çatdıqdan sonra tikintini həyata keçirən şirkətin sahibi - Rusiyada yaşayan milyonçu Mehrac Babayev 7 milyon manatı şəxsən və nağd şəkildə Əli Həsənova təslim edib.
Yeri gəlmişkən, sonrakı iki binanı tikən şirkətin əsas sahibi isə artıq Əli Həsənov özü idi. O, bu şirkətin 51 faizinə sahiblənməklə, əsas söz sahibinə çevrilmişdi.
Vüqar Səfərliyə gəlincə isə, yuxarıda qeyd edilənlərlə müqayisədə çox-çox kiçik məbləğlərə sahiblənən KİVDF sədrinin sadəcə icraçı olduğu və dostu Əli Həsənovun tapşırıqlarını gözüyumulu icra etdiyi heç kimə sirr deyil. Lakin bütün bu maxinasiyaları əks etdirən sənədlərdə Səfərlinin imzası durur və məhz buna görə də rəsmən əsas cavabdeh odur. 
Hələlik, demək olar ki, Əli Həsənovun əleyhinə heç bir ifadə verməyən, lakin özü də bir çox “xüsusiyyətlərinə” görə ondan geri qalmayan Səfərli vəzifəsilə vidalaşmasına baxmayaraq, bu gün məhbəsdə olmaya da bilərdi. Belə ki, “AzPolitika.info”-nun malik olduğu informasiyaya görə, ilkin olaraq, istintaqın əsas prioriteti mütləq Səfərlini və digərlərini həbs etmək yox, ilk növbədə dövlətə vurulan ziyanı, yəni 18 milyon manatı ödətdirmək olub. V.Səfərlinin hələ 2020-ci il aprelin 4-də KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilməsinə baxmayaraq, az qala bir il sonra - 2021-ci ilin yanvarında həbs olunması da bununla bağlıdır. Yəni, vəziyyətin bu yerə çatmaması üçün sadəcə, oğurlanan milyonların geri qaytarılması lazım idi ki, bunu da Əli Həsənov etməliydi. Hətta bununla bağlı müvafiq qurumlar və şəxslər tərəfindən Əli Həsənova mesaj göndərildiyi də bildirilir. Ancaq sabiq köməkçi milyonlardan bərk-bərk yapışdı və nəticədə sadəlövhlüyündən gen-bol istifadə etdiyi dostu Vüqar Səfərli və istintaqa cəlb edilənlər arasındakı bir neçə qohum-əqrəbası, dost-tanışı Həsənovun bu inadcıllığının və tamahının qurbanına çevrildilər.
Məlum məsələdir ki, hətta V.Səfərlinin hansı ifadə verib-verməməsindən asılı olmayaraq, istintaq üçün Əli Həsənovu məsuliyyətə cəlb etmək elə bir böyük çətinlik törətmir, bunun üçün istənilən qədər dəlil-sübut toplamaq mümkündür və yəqin ki, toplanılıb da. Ancaq hansısa səbəbdən, nələrinsə xatirinə, hansısa motivlərə görə Həsənovun özünə toxunmurlar, onu hər nə qədər gözdən salsalar belə…

Lakin bu, o demək deyil ki, sənə toxunmurlarsa, yalnız özünü, öz varidatını düşünməli, sənə görə məhbəsdə yatan, istintaq altında olan, ev-eşiyinə həbs qoyulan və vaxtilə “dost”, “qardaş” adlandırdığın kəslərin, onların ailələrinin taleyini vecinə də almaya bilərsən. Oğurlanan milyonların xatirinə dostu, yoldaşı, qohum-əqrəbanı zərbə altında, zülmdə qoymaq isə təkcə ətrafındakılara deyil, insanın öz daxili mənəviyyatına, qüruruna, ləyaqətinə qarşı da xəyanətdir.
Bəli, bu gün Səfərli də daxil olmaqla, bu işlə bağlı həbsdə və istintaq altında olan icraçılar öz “qəpik-quruşluq” tamahlarından daha çox Bakıya "Jiquli" ilə gəlib, hazırda 100 milyonlarla dollarlıq var dövlətə sahiblik edən Ə.Həsənovun Həzrət Əlinin qılıncından iti tamahının məhbusları, qurbanlarıdır. Və məhz bu amil sözügedən işin sırf hüquqi tərəfilə yanaşı mənəvi tərəfləri barədə də düşünməyə əsas verir. Zatən milyonlar, on milyonlar, yüz milyonlar, hətta milyardlar oğurlanıb və indidən sonra da yəqin ki, oğurlanacaq. Lakin Əli Həsənovun işinin timsalında belə görünür ki, dövlətin, xalqın varidatının talanması prosesində bütün mənəvi, əxlaqi dəyərlər, prinsiplər qüvvədən düşür, Azərbaycan insanının hər zaman üstünlük verdiyi dostluq, sözübütövlük, etibarlılıq, nəhayət, KİŞİLİK kimi cəhətlər də əldən gedir və “çürüyür”…

Cəlal Məmmədov

 AzPolitika.info


Tarix: 5-11-2021, 13:45 Oxunub: 289


Bölməyə aid digər xəbərlər