...İlk cinayəti 20 yaşında törədən Fuada türmə həyatı o qədər yad gəlməyib. Mütəmadi olaraq dələduzluq edərək həbsxanaya düşən Fuad azadlığa çıxan kimi köhnə vərdişindən əl çəkməyib. Hər dəfə kimisə aldadaraq yenidən dəmir barmaqlıqlar arxasına qayıdıb. Düzdür, ara-sıra xırda oğurluqlara görə də məhkum edilib. Amma Fuadın əsas “əl işi” dələduzluq olub. Hətta sonuncu dəfə qətlə yetirdiyi, meyitini hissələrə parçaladığı adama qarşı belə dələduzluq etməkdən çəkinməyib, qurbanının mənzilinin sənədlərini saxtalaşdırmaqla ələ keçirib.
Rəsmi sənədləri saxtalaşdırmaqda, dələduzluqda və tamah məqsədilə qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 35 yaşlı Fuad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Qətl hadisəsi dörd il öncə paytaxtın Abşeron rayonu ərazisində baş verib. Bakı şəhər sakini 55 yaşlı Əli Rəsulovun itkin düşməsi ilə bağlı araşdırmalar aparılarkən onun öldürüldüyü, eləcə də mənzilinin dələduzluq yolu ilə ələ keçirildiyi üzə çıxıb.
Bağ evində basdırılan meyit
İstintaq müəyyən edib ki, Fuad Mustafayev Xırdalan şəhəri, Quşçuluq massivində, özünə məxsus mənzildə ailəsindən ayrı və tək yaşayan Əli Rəsulovu öldürüb mülkiyyətini ələ keçirmək qərarına gəlib. Bu məqsədlə onu 2016-cı ilin sentyabrında istirahət etmək adı ilə Pirşağı qəsəbəsində “Koşkin dom”un yaxınlığındakı bağ evinə (bağ evini hadisədən öncə icarəyə götürüb-red.) dəvət edib. Tiryəkin təsirindən qonağının sərxoş olduğunu, qurduğu planı həyata keçirmək üçün əlverişli şərait yarandığını görən Fuad vaxtı itirməyib. O, Ə.Rəsulovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl zərbələr endirib. Onun öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti selefona bükərək həyətdə basdırıb.
İcarəyə götürdüyü bağ evini təhvil verməli olan F.Mustafayev meyitin aşkar ediləcəyindən qorxuya düşüb. Ona görə də bağı təhvil verməmiş cinayətin izlərini silmək qərarına gəlib. 2017-ci ilin aprel-may aylarında yenidən bağa gələn F.Mustafayev meyiti basdırdığı yerdən qazıb çıxarıb, cəsədi hissələrə ayırıb torbalara yığaraq yaxınlıqdakı boş sahədə basdırıb. Bundan sonra mərhumun vaxtilə tək yaşadığı evdəki məişət əşyalarını alqı-satqı elanları vasitəsilə satıb, eləcə də mənzilə aid sənədləri saxtalaşdırmaqla ələ keçirib. Öldürdüyü şəxsə məxsus mənzili özününkü kimi göstərməklə 23 min manata Tural Mirzəliyevə satıb.
Qatil cinayəti boynuna almır: “Narkoman idi, əvvəllər məhkum olunmuşdu...”
Lakin təqsirləndirilən Fuad Mustafayev əksər cinayətkarlar kimi ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində deyib ki, bacısı Vüsalənin qonşuluğunda yaşayan Əli Rəsulovu 2016-cı ildən tanıdıyırdı, aralarında dostluq münasibətləri yaranıbmış, dəfərlə bir-birlərinin evində qonaq olublar.
“Əli özü narkoman idi, əvvəllər məhkum olunmuşdu. Onun dostları da narkotik vasitələrin satışı ilə məşğul olurdular. Birgə yaşadığı qadın məhz bu üzdən onu tərk etmişdi. Anam xəstə olduğuna görə Pirşağıda bağ kirayələmişdim. Əli dəfələrlə mənə həmin bağa getməyi təklif etmişdi”,-Fuad ifadəsində deyib.
F.Musayevin dediklərinə inansaq, Əli bağa getmədən öncə narkotik qəbul edib, sonra bazarlıq ediblər və bağa yollanıblar. Bağda kabab çəkiblər, samovar dəmləyiblər. Əli bağda ikinci dəfə narkotik qəbul edib. Söhbət əsnasında F.Musayev Əlidən yaşadığı qadından ayrılmasının səbəbini soruşub. Onun sualı Əlini qəzəbləndirib. Bu səbəbdən aralarında mübahisə yaranıb:”Əli dedi ki, sən türmədə mənim dustağım olmusan. Dedim, sözünə aydınlıq gətir. Sakitləşmədi, yumruq atdı. Kabab doğradığım bıçaqla Əlini vurdum. Sonra yarasını bağlamaq üçün əski parçası verdim, yarasını sıxdım. Amma beş dəqiqə keçməmiş Əli öldü”.
F.Musayev ifadəsində deyib ki, həmin ərəfədə oğurluğa görə axtarışda olduğundan polisə və təcili yardıma zəng vurmağa ehtiyat edib, tutulacağından qorxub. Ona görə də meyiti gizlətmək qərarına gəlib.
“Bir saat şokda oldum, sonra kolları çıxarıb meyiti ora basdırdım...”
İstintaq zamanı F.Mustafayev əvvəlcə Əlinin narkotik vasitənin təsirindən öldüyünü deyib: “Bir saat şok vəziyyətində qaldım. Cəsədi gizlətməyə yer tapmadım. Kolları çıxarıb meyiti oraya basdırdım. Sonra kolları yerinə əkdim. Əlinin paltarlarını manqalda yandırdım, açarları götürüb onun evinə getdim. Onun evindəki mebelləri, məişət əşyaları, qab-qacağı internetdə satışa çıxarıb ucuz qiymətə satdım. Bir müddət sonra evi də internetdə satışa qoydum”.
Əlinin “dəfn” edəndən bir həftə sonra ailəsi ilə birgə bağa yollanan Fuadı anası bir kənara çəkib deyib ki, tualetin yanından pis qoxu gəlir, elə bil torpaq örtüyü şişib. O, isə cavabında kanalizasiya xəttinin xarab olduğunu deyib. Amma bir müddət sonra mərhumun evinin satlığa çıxarılması və alqı-satqı müqaviləsi imzalanan zamanı Fuadın anası oğlunun əməllərindən xəbər tutub. Daha doğrusu Fuad özü bu haqda anasına danışıb.
Öldürdüyü adamın evini, ev əşyalarını tap.az-da satıb...
Qətlə yetirdiyi şəxsin evini internetdə satışa çıxaran Fuad tap.az saytında müştərilərə özünü “Vüqar”kimi təqdim edib. Hətta özünə Mustafayev Vüqar Nazim oğlu adı ilə saxta şəxsiyyət vəsiqəsi də düzəldib və mərhumun üçotaqlı evini satıb. 2017-ci ilin aprelində icarəyə götürdüyü bağı təhvil vermək vaxtı çatdığından Fuad Əlinin cəsədini oradan çıxarıb başqa yerə basdırıb.
Qatilin tükürpədici ifadəsindən: “Ayıq başla bunu edə bilməyəcəkdim. Ona görə heroin qəbul etdim. Baltanı götürüb cəsədi hissələrə ayırdım. Selofan paketə yığıb boş sahədə basdırdım. Əlini qazıb çıxartdığım yeri torpaqla doldurdum, gülləri yerinə əkdim. Bu haqda anama heç nə demədim. Anam ölənə qədər elə bilridi ki, Əlini bağda basdırmışam”.
Zərərçəkmiş Sevda Rəsulova ifadəsində qardaşının ailəsində problemlər olduğunu, həyat yoldaşından ayrıldığını, işləmədiyini, həbsə düşdüyünü bildirib. Amma deyir ki, ailə üzvləri Əlinin narkotik istifadəçisi olduğunu həbs olunduqdan sonra öyrəniblər. Azadlığa çıxandan sonra tutduğu əməldən utandığını, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini deyib. Həmin ərəfədə, 2016-cı ilin yanvarında ata mülkləri tikinti planına düşdüyündən Ə.Rəsulova Xırdalandan ayrıca mənzil alıblar. Mənzili lazımi avadanlıqlarla təhciz ediblər. Novruz bayramında Əli həmin evə keçmiş vaxtlardan tanıdığı qadınla birgə köçüb, onunla bir yerdə yaşayıb.
Əli Fuadla necə rastlaşıb...
Əli doğmalarına “AAAF” parkda bağban kimi işə düzələcəyini və bundan sonra sakit həyat sürəcəyini deyib. Mənzilin kombi sistemində nasazlıq yarandığından Əli qonşuluğa tez-tez gedib-gələn Fuadla tanış olub, həmin şəxs də kombini düzəldib. Bundan sonra Fuad Əlinin evinə ayaq açıb. Bir dəfə sözarası Əli bacısına “Fuad kombini düzəltdi, amma alətləri hələ də bizdə qalıb, gəlib aparmır, nəsə qaranlıq adama oxşayır, elə bil kimdənsə gizlənir, qaçır” deyib.
Zərərçəkənin ifadəsindən: “Fuad tez-tez Əligilə gedib-gəlirdi. Ramazan bayramı ərəfəsində həyətdə kabab çəkib, içki içirdilər. Buna görə iradımı bildirmişdim. Əlinin birgə yaşadığı qadın zəng vurub dedi ki, qardaşın yenidən narkotikə qurşanıb, artıq onunla bacara bilmirəm, çıxıb gedirəm. Dözməyib, çıxıb getdi. Mən də xaricdə yaşayan həyat yoldaşımın yanına getdim, o vaxtdan sonra Əlini görmədim. Təsadüfən internetdə tap.az, lalafo.az saytlarına baxanda qardaşımın evinə aldığım bahalı əşyaları satışda gördüm. Zəng vurub bu barədə anama dedim. Anam neçə dəfə Əlinin evinə getsə də qapını açan olmayıb. Bir müddət sonra anam qardaşıma məxsus evdə başqa adamların yaşadığını öyrənib”.
“Hər yerdə oğlumu axtarırdım, tapa bilmirdim”
Mərhumun anası ifadəsində göstərib ki, oğluna aldıqları evə gedəndə mənzildə yad adamların yaşadığını görüb. Onlardan evi kimdən aldıqlarını soruşub. Amma cavab ala bilməyib.
Qətlə yetirilən şəxsin anasının ifadəsindən: “Oğlum tək yaşayırdı. Qızım dedi ki, Əli evin əşyalarını internetdə satışa çıxarıb. Üç ay ardıcıl olaraq Əlinin yaşadığı evə gedib-gəldim, qapını açan olmadı. Növbəti dəfə gedəndə bir qadın qapını açdı. Evi kimdən aldıqlarını soruşanda “bilmirəm” dedi. Hər yerdə Əlini axtarırdım, tapa bilmirdim. Ona görə də 2018-ci ilin yanvarında şikayət ərizəsi yazdım”.
Bu qəddar cinayəti törədən F.Mustafayevin işi üzrə proses yekunlaşıb. Məhkəmənin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı
Bölməyə aid digər xəbərlər