11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tovuzda öldürülüb yandırılan Nərmin işində sensasion detallar – İlkinin qardaşı və vəkili istintaqı darmadağın etdi…

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi və meyitinin yandırılmasında ittiham edilən İlkin Süleymanov haqqında Baş Prokuror Kamran Əliyevin təqdimatına fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Reportyor.info-nun verdiyi xəbərə görə, 13 aydır həbsdə olan İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirinin daha 4 ay uzadılmasını istəyən baş prokurorun təqdimatını Nəsimi Rayon Məhkəməsi ötən həftə təmin etmişdi. Həmin qərardan vəkillər apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsində İlkin Süleymanov özü də iştirak edib. O, azyaşlının ölümünə aidiyyəti olmadığını, istər ilkin həbs, istərsə də müddətin uzadılması haqda qərarların hamısının qanunsuz olduğunu bildirib.
Vəkillər də Baş prokurorun təqdimatının təmin olunmasına etiraz edib, qanuna görə, şəxs ən çox 13 ay istintaq ərzində saxlanıla bilər.
Bu müddət müstəsna hallarda uzadıla bilər ki, qanunda nəzərdə tutulan o halların heç biri də İ.Süleymanovun işində yoxdur.
Müdafiəçilər İ.Süleymanovun təqsirsiz olduğunu vurğulayaraq, onun həbsdən azad edilməsini istəyiblər. Amma Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
“Etiraf ifadəsinə zorla qol çəkdiriblər”
Məhkəmədən sonra açıqlama verən vəkil Vəkil Əlibaba Rzayev hesab edir ki, işin məhkəməyə göndərilməsi üçün istintaq orqanında İlkin Süleymanova qarşı sübutlar yoxdur.
Müdafiəçinin fikrincə, istintaqın uzadılmasının səbəbi də budur. Vəkilin sözlərinə görə, əgər sübutlar olsaydı, istintaqı elə birinci dəfə seçilən 4 aylıq həbs-qətimkan tədbiri müddətində yekunlaşdırardılar:
“Bunlar nə istintaqı yekunlaşdırırlar, nə də adamı azad edirlər. Hələ Zakir Qaralovun rəhbərliyi dövründə prokurorluq açıqlama yaymışdı ki, cinayətkar tapılıb, etiraf edib.
İlkin Süleymanov sonradan məhkəməyə çıxarılanda bildirdi ki, ona etiraf ifadəsinə zorla qol çəkdiriblər.
İstintaqın əlində o ifadənin doğruluğunu təsdiqləyən başqa mötəbər sübutlar olsaydı, işi məhkəməyə göndərərdilər”.
Vəkilin sözlərinə görə, baş prokuror dəyişdi, Kamran Əliyev təyin olundu, onlarda bu işin obyektiv araşdırılacağı və İ.Süleymanovun azadlığa buraxılacağıyla bağlı ümid yarandı.
“İşin uzadılması göstərir ki, əllərində sübut yoxdur”
Ə.Rzayev Baş prokurorun 13 aylıq istintaqdan sonra həbs müddətinin uzadılması haqda təqdimat verəcəyini gözləmirdi:
“İlkin Süleymanov özü də dedi ki, barəsində həbs qətiimkan tədbiri seçilməsi qanunsuz qərardır. Əgər ilkin qərar qanunsuzdursa, uzatmalar da qanunsuzdur. İlkin artıq 13 aydır həbsxanada saxlanılır.
Bu cür ağır cinayətlərdə bir qayda olaraq şübhəli bilinən şəxsi 13 aydan artıq həbsdə saxlamaq olmaz. Ona görə ya ittiham aktı tərtib edilib məhkəməyə göndərilməlidir, ya da həbsdən azad olunmalıdır.
Onlar nə bunu edirlər, nə də onu…Çünki İlkinə qarşı sürülən ittihamlar əsaslı deyil, əllərində heç bir sübut yoxdur.
Bu iş keçmiş baş prokuror Zakir Qaralovun vaxtında açılıb. İstintaqın əlində mötəbər sübut yoxdur.
İlkinin etirafedici ifadəsi iradəsinə zidd ifadədir, könüllü verməyib, zorla alınan ifadədir. Əslində 4 aylıq istintaq yetərliydi ki, işi məhkəməyə göndərsinlər.
İşin bu qədər uzadılması göstərir ki, əllərində heç bir sübut yoxdur. Deməli, ortada işgəncə, məcburiyyət var.
Baş Prokuror dəyişdi, Kamran Əliyev təsdiqləndi. Ümid edirdik ki, baş prokuror işə obyektiv yanaşacaq. Amma ümidlərimiz doğrulmadı.
Sonuncu təqdimat baş prokurorun özü tərəfindən olub. Bundan əvvəl baş prokurorun müavini Elçin Məmmədov tərəfindən verilirdi.
Bu, istisna hal idi, 13 aydan sonra yenə uzadılırdı deyə baş prokuror təqdimat verirdi.
Biz gözləyirdik ki, Kamran Əliyev istintaq qrupuna rəhbərlik edən şəxsi və müavinini dəvət edəcək, deyəcək ki, məruzə edin, niyə indiyə qədər sübut edə bilməmisiniz, növbəti 4 ayda nəyin axtarışındasınız…
Düşünürdük ki, baş prokuror bunları soruşacaq, amma gözləntilərimiz doğrulmadı. Onlara nə üçün zaman lazımdır, niyə əlavə 4 ay istintaq aparılacaq, bizə aydın deyil”, – deyə vəkil Ə.Rzayev qeyd edib.
“İlkinin 4 gün Tovuz polisində saxlanması gizlədilib”
Vəkil əlavə edib ki, İlkin Süleymanovun həbsilə əlaqədar Avropa Məhkəməsinə 3 ayrı-ayrı şikayətlər göndəriblər. Bunlardan biri onun dörd gün Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanması barədədir.
İlkin yanvarın 6-da saxlanması haqda məlumat yayılsa da, cinayət işinin materiallarında yanvarın 10-da şübhəli şəxs qismində tutulduğu göstərilib. İkinci şikayət işgəncəyə məruz qalması, üçüncüsü isə həbs qərarının qanunsuzluğu haqdadır.
Sitat: “Bizim Nəsimi Rayon Məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə verdiyimiz şikayət təmin olunmadı. Bilirdik ki, belə də olacaq.
Əsl cinayətkarlar kənarda qalıb, bilmirik ki, niyə onlar ifşa edilmir. Amma İlkin Süleymanov günahsızdır.
Əslində bu məhkəmə prosesindən də nəticə gözləmirdik. Sadəcə, ölkədaxili prosedurdur ki, işi Avropa Məhkəməsinə göndərə bilək.
Onun 4 gün Tovuz Rayon Polis Şöbəsində saxlanması gizlədilib. Bu faktın da rəsmiləşməsini istədik, təəssüf ki, məhkəmə və apelyasiya bu şikayətimizi də təmin etmədi. İndi onların 4 aydan sonra nə qərar verəcəyini bilmirik. Amma İlkinin günahsız olduğuna əminik”.
Vəkilin sözlərinə görə, istintaq ehtimallar, mülahizələr üzərində qurulub: “İstintaqın arqumentinə baxın – cinayəti İlkin törətməyibsə, onda meyit yanan halda onu telefonu ilə niyə video lentə alıb? Necə gülünc yanaşmadır.
İlkin özü izah verib ki, hadisəni görəndə qonşuları dərhal çağırıb, qonşulardan biri polis işçisi olub, təklif edib ki, video lentə alınsın, istintaqa lazım ola bilər.
Yaxud digər arqumentə bax – meyit yananda niyə dərhal söndürməmisən, qonşuları çağırmısan? Bu cür bəsit arqumentlər olar?
Hesab edirik ki, ittiham əsassızdır, baş prokurorun təqdimatı da, məhkəmələrin qərarı da qanunsuzdur”.
Qardaşı: “Cinayətin açılmasına kömək edəcək şahidlər vermişik, dindirmirlər”
İlkinin qardaşı Adil Süleymanov isə bildirib ki, istintaqın əlində sübut yoxdur və bu səbəbdən həbsi uzadırlar.
Onun sözlərinə görə, saxta qonşu şahid axtarışına çıxıblar: “İlkinin qıza-gəlinə satması haqda ifadə verməsi üçün qonşulara şahid təklifləri olub. Guya İlkin pampers satıb və sair absurd addımlar, şayiələr yayılıb.
Heç biri alınmayıb. Guya evimizdən qanlı əski parçaları tapılıb. Bunlar da uydurmadır, insanların fikirlərini dəyişmək üçün məqsədli atılan yalanlardır.
Biz Allahdan və yerdəki vasitəçilərdən haqqın üzə çıxmasını istəyirik. Çünki cinayətin necə baş verməsini çox adam bilir və qısa müddətdə üzə çıxacaq”.
A.Süleymanov qeyd edib ki, Nərmin əmisi qızının və oğlunun 2 gün ardıcıl ayrı-ayrı toylarında itkin düşüb: “Atası gödəkçəsi üçün qızını qardaşı evinə göndərib.
Kəndə təlim keçmiş itlər gətirilib, məlum olur ki, qız əmisi evindən çıxarkən bizim evə tərəf yox, əks istiqamətə hərəkət edib. Bu faktdır ki, Nərmin əks tərəfə gedib və yoxa çıxıb.
Əslində şahidlər vermişik, dindirilməsini tələb edirik. Onlar cinayətin açılmasına kömək edəcək şahidlərdir. Başa düşə bilmirəm ki, niyə o şahidlər dindirilmir?!
Axı necə ola bilər ki, İlkin Nərmini 47 gün saxlayır, sonra evinin qabağına atır. Necə olur ki, sakit havada yanığın qoxusu olmur?
Deyirlər ki, İlkin ağıllıdır, əgər onun 47 gün cinayəti gizlətmək məharəti var idisə, sonra onu niyə evinin qabağında yandırsın?
Bu, hansı təfəkkürə sığır? Ümumiyyətlə, soruşmalıydılar ki, İlkin niyə onu öldürmüsən, heç bunu aydınlaşdırmırlar.
Ona görə əvvəlcə fikirləşdilər ki, bu işi təcavüz kimi təqdim etsinlər. Amma İlkində olan fiziki problemlə bağlı bunu sübut edə bilmədilər. Ümumiyyətlə, İlkinin cinayətlə əlaqəsinin olmadığını dəfələrlə sübut etmişik”.
Xatırladaq ki 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.
Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı Iİlkin Suüleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.
İlkin Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib.
Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
 


Tarix: 11-02-2021, 12:54 Oxunub: 1 777


Bölməyə aid digər xəbərlər