11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Gizlədilən qatil, işdən çıxan müstəntiq, susdurulan ailə – Planlı cinayətin PƏRDƏARXASI !

Adil Süleymanov: "Nərminin atası Şərifi məcbur edirlər deyə, belə danışır”
"…Bahalı mobil telefonlar, mebel və heyvanlar alıblar. Şərif əmisi oğluna pul verib heyvanlarını saxlatdırır”

"İlkinin həbsdə olması, cinayətin açılmaması onlara sərf edir”

Qatilin adını istintaqın aparılması üçün vermişik. Cinayətin üstünü aça biləcək başqa şahidlər var. Məlumatımız çox genişdir”

"Sadəcə araşdırmırlar. Cinayətkar himayə olunur. Verdiyimiz dəlillər araşdırılmır”

"Təsadüfi deyil ki, işi aparan vicdanlı və aparıcı müstəntiqlərdən biri qardaşıma görə işdən imtina edib” 

2020-ci ilin 6 yanvar tarixində Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlinə dair müəmmalı məqamlar bitmək bilmir. Bir neçə gün öncə Nərminin valideynləri saytımıza açıqlama verərək qızlarının ölümü ilə bağlı bəzi məqamlara toxundular. N.Quliyevanın atası Şərif Quliyev və anası Aynurə İsmayılova qətldə yalnız İlkin Süleymanovu yox, onun yaxın qohumlarını da ittiham edirlər.

 İlkin Süleymanovun qardaşı Adil Süleymanov ittihamlarla bağlı  danışıb:

-Nərminin valideynləri davamlı olaraq əminiz Süleyman Süleymanovu da cinayətdə təqsirkar bilir...

-Hadisə baş verən ilk günlərdə uşağa təcavüz olunduğuna dair xəbərlər yayılmışdı. Bunun üçün qardaşımı ittiham edirdilər. Lakin müvafiq tibbi araşdırmalar aparıldı və İlkini müayinə etdilər. Onun Nərminə təcavüz etmədiyi ortaya çıxdı. Bununla bağlı tibbi rəylər də var. İlkinin fiziki problemi olduğu üçün təcavüz etməsi mümkün deyil. Qardaşımın tibbi müayinəsindən sonra biz də həkimlərə müraciət edib, məsələni araşdırdıq. Həkimlər nəinki 10 yaşlı, hətta 8-9 yaşlı qızın da hamilə qalma ehtimalının olduğunu söylədilər. Bundan sonra əmim açıqlama verdi ki, aldığımız tibbi məlumatlara görə, Nərminin hamilə olması mümkündür. Əmimim bu sözlərindən sonra bizə çox ciddi təzyiqlər oldu. Amma hər zaman istəmişik ki, hadisə dəqiq və ciddi şəkildə araşdırılsın. Şərif nə üçün yalan danışır? Zaurun verilişinə çıxıb deyirdi ki, qızımı kurtka və şalvarından tanımışam. Sonrakı açıqlamasında isə üzdən tanıdığını söyləyir. Şərif əvvəllər deyirdi ki, "Mən bilirəm İlkin cinayətkar deyil, onun azadlığa çıxması üçün köməkliyimi göstərəcəm”. Sonra isə tamamilə əksini bildirdi. Nə dəyişdi axı? Tam tərsinə zaman keçdikcə İlkinin günahsız olduğu üzə çıxır, bunu hər kəs söyləyir. Sadəcə Şərifi məcbur edirlər deyə, belə danışır.

Eşitmişik ki, imkanları yaxşılaşıb. Kənd camaatı da buna şahiddir. Deyirlər ki, bahalı mobil telefonlar, mebel və heyvanlar alıblar. Şərif əmisi oğluna pul verib heyvanlarını saxlatdırır. Allah hər kəsi şər-böhtandan qorusun. Haqqı müdafiə etdiyimiz üçün başımıza nə gələcəksə gəlsin vaz keçməyəcəyik...

-Sonuncu dəfə İlkinlə nə zaman danışmısız?
-Həftədə iki dəfə telefonla danışırıq. Əvvələr danışma haqqını 1 dəfəyə endirmişdilər. Sonradan bərpa etdilər. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevə sağ olsun, daim bu işdə əlindən gələni edir.

-Bəs, görüş?
-O məşum hadisə yaşanandan indiyə qədər sadəcə 4-5 dəfə görüşmüşük. O da şüşə arxasından. Görüşlə bağlı da məhdudiyyət qoymağa çalışırlar. Deyirlər ki, ayda 2 dəfə görüş olsun, amma bir dəfə icazə verirlər. Eybi yoxdur, səbr edərik. Bəllidir ki, psixoloji təsir göstərmək istəyirlər.

-Səhhəti necədir?
-Normaldır. Kürdəxanıda dövlət tərəfindən müasir tipli həbsxana tikilib. Heç bir şikayəti yoxdur. Nə işgəncə olubsa, rayonda olub.

- İlkin özü nə deyir olanlara?
-İlkini tanıyan bütün insanlar bilir ki, o, hələ bir dəfə də olsun hansısa mübahisələrdə iştirak etməyib. Təbiətcə sakit, insanlarla çox ünsiyyət qurmayan biridir. Heç vaxt eşitmədim ki, kiminsə haqqında qeybət etsin. O, heç kimə zərər verən biri deyil, verə bilməz... Vəkillər də söyləyir ki, İlkin başqa cür insandır: çox mədəni, alicənab biridir. Qardaşım qanunlara güvənir, deyir ki, "Hər şey yaxşı olacaq”. Amma bilmir ki, hazırda çöldə nə var nə yox. Bilmir axı qanunları idarə edənlər arasında saxtakar insanlar var. Hər dəfə bizə, vəkillərə cinayətlə əlaqəsi olmadığını söyləyir.

-Nərminin anası iddia edir ki, valideynləriniz qapını açıq qoyub, deyib-gülür və onlara acıq verirlər. Buna münasibətiniz nədir?
-Necə? Mənim valideynlərim?(heyrətlənir)

-Bəli...
-Başa düşə bilmirəm. Axı biz dərd içindəyik. Belə bir şey necə ola bilər? Bu nə gülünc açıqlamadır? And olsun tək olan Allahın adına ki, onlara sadəcə təəssüf edirəm. Əksinə onlar bizim üstümüzə hücum çəkdilər, anamın qolu və beyni zədələnmişdi. Yalan məlumat vermələrindən bəllidir ki, özlərini təmizə çıxarmaq üçün sadəcə şər-böhtan atırlar. Bir ara kənddə yaymışdılar ki, guya bacım onun(Aynurənin) qarşısına keçib, hədə-qorxu gəlib. Allah şahiddir ki, belə bir hadisə olmayıb. 4 gün öncə İlkinin məhkəmə prosesi keçirildi, validyenlərim rayondan gəlmişdilər. Onların üzündəki ifadəni, ağır-acını gördünüzmü?

-Gördük...

-Nərminin nə günahı var idi? Bir uşağı amansız şəkildə qətlə yetiriblər və əvəzində şər olaraq qardaşımı tutublar. Bu nə təfəkkürdür axı? Valideynlərim İlkin belə halda olarkən necə deyib-gülə bilərlər? Nə üçün acıq verirlər, İlkinin tutulmasına görə?

-İnsanların böyük əskəriyyəti Aynurə İsmayılovanın nələrisə gizlətdiyini düşünür...
-Aynurənin qardaşı arvadı deyib ki, İlkin tutulsa, canımız qurtarardı. Nədən canları qurtarardı? Bir valideyn kimi çıxsınlar efirə, canlı efirdə əmim, əmim oğlu-kimə istəyirlərsə, sual versinlər. İstədiyi sualı ünvanlasın və ona verilən suallardan da qaçmasın. Sadəcə təhdidlərə məruz qalıblar. Amma bir ananın gözünə hansısa görünə bilərmi? Allah bütün canlılara bala sevgisi verib. Heyvanlar belə balasına yaxın durmağa qoymur. İlkinin həbsdə olması, cinayətin açılmaması onlara sərf edir.

-Kimdir qatil, dəqiq bilirsinizmi bunu?
-Həmin adamın adını istintaqın aparılması üçün vermişik. Bizim kimi cinayətin üstünü aça biləcək başqa şahidlər var. Məlumatımız çox genişdir...

-Bəs nəticə?
-Sadəcə olaraq araşdırmırlar. Cinayətkar himayə olunur. Verdiyimiz dəlillər araşdırılmır...

-O zaman əsl cinayətkar mühafizə olunursa, burada nüfuzlu birinin adı və var-dövlət rol oynayır?
-Qardaşımın xeyrinə təəssüf ki, bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Zaman-zaman haqq-ədalət öz yerini tapacaq. Özləri hər şeyi yaxşı bilirlər. Təsadüfi deyil ki, işi aparan vicdanlı və aparıcı müstəntiqlərdən biri qardaşıma görə işdən imtina edib...

Ölüm haqdır. İlkinin başına qəza gəlib ölsəydi, bu başqa bir şey olardı. Lakin qardaşımın belə formada şərlənməsi ailəmiz, bütövlükdə nəslimiz üçün çox ağırdır. Planlaşdırılmış cinayətin üstünü açmırlar...

Aidiyyəti rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq 


Tarix: 5-02-2021, 16:42 Oxunub: 609


Bölməyə aid digər xəbərlər