Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda ittiham edilən Lətif Nəbiyevin cinayət işinə baxılacaq.
ATİA.AZ xəbər verir ki, cinayət işi hakim İlham Mahmudovun icraatında araşdırılacaq.
Qeyd edək ki, uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
İttihama görə, L.Nəbiyev işə düzəltmək adı ilə vətəndaşlardan 100 min manatdan artıq vəsait alaraq dələduzluq yolu ilə ələ keçirib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.
Xatırladaq ki, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə aidiyyətlə bağlı məsələyə baxaraq işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar verib.
Bölməyə aid digər xəbərlər