
Şairlik — sadəcə mətn yazmaq bacarığı deyil. Hər kəs şeir yaza bilsə də, peşəkar şairlik dərin intuisiya, zəngin söz ehtiyatı, dilin qaydalarına hakim olmaq və güclü müşahidə qabiliyyəti tələb edir.
Mürvət Qədimoğlu Həkəri 1952-ci ildəQubadlı rayonunun Zilanlı kəndində anadan olub. 1982-ci ildə ADU-nun (indiki BDU) tarix fakültəsini bitirib. Öz dəsti xətti ilə tələbkar oxucuların rəğbətini qazanan Mürvət Qədimoğlunun 1994-cü ildə "İkiyə bölünmüş ürək" adlı kitabı işıq üzü görüb. Bundan sonra şairin "Mən dünyanın dərd daşıyam", "Zirvəyə gedən yol", "Yuxuma girən yerlər", "Yaman dünya, yalan dünya", "Dünya həmin dünyadı", "Mən şəhid olmuşam ki...", "Toy-mərasim nəğmələri" adlı kitabları nəşr olunub. 2007-ci ildə şairin 55 illik yubileyı ərəfəsində "Seçmələr" adlı iki cilddən ibarət kitabı, 2009-cu ildə "İstəmirəm gəncliyimə qayıdım" və 2012-ci ildə "Hə, bu da altmış..."
adlı şeirlər toplusu oxucuların ixtiyarına verilib. "Mən dünyanın dərd daşıyam" adlı şeiri oxucular tərəfindən böyük rəğbətlə qarşılanan şarin daha sonra "Şeirimizin Şamil zirvəsi" adlı elmi-publistik əsəri ictimaiyyət tərəfindən çox sevildi.
Söz verdiyimiz kimi, istedalı şairimizin bir neçə şeirini Sizlərə təqdim edirik:
DAĞA DIRMANA-DIRMANA
Bir zamanlar arsızlıqdan,
Güldü xar mənə, xar mənə.
Gördüm daha söz köynəyim
Gəlir, dar mənə, dar mənə.
Əl uzadıb söz hakimi,
Ədalətin öz hakimi,
Gəldi sözün düz hakimi,
Dedi: dur mənə, dur mənə...
Basa-basa söz körüyün,
Dəyişdim köhlən hörüyün.
Biçdim sözün saf-çürüyün,
Tökdüm xırmana, xırmana...
Gördüm çoxları pərtdilər,
Çoxları göz bərəltdilər.
Mənim kimi söz dərtlilər,
Çəkdi car mənə, car mənə...
Çoxaldı haqq itirməyən,
Doğru, düzü ötürməyən.
Kor gözləri götürməyən,
Qazdı gor mənə, gor mənə.
Gecə-gündüz yaza-yaza,
Özümə gor qaza-qaza.
Əl verdim Məmməd Araza,
Dağa dırmana-dırmana...
ADAMAM
Mən anamın döşlərindən,
Halal süd əmən adamam.
Atamın haqq sözlərindən
Yoğrulub, gələn adamam.
Ədalətin oldum qulu,
Dik dolanıb, getdim yolu.
Haqq itibsə, üzü sulu
O yerdən gedən adamam...
Düzlük gəzir ayım, günüm,
Yalan sözə çoxdur kinim.
Düz dostluğun, saf sevginin
Qədrini bilən adamam.
Başından söz qananların,
Sözü səpdim narın-narın.
Həyasızın, arsızların
Yanından ötən adamam.
Yerim vardır söz dağında,
"Haqq" yazılıb göz ağımda...
Saf dostların ayağında
Çiçək tək bitən adamam.
Ağzın açandan döyülüb,
Haqqa dost deyib, öyünüb,
Gündə yüz kəfən geyinib,
Bir dəfə ölən adamam...
MƏN SƏNİ GÖRMƏYƏ GƏLİRDİM DAĞA
Niyə susub qaldın ay zalım qızı,
Mən səni görməyə gəlirdim dağa.
Başa vurmaq üçün hər arzumuzu,
Mən səni görməyə gəlirdim dağa.
Gözləyirdi bulaq bizi, bağ bizi,
Gözləyirdi başı qarlı dağ bizi.
Ellərə yaymaqçün bu eşqimizi,
Mən səni görməyə gəlirdim dağa.
Mən elə bilirdim paxıldı qızlar,
Bizə qibtə ilə baxırdı qızlar.
İndi qəlb göynəyər, ürəyim sızlar,
Mən səni görməyə gəlirdim dağa.
Gizlənib anandan, həm qardaşından,
Səs-sədan gələrdi bulaq başından.
Elə bil qaçardın dost-sirdaşından,
Mən səni görməyə gəlirdim dağa.
Əyləşib üz-üzə, qucaq-qucağa,
Dönərdik bir dəli dəcəl uşağa.
Hər gecə beləcə çıxdıq sabaha,
Mən səni görməyə gələrdim dağa.
Görüşün salmışdı oyuna məni,
Açıb buraxardım toyuq-cücəni,
Axşam göndərərdin "qoyuna" məni,
Mən səni görməyə gəlirdim dağa...
Dağdan da, səndən də ayrıdır canım,
Bir xəbər yaz göndər,qadanı alım!
Başıma haranın daşını salım,
Mən səni görməyə gəlirdim dağa!
Gəlib-gedənlərlə bir xəbər göndər,
Duyum səs-sədanı, a nazlı dilbər!
Səni görmək üçün hər axşam, səhər,
Mən səni görməyə gəlirdim dağa.
Olmuşdum o kəndin mal otaranı,
Qoyun, keçi, camış, at axtaranı...
Gəzmədik səninlə söylə haranı,
Mən səni görməyə gəlirdim dağa!
Gəzərdik səninlə çölü, çəməni,
Çoxu danlayardı, qınardı məni...
Çoxu kənd sakini sanardı məni,
Mən səni görməyə gəlirdim dağa.
De, bardaş qurmadıq sənlə harada,
Oldu məskənimiz hər çay, hər ada...
Adımız qalmadı hansı qayada?
Mən səni görməyə gəlirdim dağa.
Məsafə uzaqdır deyə dərd edib,
Bütün görüşləri asıb, qətl edib...
Beş yüz kilometr yolu qət edib,
Mən səni görməyə gəlirdim dağa.
YAXŞI Kİ, DÜNYADA XATİRƏLƏR VAR
Qəlbim tənhalıqdan çəkildi dara,
Ürəyim sığındı xoş arzulara.
Sənli xatirələr yaşadır məni,
Əlim çatmırsa da sevgili yara.
Yaxşı ki, dünyada xatirələr var.
Sevincim adınla qoşadır mənim,
Qəmimin dalınca daş atır mənim.
Nə tez başa çatdı, Allah, bu bahar,
Ümidim payıza, qışadır mənim.
Yaxşı ki,dünyada xatirələr var.
Məni səsləyəndə qoynuna dağlar,
Bildim çox paxıllar qalacaq ağlar...
Yaxşı ki, bəxtimə yazıldı mənim
Baharlar içində seçilən bahar.
Yaxşı ki,dünyada xatirələr var.
Varlığın hər şeydən əzəldi, vallah,
Varlığın şeirdi, qəzəldi vallah.
Sənsiz bu dağların nə gözəlliyi,
Bu dağlar səninlə gözəldi, vallah!
Yaxşı ki,dünyada xatirələr var.
MOR-MORDA QALIB
Səsləsə də hər tin, hər dalan məni,
Eylədi ayrılıq, qəm talan məni.
Alsa da qoynuna Xırdalan məni,
Qəlbimin parası Mor-morda qalıb.
Bizə də yazıldı bu yazı haqdan,
Nələr çəkəcəyəm, bilirdim çoxdan.
Silinməz, pozulmaz qərar çıxardan,
"MƏHƏBBƏT ŞURASI" Mor-morda qalıb...
Ayrılıq söhbəti düşdüyü andan,
Məndən ayrılmadı bir an da canan.
Ağladı, sızladı bu ayrılıqdan,
Gözünün qorası Mor-morda qalıb...
Gözümdə dəyərsiz olubdur aləm,
Uçulubdur qəsrim, sökülüb qalam.
Bu dərdlə mən çətin yaşayam, qalam,
Dərdimin çarəsi Mor-morda qalıb.
Mor-mordan ayrılıb gəldiyim gündən,
Mürvətəm, olmuşam parça-parça mən.
Canımın yarısı gəlibdi mənnən,
O biri yarısı Mor-morda qalıb...
İÇİNDƏ
Zəhmətini bağban çəkir bağların,
Ləzzətini nadan çəkir, bal barın.
Göydə villa tikir qudurğan harın,
Kasıb uçuq-sökük dam-daş içində.
Varsız qardaş dolansa da lüt-üryan,
Varlı qardaş lüt qardaşdan ötür yan.
Hər gün qan-qan deyir zalım qudurğan,
Fağır yazıq qalıb çaş-baş içində.
Ceyran-cüyür ətin qəlbi daş yeyir,
Yaltaq Yalmanov da ona "nuş" deyir.
"Layka"nı, "lama"nı başı boş geyir,
Başlılar tər tökür nimdaş içində.
Çoxdur ac oyanıb, ac da yatanlar,
Ar satıb arzuya-kama çatan var.
Qeyrəti, namusu pula satanlar,
Üzürlər brilyant, daş-qaş içində.
Şair daim haqqa tutub üzünü,
Deyər həqiqəti, sözün düzünü.
Alıb-satan yoxsa aqil sözünü,
Gül necə cücərsin bəs daş içində?..
Təmiz ad çıxarmaq deyildir asan,
Hər bir tərəf oğru, quldur, yol azan.
İndi qeyrətini qoru, oğlusan,
Bir belə binamus, oğraş içində.
Kar etmirsə ağlı çaşa sözlərim,
Qəzəbimdən tir-tir əsir dizlərim.
Qədimoğlu, necə gülsün gözlərim,
Bir belə gözləri qan-yaş içində?!.
Biz də ATİA.AZ saytının kollektivi adından istedadlı şairimiz Mürvət Qədimoğluya yeni-yeni sənət uğurları və sağlam həyat arzulayırıq.
AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |















