Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.
Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

Bayramınız mübarək, əziz müəllimlər!
Bölməyə aid digər xəbərlər















