16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
MÜƏLLİM - bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır


Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü!


     Mənə elə gəlir ki, bu dünyada Ana və Müəllim ömrünün müqayisəsi və bənzəri yoxdur.

   Müəllim öz ziyası, işığı, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Kamillik və müdriklik Müəllim ömrünün zinətidir.

     Əgər biz Analarımız haqqında deyirik: "Bir oyaq gecəsi əvəz edilməz" ...  Eyni sözləri Müəllim ömrü haqqında da deyirik. Bu iki Varlıq cəmiyyətin həyatında eyni statusda dayanır.

       Biz bu gün bu mötəbər tədbirdə ömrünü  tələbələrinin inkişafı yolunda sevə-sevə şam kimi əridən bir Azərbaycan müəlliminin - ziyalı bir xanımın - əzizimiz Zenfira Nusalovanın  sözünün işığına toplaşmışıq. Sözün işığı, müqəddəsliyi elə bir doğmalıq bəxş edir ki, insanın ruhuna, əslində burda çox insanı ilk dəfə görmüş olsaq da, hamı bir doğma təbəssümlə gülümsəyir bir-birinə.

      Və elə qarşımızda dayanan bu kitabların özəyindəki hikmət də məhz budur. Müəllif hər kitabında vurğulayır ki, İnsanın qan bağından daha çox can bağına ehtiyacı var...

     Bəli, can bağı, könül bağı, ruh bağıdır insanı yaşadan, sabaha ümidlə qəlbinə hüzur gətirən...

      Biz bu masada Zenfira xanımın 3 kitabını görürük: 

     "Xəyallardan gerçəkliyə", "Aforizmlər", "Səndə gözəlləşən həyat"...

  Tədbirin əvvəlində biz bir videoçarx izlədik və biz orda dünyanın 4 yanına səpələnən, Azərbaycan elmini, mədəniyyətini yüksək tribunalardan bəyan edən gənclər gördük. Ədəbiyyatın, sözün, sənətin sehrini duyan, dəyərini bilən bir insan kimi bütün səmimiyyətimlə deyirəm ki, o yetirdiyi tələbələrin hər illik buraxılışı Zenfira müəllimənin bir illik hesabatı və növbəti bir kitabıdır.

     Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsilə yiyələnməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi  müəllim əməyinin  nəticəsində mümkündür. Zenfira müəllimənin ədəbi yaradıcılığı ilə yanaşı onun peşə fəaliyyətinə nəzər salanda öz peşəsini layiqincə yerinə yetirən fədakar müəllimə obrazını görürük. Sadə, mehriban, qətiyyətli,  İnsana, Vətənə sevgisi zəngin  bir insandır Zenfira müəllimə!  Rastına çıxan xeyirhaq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Siz elə kitablarınızdan boy göstərən kamilliyə can atan insan xislətinizlə ən gözəl nümunəsiniz yetirmələrinizə, əziz Zenfira müəllimə! Sizə möhkəm can sağlığı arzulayıram!

        Yazın-yaradın və gözəl nəsillər yetişdirməyə , bu müqəddəs missiyanıza uğurla davam edin!


Xəyalə Əfəndiyeva

Filologiya üzrə fəlsəfə doktoru



Tarix: 16-08-2025, 17:06 Oxunub: 619


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031