Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli elm və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Onun ilk uşaqlıq illəri Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində keçmişdir. Sonra Bakıya köçmüşdür.
Əziz Əliyevin həyatının bütün mərhələləri övladları üçün həyat dərsi idi. Ona görə də Zərifə Əliyevanın həyat fəlsəfəsinin ilkin qaynaqları birinci növbədə onun uşaqlıq çağlarına təsadüf edir. Sonralar o deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həlledici mərhələdir və ömür boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil. İnsan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır. Zərifə xanımın dünyaya göz açdığı ailə sözsüz ki, qeyri-adi bir ailə idi. Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimlərinin çoxu onun ata evində qonaq olurdular. Bu evdə cəmiyyətin mənəviyyatı ilə bağlı çox söhbətlər aparılır, müzakirələr edilirdi və təbii ki, uşaqlar da bunları eşidirdilər.
Beləliklə,atasının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbülfəs Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və sair kimi şəxsiyyətlərlə ailəvi dostluq etdiyi bir mühitdə böyüyən Zərifə xanım özündə azərbaycanlı ziyalısının ən yaxşı nümunəsini təcəssüm etdirirdi.
Zərifə Əliyevanın həkimliyi seçməsi gendən, irsən gələn istək və qərar idi. Bu sənəti ona atası sevdirmişdi - sözlə, əmrlə deyil, həkimliyə məhəbbəti və sədaqəti, parlaq nümunəsi ilə.
Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
Tələbəlik illərində əsaslı biliklərə yiyələnən Zərifə xanımın qəlbində məhz göz həkimi olmaq, dünya işığına həsrət qalan insanlara nur bəxş etmək, görmə qabiliyyəti zəif olanlara, o zaman geniş yayılan bir sıra xəstəliklərdən əziyyət çəkənlərə kömək etmək arzusu olmuşdur. O,1947-ci ildə ali məktəbi əla qiymətlərlə bitirdi. Lakin məqsədinə çatmaq, yaxşı həkim oftalmoloq olmaq üçün təkmilləşdirmə kursu keçməli idi. Oftalmologiya üzrə təkmilləşmə kursu keçmək üçün o zaman Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda mümkün olduğundan Zərifə xanım Moskvaya gedir və 1949-cu ildə kursu bitirərək Bakıya qayıdır və Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. 1950-ci ildə aspiranturaya qəbul olunur və aspiranturanı bitirdikdən sonra elə həmin institutda elmi işçi kimi çalışmağa başlayır. Bu həmin vaxt idi ki, Azərbaycanı traxoma adlı göz xəstəliyi bürümüşdü. Məhz həmin dövrdə Zərifə xanım traxomaya qarşı aparılan müalicədə və profilaktik tədbirlərdə fəal iştirak etməyə başlayır. Xəstələri müalicə etməkdən əlavə həm də traxomanın daha çox yayıldığı bölgələrə gedir, oftalmoloq-həkimlərə məruzələr oxuyur, əhali ilə söhbətlət aparırdı.
Beləliklə, Z. Əliyevanın elmi araşdırmaları üçün həyat özü mövzu verir. O, tədqiqatlarını traxomanın müalicəsi ilə bağlı məsələlərə, əsasən xəstəliyin müalicəsində və onun ağırlaşdığı hallarda təsirli vasitələrin öyrənilməsinə, o zaman üçün yeni olan antibiotikdən-sintomesindən istifadəyə həsr edir. Burada sintomesinin geniş antibakterial spektrləri ilə yanaşı, onun antixelamatik təsirə malik olması da nəzərə alınmışdır. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasında öz əksini tapdı.
Zərifə xanım çox məsuliyyətli həkim idi. Tələsik diaqnoz qoymağı heç sevmirdi. Xəstənin şikayətini diqqətlə dinləyir, onun həyat tərzi, nəticə etibarilə xəstəliyi doğuran səbəbləri dərindən öyrənməyə çalışırdı. O, yalnız hərtərəfli müayinədən sonra müalicə təyin edirdi.
Daha sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı ardıcıl tədqiqatlarla məşğul olur. Bu tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edir.
1960-1967-ci illərdə Zərifə Əliyeva institutda böyük elmi işçi vəzifəsində çalışır. 1967-ci ildə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.
Əziz Əliyev ömrünün son illərində bu instituta rəhbərlik etmişdi.
Bu dövrdə Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyiciləri olan həkimlərlə iş apararaq pedaqoji fəaliyyət göstərir. O, eyni zamanda həkimliklə də məşğul olur, xəstələri müalicə edir və cərrahiyyə əməliyyatları aparır.
Bütün bunlarla yanaşı, həmin illərdə gənc alimin diqqətini oftalmologiyanın bir sıra aktual problemləri cəlb edir. Bunlar xəstəliklərin diaqnostikası, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. idi. Getdikcə onu daha dərin məsələlər narahat etməyə başlayır. Beləliklə, Zərifə Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası ilə məşğul olur.
Sonrakı dövrdə alim onu ən çox maraqlandıran peşə oftalmologiyası ilə mütəmadi məşğul olur. Bu maraq onu Azərbaycanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmağa sövq edirdi. O illərdə Zərifə xanım yorulmadan Bakının, Sumqayıtın, Mingəçevirin, Gəncənin bir sıra müəəssisələrinə gedərək elmdə axtardığı sualların cavabını tapmağa çalışırdı. Beləliklə, o, elmdə birinci olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və onların profilaktikası üçün tədbirlər işləyib hazırlamışdır. Əldə etdiyi nəticələr alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod infeksiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır.
Bu gün cəsarətlə demək olar ki, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi əsaslı tədqiqatlar alimə böyük şohrət gətirmiş və onu dünya oftalmologiya məkanında tanıtmışdır.
Zərifə Əliyeva 1976-cı ilin mayında M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycan kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Zərifə xanım müdafiə zamanı özünün dərin mütəxəssis biliyi, cəsarətli eksperimentatorluq bacarığı, toplanmış zəngin materialların hərtərəfli elmi izahı və bütün bunları yığcam və bitkin şəkildə çatdırmaq qabiliyyəti ilə keşmiş SSRİ-nin tanınmış oftalmoloqları qarşısında bir daha nümayiş etdirmişdi.
Doktorluq dissertasiyası müdafiə etdikdən sonra Zərifə Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. Burada Zərifə xanımın təkmilləşdirmə kursu keçən həkimlərə oxuduğu mühazirələr məzmunu ilə fərqlənirdi. Oftalmologiyadakı yeniliklər daim öz əksini tapırdı. O həmişə çalışırdı ki, oftalmoloqlar bilik və peşə səviyyələrini daim artırsınlar. Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasında çalışarkən ilk vaxtlardan ətrafına gənc və istedadlı həmkarlarını toplayaraq burada elmi-tədqiqat işlərini, kadrların hazırlanmasını bacarıqla təşkil etmişdi.
Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodunda "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı unikal bir laboratoriyanın yaradılmasına və səmərəli fəaliyyətinə nail oldu. Bu, dünyada görmə orqanının peşə patologiyasını araşdıran ilk elmi-tədqiqat laboratoriyası idi. Bu laboratoriya o zaman elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət idi. Zərifə xanımın zəhməti və səyi ilə tezliklə laboratoriya ən müasir cihazlarla təchiz edildi, peşə xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi sahəsində mərkəzə çevrildi. Sonralar Zərifə xanımın bu təcrübəsi keçmiş sovet ittifaqının bir sıra digər şəhərlərində tətbiq edildi.
1977-ci ilin oktyabr ayında Bakıda Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumu keçirildi. 200 nəfərin iştirak etdiyi plenumda SSRİ-nin görkəmli alimləri uşaqların görmə qabiliyyətinin mühafizəsinə, qlaukomanın profilaktikasına və müalicəsinə, ağır göz zədələrinə həsr olunmuş məruzələr etdilər.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində çox yüksək hesab edilən akademik M.İ.Averbax adına mükafata layiq görüldü. Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.
Zərifə Əliyevanın 1983-cü ildə tibb sahəsindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvliyinə seçilməsi onun böyük xidmətlərinin, çoxillik və səmərəli elmi fəaliyyətinin, səhiyyənin nəzəriyyə və təcrübə sahələrinə verdiyi töhfələrin nəticəsi idi.
Zərifə xanım "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. 1983-cü ildə elə bu jurnalda "Kənd təsərrüfatında pestisidlərlə işləyən mexanizatorların görmə orqanlarının vəziyyəti" adlı məqaləsi dərc olundu. 1984-cü və 1985-ci illərdə də peşə ilə yaranan göz xəstəliklərinin patologiyasına aid iki sanballı məqaləsi çap edildi. Bütün bunlar alimin tədqiqatlarına sədaqətini və inamını bir daha təsdiqləyirdi. Təsadüfi deyil ki, bu tədqiqatların nəticəsi olan ümumiləşdirmələr ölkə oftalmoloqlarının VI qurultayının işləri sırasına daxil edildi və qurultayın yüksək tribunasından səsləndi.
Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə həkim-oftalmoloqların və alimlərin böyük bir dəstəsi yetişmişdir. Zərifə xanım gənclərə sənət və elmdən əlavə həm də həyat təcrübəsini öyrətmiş, onlara həmişə diqqət və qayğı göstərmişdir. Zərifə xanım sənətini elə sevirdi ki, işdən heç vaxt yorulmur, usanmır, bütün qəlbi və varlığı ilə çalışırdı.
Zərifə xanıma irsən bir xüsusiyyət də keçmişdi. Təşkilatçılıq bacarığı, ictimaiyyətlə dil tapıb işləmək istəyi vardı. Ona görə həmişə ictimai işlərdə çalışmışdı. SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olmuşdu. "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdi. Zərifə xanım Əliyeva müxtəlif illərdə bir sıra ordenlərə və medallara layiq görülmüşdü, "Azərbaycanın əməkdar elm xadimi" fəxri adını almışdı.
Nasir Əhmədov
"Abşeron rayon Mərkəzi Xəstəxanası"
Publik hüquqi şəxsin
Aşağı Güzdək ASM bölmə müdiri
Bölməyə aid digər xəbərlər