Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. S.Vurğunun mənsub olduğu Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
ATİA.AZ-ın qonağı olan AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof Hacı Loğman Qorqudun SƏMƏD VURĞUNA HƏSR ETDİYİ MONOQRAFİYA haqqında ətraflı müzakirə apardıq. Həmin MONAQRAFİYADAN kiçik bir hissəni təqdim edirik:
"El bilir ki sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Demək, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!...
...Səməd Vurğun dünyasından keçdikcə, anladıqca onun nə qədər milli təəssübkeş, Vətənpərvər bir şair olduğu mənə aydın olmağa başladı. Məhz indi mənə ağsaqqal dostumun bu şeir parçasını nə üçün misal gətirdiyi aydın oldu və onun da qəlb dünyasına daxil olduqca Böyük Azərbaycan sevgisini anlamağa başladım.
Yaxşı yadımdadır ki, bu misraları deyərkən Ulu Öndər Heydər Əliyev necə kövrəlmişdi. Mövzudan kənara çıxsam da, bu məzmunu məşhur, mənası 80 ilə yaxındır ki naməlim olan şeir haqqında bir az aydınlıq gətirmək və bu insanların qəlbinin duyğularını oxucumla bölüşmək istərdim.
Şeirin yazılma tarixinə nəzər salaq: “Kirovabad bolşeviki” qəzeti, 7 iyun, 1935-ci il. O dövrün mənzərəsi....
1930-41-ci illərdə stalinizmin tüğyan etdiyi bir dövr, erməni “Daşnaksütyun” partiyasının rusiyalı havadarları ilə bərabər xristian dini pərdəsi altında Azərbaycanda apardığı qırğın və “təmizlənmələr”, Azərbaycan xalqının “türk-islam fundamentalizmi” adı altında siyasi qenosidi, Mesxeti türklərinə tutulan divanlar, sürgünlər, erməni millətçilərinin Stalini Azərbaycanın əleyhinə qızışdırması, Nadir şahın, Ağa Məhəmməd Şah Qacarın Tiflisdə gürcülərə qarşı tutduğu divana qarşı qisas hissini Stalinin qəlbində alovlandıraraq, bütün Azərbaycan əhalisini türk – tatar – müsəlman adı altında sürgün elətdirmək və Azərbaycana sahib olmaq təhlükəsi və.s.
Bütün bunları düşünüb dərk etdikcə həmin dövrdə yaşamış və Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun və Səməd Vurğunun milli qeyrəti qarşısında baş əyməli olursan. Mir Cəfər Bağırova qədər Azərbaycanın hakim dairələrində əsas hakimiyyət rus, erməni, yevrey millətindən olanların əlində idi. Məhz Mircəfər Bağırovun göstərişi ilə hakimiyyət orqanlarında müsbət dəyişikliklər aparılıb. Onun göstərişi ilə yazılmış bu şeir Azərbaycan xalqını tatar-müsəlman damğası altında siyasi qırğından və sürgündən xilas etmişdi. Şeirin məzmunu və daxili mənası dövrünün siyasi və ictimai güzgüsündən baxılarkən açıq- aydın görünür. Fəqət, dillər əzbəri olması şeirdəki daxili, gizli mənanın mənəvi gücündən qaynaqlanmışdır, oxucunun özündən asılı olmayaraq onun ürəyinə, zehninə yol tapmışdır. Şeirə edilən dəyişikliklər, bu dəyişiklikləri edənlərin – Səməd Vurğundan qat-qat zəif və cılız düşüncəli “ədəbiyyat xadimlərinin” savadsızlığını və qeyri-milli mövqeyini ifşa edir. Çox təəssüf …
Səməd Vurğunun “Əsərləri”ni çapa hazırlayanlar öz ağılları kəsən kimi şeirləri redaktə edən zaman böyük şairin ruhundan utanmadan, bəlkə də bilmədən və yaxud hansı bir qorxudanmı, ya qəsdənmi, onun çox şeirlərini şikəst etmişlər. Redaksiya heyətinə nəzər salaq:
Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Cəfər, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Əziz Mirəhmədov.
Tərtib edənlər: O. Sarıvəlli, Ə. Hüseynov.
Gördüyümüz kimi, sadaladığım insanların hamısını indiyə qədər böyük Ədəbiyyat xadimi sanmışıq, bunların hamısı, üstəgəl yerdə qalanları əsl Səməd Vurğunun kim olduğunu bizə, gənc nəslə anlada bilməmişlər. Sözsüz ki, burada sovet diktatura rejiminin günahları da çoxdur. Budur bizim sovet dövrünün ədəbiyyatının bugünkü nailiyyəti, sənətkarı və sözü, ədəbiyyatı, mənəviyyatı, dini, inamı gözdən salmaq…
Şeirin əsl əlyazma variantı belədir:
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan,
Sakit axan Terek varı,
Sınamışam dostu, yarı…
El bilir ki sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Demək, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!...
Şeir 23 bənddir, 22-ci bənd belədir:
Nəğmələrin sərin-sərin,
Aşiqiyəm bu günlərin,
Atamız şanlı rəhbərin, (Stalinin)
Gəncliyi söylənir burda,
Həyat vermiş bizim yurda.
Şeir Azərbaycana qəsd eləyən, göz dikən ermənilərə, ruslara və başqalarına… etiraz səsi olaraq yazılmışdır. Şair, içimizdə gizli şəkildə öz mənfur niyyətlərini həyata keçirən daşnakları Terek çayına bənzədir. Terek Kabardin-Balkariya vilayətinin içindən keçən çoxşaxəli, sakit və üzündən duru, dərindən isə bulanıq axan bir çaydır. Erməni lobbisinin hər tərəfə əl-qol ataraq türkə qarşı elədiyi qəsd, qəsbkarlıq niyyəti göz önündədir. Məlum faktlardır ki, sovetlər dönəmində rus, erməni, gürcü və s. millətlərin qızları ilə evlənənlərə vəzifə verir, şərait yaradılırdı və bu, birbaşa milli düşüncəyə vurulan zərbə idi. Səməd Vurğun yeganə ziyalı idi ki, övladlarını rus dilli məktəbdən çıxarıb Azərbaycan dilli məktəbə qoymuşdu və buna görə də başı nələr… çəkmişdi. Hələ o zamanlar böyük şair bunları çox cəsarətlə, gizli mənalarla dilə gətirmiş və Azərbaycan adını qabartmış, öz vətəni olduğunu vurğulamışdı. Şeir birbaşa üzdə dost deyib, qızlarını yar əvəzi bizə sırıyan, gizlində isə Azərbaycana qarşı işləyən ruslara, ermənilərə və qeyrilərə ünvanlanmışdır:
Sakit axan Terek varı,
Sınamışam dostu, yarı…
Bu bənddən dərhal sonra, ikinci bənd də onlara cavabdır ki, gözünüzü Azərbaycandan çəkin, dünya bilir ki, bura bizim vətənimizdir.
El bilir ki, sən mənimsən…
22-ci bənd isə birbaşa Stalinə ünvanlanmışdır. Yəni, “Stalin, sən Azərbaycanın çörəyi ilə böyümüsən, bunları unutma, ermənilərin fitnəsi ilə ilə oturub-durma “ demək idi.
Böyük ədəbiyyat xadimi, şair İlyas Tapdıqla bu barədə söhbət elədiyimiz zaman, dedi ki, "çox düz deyirsən, şerin sonundakı Stalinin adını mən partiya ilə əvəz elədim".
Stalinin eşqiylə sən,
Güləcəksən hər bir zaman,
Azərbaycan, Azərbaycan!!!
İNDİ BAŞI ÇIXMAYAN YERLƏRƏ BARMAQ UZADANLARA NƏ DEYƏSƏN AXI..."
Maraqlı fəlsəfi açıqlamalara görə Hacı Loğman Qorquda dərin təşəkkürümüzü bildiririk.
Aydın Adıgözəlli, ATİA.AZ
Bölməyə aid digər xəbərlər