16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
"DƏYİŞDİRİLƏN HƏYATLAR: BOB VƏ BRUS" - AYGÜN SADİQ

                                       (Faktlara istinadən...)

     1912-ci il. Amerika, Luiziana. Danbar ailəsi hamı kimi normal həyat sürürdü. Orta imkanlı iş adamı olan Persi Danbar və səssiz, güclü, oğluna çox bağlı xanımı Lesi Danbar cəmiyyət tərəfindən normal ailə kimi qəbul edilirdi. Çalışqan, etibarlı və dindar ailənin Bobi adında 4 yaşında iri mavi gözlü, sarı saçlı, hər şeylə maraqlanan körpə oğlu vardı...

           HADİSƏ GÜNÜ 

     1913...  Ailə gəzmək və istirahət üçün göl kənarına getmişdi. Oralar gəzmək və dincəlmək üçün uyğun yerlər idi və ailə də bu səbəbdən oranı seçmişdi... 

Səhər tezdən Bobi ortadan yox oldu. Öncə oynamağa başı qarışdığını düşündülər. Sonra getdikcə narahatlıq qorxu ilə əvəz olundu...

Gölün içi timsahlarla dolu, ətrafı isə sıx meşəlik idi. 


       NƏTİCƏSİZ CƏHDLƏR 

     Əvvəlcə uşağın suya düşüb boğulmuş olduğu ehtimalı yaranmışdı. Günlərlə axtarsalar da, uşaqdan heç bir iz tapa bilmədilər.  Bu qeyri-müəyyənlik həm ailə içində, həm də qəsəbənin zehnində getdikcə böyüyən bir müəmmaya çevrildi...

Bobinin qeyb olması yerli əhalini və polisləri hərəkətə keçirdi. Göl və ətrafı diqqətlə axtarıldı, amma heç bir nəticə əldə edilmədi. Ailə oğullarının oğurlanmış ola biləcəyi ehtimalını düşünməyə başladı. Ölkədə elanlar yayınlandı, 6 min dollar mükafat təklif edildi. Uşağın xarici görünüşü haqqında ətraflı məlumat verildi: açıq saçlı, iri mavi gözlü, yumru üzlü uşaq. Sol ayağının baş barmağında körpəlikdən qalma, görünən, qalıcı yanıq izi... 

Aylarla davam edən axtarış fayda vermədi. 


           VƏ...

    Həmin ilin aprelində Missisipidə səyyar bir təmirçi olan Vilyam Volters yanında bir uşaqla göründü. Uşağın Bobinin əlamətlərinə uyğun olması polisin diqqətini çəkdi. Volters uşağın Culiya Anderson adlı bir qadının oğlu olduğunu və uşağı anasının icazəsi ilə yanına aldığını dedi.  Bu açıqlama, uşağın Bobi olmasına inanan polislərə yetərli deyildi. Voltersi həbs etdilər və uşağı Danbar ailəsinə göstərmək üçün Luizianaya apardılar....


                 ÜZLƏŞMƏ

    Uşağı görən ailə öncə tərəddüd yaşadı. Ana- Lesi Danbar uşağın üz ifadəsinin bənzədiyi, amma tam əmin olmadığını demişdi. Növbəti gün uşağın bədənini nəzərdən keçirib onun Bobi olduğuna qərar verdilər.


        Fəqət, gözardı edilən bir detal vardı - sol ayağının baş barmağında körpəlikdən qalma görünən, qalıcı yanıq izi...


            VAXTINDAN ƏVVƏL SEVİNC 

     Qəsəbə şadlıq edirdi. Media uşağın tapılmasını, ailənin övladına qovuşmasını sevinclə qarşılamışdı. Ailə oğullarına qovuşmuş kimi davrandı...


                  NƏLƏRSƏ TƏRS GEDİR?

      Bu ərəfədə mövzuya Culiya Anderson adlı gənc qadın daxil oldu. Həll olunmuş kimi görünən hadisələr daha da qəlizləşməyə başladı. Missisipidə yaşayan Culiya uşağın öz oğlu Brus olduğunu iddia edirdi. Onun söylədiyinə görə, uşağın atası Voltersin qardaşı idi və qadın uşağı müvəqqəti olaraq Voltersə əmanət etmişdi.  Fəqət, Culiyanın cəmiyyət içindəki pozisiyası onun iddialarını ciddi qəbul olunmasını əngəlləyirdi: o, evlənmədən uşaq dünyaya gətirən subay bir ana idi və bu durum onu ictimaiyyətdə mənfi mənada hədəf halına gətirirdi. İnsanlar onun uşağına duyduğu sevgiyə, analıq iddiasına deyil, ictimaiyyətdəki durumuna baxırdı. 


             ZƏRƏR VERƏN TƏRƏDDÜD 

     Culiya uşağı ilk görəndə əvvəlcə tanıya bilmədi. Bu, məhkəmə və ictimaiyyətdə onun əleyhinə çevrildi. Halbuki uşağın bədənini nəzərdən keçirəndə uşağın Brus olduğunu dilə gətirmişdi. 

Amma qərar verilmişdi, ailə övladına qovuşmağın sevincini yaşamaqda idi, media bu xəbəri manşetlərə daşımışdı belə. Bəli, məhkəmə uşağı Danbar ailəsinə verdi, Vilyam Volters uşaq oğurluğunda ittiham edilib həbsə atıldı. Culiya üzgün, uduzmuş bir vəziyyətdə, müdafiə imkanları yox dərəcəsində, məhkəmə isə onu əxlaqsız qadın kimi göstərib günahlandırırdı. Hadisə artıq ədliyyə deyil, əxlaqi bir ittihama çevrilmişdi. Oğlu olduğunu dediyi uşaq onun gözü önündə başqa bir ailənin uşağı halına gətirildi...


              HƏR HALDA, HƏYAT DAVAM EDİR 

    İllər keçmiş, Culiya evlənmiş, övladları dünyaya gəlmişdi. Amma itirdiyi oğlunun yasını daim qəlbində daşıdı.  Bu qadın heç vaxt geri dönməyən ədalətin qurbanı olmuşdu və bəlkə də, toplumun səssizcə qəbul etdiyi haqsızlığın simgəsi idi. 

Bobi kimi böyüdülən Brus sakitcə böyüməyə davam edir, heç bir iddia, etiraz etmir, susurdu. Xüsusilə də uşaqların məhkəmədə heç bir söz, ixtiyar sahibi olmadığı keçən əsrdən danışırıqsa, bu durum təbii idi.


Brus heç vaxt "mən o deyiləm!" deyə bilmədi. 

Bəlkə də, yaşadığı şoku səssizcə qəbul etdi. Bəlkə də, içində səssizcə üsyanlar da etdi; amma danışmadı. Heç nə danışmadı Brus... Evləndi, övlad sahibi oldu, ictimaiyyətdə Bobi Danbar olaraq tanındı. Kimliyinə qarşı çıxmadı. 

İllər sonra oğlu Bobi Cunior atasına bu mövzuda sual verəndə o, belə cavab verərdi:

- Kim olduğumu və sənin kim olduğunu bilirəm. Başqa heç nəyin önəmi yoxdur!

Bu, həm qaçış, həm də qəbullanmış cavab idi. 

Brus sakitliyinə sadiqliyi ilə bərabər, həqiqəti inkar etmiş kimi də görünmürdü. Zaman-zaman bioloji ailəsi ilə rastlaşdığı günlər də olmuşdu. Culiyanın digər uşaqları Brusun illər sonra onlarla rastlaşdığını danışır... Amma yenə də bu rastlaşmalar səssiz idi: nə qovuşma vardı, nə hesablaşma. Bəlkə də, tamamilə "Mən Brusam" deyə bilmədi. 

ÇÜNKİ UŞAQ İKƏN ONUN KİM OLDUĞUNU BAŞQALARI SEÇMİŞDİ!

O da bunu səssizcə qəbul etmişdi...



              TOZLU RƏFDƏN GÜNDƏMƏ

       Uzun illər keçmişdi...    1999-cu il idi. Bobi Danbar kimi tanınan o uşağın nəvəsi Marqaret Danbar üçün bu hadisədə qəribə olan şeylər vardı. O, əslində, babasının başına gələnləri araşdırmaq istəmişdi. Fəqət, məhkəmə qeydlərini, arxivləri araşdırdıqca hekayənin heç də belə olmadığı göründü. 

Marqaret üçün qəribə olan  bir ifadə vardı ailə içində: "Bəlkə də, o, bizim həqiqi qohumumuz deyil".

Qız araşdırma etmək istədiyini dəqiqləşdirmişdi və atasına- Bobun oğluna məsələni açdı, amma onun bir dəqiq fikri yox idi. Çünki Cuniorun atası ona "kim olduğumu və sənin kim olduğunu bilirəm, başqa heç nəyin önəmi yoxdur" cümləsindən başqa heç nə deməmişdi. 

2004. Dnt analizi həyata keçirildi. Nəvələrin, yəni əmi uşaqlarının dnt-si müqayisə edildi. Nəticələr heyrətamiz idi: Bobi Cuniorun Danbar ailəsi ilə heç bir bioloji bağı yox idi. Bu test əslində Bobi Danbar kimi böyüdülən uşağın realda Culiya Andersonun oğlu olduğunu təsdiqləmişdi. 


                  BƏZƏN HAQLI İKƏN HAQSIZ OLARSAN

    Anasının şəxsi həyatı arqument kimi göstərilib azyaşlının duyğu, düşüncə, sevgi və ailə anlayışından məhrum edilərək  şəxsiyyətinin psixoloji basqı altında dəyişdirildiyi hadisə keçən əsr Amerika ədliyyə sisteminin nə qədər qəddar olduğunun göstəricisidir. 


Bobi, əslində, Brus idi.  Persi onun öz atası deyildi.  Lesi də onun anası deyildi.  Həbsə atılan Vilyam Volters məsum idi.  Övladının ayrılığını qəlbində daşıyan, məhkəmənin başqa səbəblərlə üstünə gəldiyi zavallı Culiya həyatdan köçmüşdü. 


               TƏZADLAR

Və gerçəklər əvvəldən heç kimin dinləmək istəmədiyi Culiya Andersonun  istisna edilmiş etiraz səsi ilə bu dəfə sanki hayqırırdı: BU, MƏNİM OĞLUMDUR!



                  İKİ ANA

Lesi hər zaman uşağın öz oğlu olduğunu söyləyib durdu.

Culiya da "mənim oğlumdur" söylədi....


             TƏPKİ QƏRİBƏLİKLƏRİ

     Culiyanın ilk anda oğlunu tanımaqda tərəddüd etməsi qəribə idi. 

Bu tərəddüd Danbarlarda da baş vermişdi, amma nədənsə onu önəmli detal kimi görmək istəmədilər.  Lesinin də təpkisində müşahidə edilən eyni detal onun üçün mənfi heç nə yaratmasa da, Culiyanın ömrünə ayrılıq dağı çəkdi. 


             DAVRANIŞ QÜSURLARI 

Culiya üçün onun əleyhinə başqa detallar da vardı: məsələn, uşağı axtarmaq üçün tələsməməsi... Özünü müdafiə üçün cəhd etməməsi(bunu onun iradəsinə və dövr üçün böyük əxlaqsızlıq sayılan evlilik olmadan övlad dünyaya gətirməsi ilə əlaqələndirirəm- red.A.S). 

Vilyam üçün də nəsə düz gəlmirdi: adam qardaşının oğlu kimi təqdim etdiyi uşaq haqqında nədənsə duyğusuz, soyuq danışırdı. "Bizim uşaq" aurası hiss olunmurdu. Bəlkə də, ortada bir al-dəyiş, anlaşma vardı. Kim bilir, bəlkə də, uşaq yoxa çıxdıqdan sonra tapılan uşaq, əslində, başqa biri idi? 


              BEYİN YANDIRAN O SUAL

     Dnt imkanlarının məhdud olduğu dövrdə verilmiş qərarın düzgünlüyü isbat edildimi? 

Bu nə idi: öz kimliyini itirmiş uşağın, onun üçün biçilmiş rola uyğunlaşmasımı?


Marqaret babası haqqında bir kitab yazdı. Kitab yanlış təməllər üzərində inşa edilmiş şəxsiyyət haqqında idi. 


               NƏTİCƏLƏR 

Bu prosesdə udan tərəf olmadı.

Bir adam həbs edildi. 

Bir ana uşağını itirdi. 

Bir ailə başqa uşağı böyütdü. 

Və bir uşaq yanlış bir şəxsiyyətin içində yaşayıb getdi...

 

       ....Və gəldik öz ölkəmizə. İlleqal həyatın rədd və birmənalı şəkildə yasaq edildiyi müsəlman ölkəsi. Bir əsr öncənin xristian Amerikasında bir qadın məhz evlilik olmadan övlad dünyaya gətirdiyi üçün balası əlindən alınır. Müsəlman ölkəsi olan Azərbaycanda isə televiziyalar illeqal həyat təbliğ edən fahişə müğənniləri tərifləyib durur. O zamankı çarəsiz Culiya 2026-nın Azərbaycanı da yaşasaydı, nəinki basqı görmək, əksinə, müğənni olardı və çox güclü mühafizə və finansal imkanları olardı, Culiya Azərbaycandakı ədliyyəni satın alar, oyuncaq kimi oynadar, su kimi içərdi, bəlkə, yanılıram? 






Aygün Sadiq


Tarix: 22-01-2026, 19:48 Oxunub: 366


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031