16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
MƏLƏK İSMAYILIN SƏNƏT BAĞÇASINA SƏYAHƏT

Bu gün vətənpərvər şairəmiz Mələk İsmayılın sənət bağçasına səyahət edəcəyik.

KİMDİR MƏLƏK İSMAYIL???


Mələk İsmayıl (Murquzova Mələksə Nurəli qızı) Qazax rayonunun Çaylı kəndində anadan olub.  1980-ci ildə Çaylı kənd orta məktəbini bitirib indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika fakultəsinə daxil olaraq, 1984-cü ildə həmin universiteti bitirib.  Daşkədən rayonunun Mollahəsənli kəndində əmək fəaliyyətinə başlayıb, 1999-cu ildə Hacıməlik 1 saylı və 2 saylı orta məktəblərində əmək fəaliyyətinə başlayıb.  

2002-ci ildə  R. Məmmədov adına St Qızılca kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərib. 2007-ci ilə direktor müavini təyin olunub. 

2011-ci ildən  Göygöl şəhəri 3 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyir.  

2000-ci ildən şeir yazımağa başlayan şairəmiz  6 kitab müəllifidir.  "TÜRKOĞUZ LƏHCƏLİ YURDUM QAZAĞIM",  "HARA GEDİR BU DÜNYA", "QARABAĞ DEYƏNDƏ, TORPAQ DEYƏNDƏ",  "HƏYAT NİYƏ BELƏSƏN",  "ÖMRÜN 60 BAHARI",  "YAŞA-YAŞA   AZƏRBAYCAN" adlı kitabların müəllifi olan İstedadlı şairəmizin yeddinci kitabı  yaxınlarda işıq üzü görəcək.  


    Dövlətimizə, dövlətçiliyimizə bağlı olan Mələk İsmayıl  "İstedadlı şairlər birliyi"nin diplomu ilə təltif olunmaqla yanaşı ,"Qızıl qələm",  "Xəlil Rza Ulutürk", "İlin şairi",   "Heydər Əliyev"  media mükafatlarının  da sahibidir. 

  2020-ci ildən "Aşıq Pəri",  2021-Cİ ildən isə  "Mirvarid Dilbazi" ədəbi məclisinin üzvüdür.    Dövri mətbuatda, müxtəlif antologiyalarda  mütəmadi olaraq şeirləri çap olunur.

Gəncə şəhərində yaşayır, ailəlidir, 3 övladı, 4 nəvəsi var,  4-cü nəvəsinə nənəsinin adi (MƏLƏK) qoyulub.

İstedadlı şairəmizin bir neçə şerini oxucularımıza təqdim edirik:


KƏLƏĞAY

 

Allı, güllü, butalı,

Kələğay, ay kələğay.

Ululardan qalıbsan,

Bizlərə pay kələğay.


Abır, həya, ismətsən,

Böyüklərə hörmətsən.

Yamşaq tutub anamız,

Əl işisən, zəhmətsən.


Nənəmdən yadigarsan,

Nə yaxşı ki, sən varsan.

İyini səndən aldım,

Qeyrət, namussan, arsan.

 

Çiçəklərdən rəng aldın,

Al-əlvan rəngə çaldın.

Milli dəyərimizsən,

Keçmişi yada saldın.


İpəksən, hünərlisən,

Qılıncdan kəsərlisən.

Çox qanlar yatırmısan,

 İnsəsən, həm zərlisən.


Mələk örtür başına,

Yaraşırsan yaşına.

Bahalı  hədiyyəsən,

Dostuna, sirdaşına.


      VƏTƏN


Başın bəla çəkib, başına dönüm,

Torpağına dönüm, daşına dönüm.

Əllərim göydədir, qiblədir yönüm,

Daha gözünü sil, ağlama, Vətən!


Səni unutmadım heç bircə an da,

Həmişə mənimlə varsan bu canda.

Damarda, ilikdə, dövr edən qanda,

Əlimi, qolumu bağlama, Vətən!


İstəyimiz budur, bütöv qalasan,

Verdiyini bir- bir geri alasan.

Düşmənəm  deyəni dərdə salasan,

Bəsləyib qoynunda saxlama, Vətən!


Mələk qanadlanır, uçur havada,

Biz qələbə çaldıq, qanlı davada.

Ocağın alışsın yurdda, yuvada,

Sinəmi çal- çarpaz dağlama, Vətən!


  ATA YURDU


Ləngərlənən bir gəmiyik,

Limanımız ata yurdu.

Baş vururuq ora-bura,

Ümmanımız ata yurdu.


Yıxılırıq dura-dura,

Uçururuq qura-qura.

Yol gedirik sora-sora,

Gümanımız ata yurdu.


Xatirələr ocağıdır,

İsti ana qucağıdır.

Ömrümüzün hər çağıdır,

İmanımız ata yurdu.


Kimlər gəldi, köçdü getdi,

Yaxşı- yaman seçdi getdi.

O bulaqdan içdi getdi,

Saf qanımız ata yurdu.


Tək idi çoxaldı babam,

Çaylıdır isti yurd- yuvam.

Şirin ləhcəli el-obam

Xoş anımız ata yurdu.


Könlüm xoş olur gedəndə,

Fərəhlənirəm görəndə.

Qəhərlənirəm gələndə,

Amanımız ata yurdu.


Ötən o çağa dönürük,

Birdən uşağa dönürük.

Yaş yada düşür sönürük,

İnamımız ata yurdu.


Bilməz idik dərq-qəm nədir,

Mələk, həyat qəribədir.

Zaman məktəb, çox öyrədir,

Sağ canımız ata yurdu.


YADIMA DÜŞÜR


Şairlər diyarı... Gəldim Qazağa,

Babamın yurduna, isti ocağa.

Daha  çıxa bilmir anam qabağa,

Bəxtəvər günlərim yadıma düşür.


Müqəddəs ağacdı  bu tut ağacı,

Altında böyüdü qardaşlar, bacı.

Nənəm ilə babam,  başımız  tacı,

Gözlərim önündən nələr ötüşür.


Keçmiş yuxu kimi gəlir adama,

Baxıram   həyətə, evlərə, dama.

Qohuma, qonşuya,  qoca anama,

Köçənlər xəyalən  bir-bir görüşür.


 Ürək dilə gəlir, könül xoş olur,

Gözlərim yaşarır, boşalır dolur.

Xəyallar saçımı darayır, yolur,

Mələk olanları deyir, bölüşür.


  UZAQDIR


Bir dünya qurmuşam  yaşadır məni,

Xain baxışlardan, gözdən uzaqdır.

Ziyarət eyləyib gəzib gəlirəm,

Mənasız söhbətdən, sözdən uzaqdır.


Xəyallar aləmi aparır ora,

Dönmək istəmirəm geriyə, bura.

Gülüb danışıram əl  vura-vura,

Dəyişən sifətdən, üzdən uzaqdır.


Hamı bir-birinə xoş sözlər deyir,

Şairlər oturub şeir söyləyir 

Aşıqlar saz çalır, söhbət eyləyir,

Əyri gedən addım, izdən uzaqdır.


Haqqın -ədalətin uca zirvəsi,

Allahu Əkbərin yayılır səsi.

Riqqətə gətirir duyğulu kəsi,

Mənəm-mənəm deyən, bizdən uzaqdır.


Çoxları ucalır üz vura-vura,

Qaşını oynadıb göz vura-vura.

Əyrilər yol tapır düz vura-vura,

Mələyi yandıran közdən uzaqdır.


    YURDUDUR


Azərbaycan adında məmləkətim var mənim,

Vətəninin qədrini bilənlərin yurdudur.

Çətin günlər yaşadıq, qəlbimiz qan ağladı,

Bizimlə ağlayanlar, gülənlərin yurdudur.


Özünü sübut etdi, göstərdi bəli budur ,

Bura Oğuz yurdudur, nəhənglərin yurdudur.

Basılmayan qaladır, yenilməz bir Ordudur,

Vətənim deyə- deyə gələnlərin yurdudur.


Yağıların gözləri təpəsində qalacaq,

Bizə aid olanlar yenə bizim olacaq.

Bu hələ harasıdır, görün nələr olacaq?

Gözümüzün yaşını silənlərin yurdudur.


Xudayarın təsnifi sinələri dağlayır,

Mübariztək oğullar düşmən qolu bağlayır.

Gözləri təpəsində ermənilər ağlayır,

Qarabağ deyə-deyə ölənlərin yurdudur.


Azərbaycan nurlanır dünyaya işıq saçır,

Oğuz yurdu gül açır, gələnə qapı açır.

Düşmənlər yas içində, fürsət tapanlar qaçır,

Sevincimizi yarı bölənlərin yurdudur.



  ÇAYLIYAM


Deyirəm a dostlar, buyurun gəlin,

Cənnətə bənzəyir Gəncə zonası.

Birlikdə Göy-gölü gəzməyə gedək,

Sizi salamlasın   göllər sonası.


Göy-göldən qalxarıq  biz  Maral gölə

Ruhumuz dincələr, söhbət edərik.

Cüyür yaraşıqdı çəmənə, çölə,

Cənnəti görməyə birgə gedərik.


Yolu başlayarıq Qazağa sarı,

Vurğunun elini ziyarət edək.

Şairlər diyarı yurdumun barı,

Böyük şair ilə fəxarət edək.


Buludlara dəyir Göyəzən dağı,

Ətəkdə oturaq, dinləyək sazı.

Damcılı sərindir, buzlu bulağı.

Ruha qida versin, bülbül avazı.


Qonaq-qaralıdır bizim oylaqlar,

Hamı qarşılayar, xoş gəldin deyər.

Ayrı ab-havadır, mayda yaylaqlar,

 Sonuncu tikəni səninlə yeyər.


Dağların döşüdür  İncə dərəsi,

Düşmənlə üz-üzə dayanıb durur.

Hər evdə aşıq var, yayılır səsi,

Şairlər deyişir,  şeirlə vurur. 


Atam Nurəliydi rəhmətə getdi,

Tanıyanlar bilir,  necə kişiydi...

Altmış səkkiz yaşda bizi tərk etdi,

Hər işi ərənlər,  ərlər işiydi.


Mən gücü-qüvvəti eldən almışam,

Adım Mələksədir, Haqdan paylıyam.

O şirin ləhcədən, dildən almışam,

Fəxr eyləyirəm ki, mən də Çaylıyam.


Biz də ATİA.AZ  saytının kollektivi adından  istedadlı,  vətənpərvər şairəmizə yeni-yeni sənət uğurları arzu edirik.


ATİA.AZ saytının baş redaktoru

AYDIN ADIGÖZƏLLİ


Tarix: 14-10-2025, 19:19 Oxunub: 3 046


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031