11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
SƏN DİRİSƏN- SƏN ÖLMƏDİN...

    Özünəməxsus ənənəsi, çaları, tarixi inkişaf yolu olan qəhrəman bölgələrimizdən ağır elli Qazax ilkliyə imza atmış şəxsiyyətləri ilə tanınır. At belində papaq oynadan, pəhləvanları ilə sayılıb seçilən, şairləri, aşıqları ilə dünyaya səs salan-Qazax eli. Bu elin, bu mahalın bir də Çaylı-kəsəmən deyilən Çaylı kəndi var. Bala Çaylı-Böyük Çaylı. Oğlanları igid, qızları ismətli, nənələri laylalı-bayatılı, babaları nağıllı-dastanlı bir ağır eldir Çaylı eli. Döyüşkən ruhlu oğulları ilə öyünən Çaylı torpağı Vətənin dar günündə tarix yazan Şəhid oğullarını sinəsinə çəkib. Çaylı elinin sayılıb-seçilən, ağsaqqal kişilərindən biri də Nəbi kişi olub. 
...Nəbi kişi kənddə sayılıb seçilən el ağsaqqallarından olub. Bir gün arxın qırağına gedəndə görür cinnər firlanır. Yaxınlaşır ki, arxın içində bir qız nəsə yuyur. Onun saçından tutub boynunun arxasına sancaq keçirir. Bu zaman o, Nəbi baba məni burax sənin yeddi arxa nəslinə toxunmayacam deyə yalvarır. Nəbi kişi əlindəki ciyəri sən burax, mən də səni buraxım deyir. 
-Artıq gecdir, yaxalamışam. 
Nəbi kişi onu tutub evinə gətirir. 
Səhəri gün kəndi qara xəbər bürüyür. Bir gənc gəlin doğum anında dünyasını dəyişir. O gün bu gün Nəbi kişi kənddə hal tutan adam kimi tanınır. Onun paltarından, papağından kənddə zayfa gəlinlərin başının altına qoyar, körpələrə toxunan olmasın deyə uşaqların yatağının baş tərəfinə qoyardılar. 
     İsmayıl, Abdulla, Kazım adlı üç oğlu olan Nəbi kişi bir gün başını yerə qoyur. Oğlu İsmayıl ömür yoldaşı Şəhrəbanı qarı ilə dünyaya gətirdiyi oğlunun birinin adını Nəbi qoyur. Nəbi abır-həyası ilə, ağır təbiəti ilə sayılıb-seçilir. Günlərin bir günü Nəbi ailə həyatı qurur. 1991-ci ilin qızmar iyul ayının 6-da nur üzlü bir oğlan uşağı dünyaya gəlir. Nəbi də öz növbəsində Dədəm Qorqud demişkən adını mən qoydum-Taleyini tanrı versin deyib körpənin adını atası İsmayılın adını qoyur. 
Səhər günəşinə isinən, yanağını ayaz çatladan, əlləri soyuqdan donan körpə ana qucağına sığınaraq böyüyür. Ağır, əzablı günlər onu rahat buraxmır. Bir qarnı ac, bir qarnı tox böyüyür. Uşaqikən yaşlanır. Uşaqikən ailə qayğısı çəkir. Ağrılar-acılar İsmayılı ağuşuna alır, dəmir biləkli, dəmir ürəkli edir. I Qarabağ müharibəsi onun da həyatında ağrılı-acılı izlır buraxdı. Rayonda qaz yox, işıq fasilələrlə verilir. Qış çox sərt keçir. Çarəsiz ata-ana iki oğlunu sinəsinə sıxaraq isitmət məcburiyyətində idi. Beləcə günlər ayları, aylar illəri əvəzləyərək İsmayılı qoynuna alıb böyüdürdü. İdmanla məşğul olmaq onun ən çox sevdiyi peşə oldu. Kənd uşaqlarının hər anı fiziki iş olduğu üçün onlara idman daha asan gəlirdi. Dost-tanışları, tay-tuşları arasında seçilirdi İsmayıl.  
Mətin, mübariz İsmayıl çətinliklərlə yoğrularaq böyüdü. Hərbi xidmətə getdi. Xidmətini başa vurub qayıtdıqdan sonra yenə də vətənin keşiyində dayanmağa yollanır. Uca boyu, enli kürəyi, dəmir biləyi ilə hər an döyüşə hazır idi. Təki Ali baş komandan əmr versin. Gün o gün oldu. Əmr gəldi. 27 sentyabr 2020. Qarabağ işğaldan azad olunacaq.
                            MÜHARİBƏ BAŞLADI.
 Cəbhə boyu qızğın döyüşlər gedir. İsmayıl qartal kimi düşmənin üstünə şığıyır. Düşməndən ilk anda şəhid qardaşlarının qisasını alır. Torpaqları qarış-qarış düşmən tapdağından azad edir Azərbaycan Ordusu. 

Allahım, şükürlər olsun Qarabağ erməni tapdağından azad olur. Ordu hər qarış torpağı dişi-ilə dırnağı ilə azad edir.  
Yeddi noyabr Şuşa döyüşlərin sonuna doğru bir addım. Ordu Şuşada əlbəyaxa döyüş taktikasından istifadə edirdi. Dişləri-dırnaqları ilə düşməni parçalayırdılar. İsmayıl Xüsusi Təyinatlı dəstənin baş çavuşu kimi döyüşürdü. Ot kök üstə bitər. Ulu babaları kimi qəssablıq canında idi. Uşaqlıqdan at belində tüğyan edirdi. Sərrast atıcılıq bacarığı, hərbi taktikası onun hər an dayağı olurdu. Yüzdən artıq erməni dığalarını məhv edir İsmayıl.  
İldırım sürəti ilə qayaya dırmanır. Birdən hənirti hiss edir. Sanki yaxınlıqda kimsə vardı. Yerə uzandı. Özünü ölmüş əsgər kimi göstərdi. Ona yaxınlaşan ayaq səslərini eşidirdi. Nəfəs almamağa çalışdı. Əsgər ona yaxınlaşıb ayağı ilə təpikləyəndə İsmayıl qəfil hərəkəti ilə onun ürəyinin başından bıçaqla vurdu. Erməni əsgəri yerə sərildi. Sakit və təmkinlə bıçağı onun ürəyindən çıxarıb bıçağın qanını əsgərin üstünə sılıb təmizləyərək belinə taxdı. Pıçıltı ilə bunumu istəyirdin, biz arxadan adam vurmuruq. Döyüşəndə üzbəüz döyüşürük, kişi kimi vuruşuruq, bu Xocalıda Şəhid olanların qisasıdır deyib uzaqlaşdı. Artıq şər qarışmışdı. Azərbaycan əsgəri Şuşanı azad etmək əmri almışdı.  Hər kəs sevinc içində idi. Şuşaya gedəcəklərini duyub  kəs bir-birinə sarılıb təbrik edirdi. Şuşaya yollandılar. Bu da Şuşa! İsmayıl üzü dağlara baxıb Şuşanın təmz-saf havasını ciyərlərinə çəkirdi. Şuşanın başı yenə dumanlı idi. Əsrarəngiz Şuşaya baxıb gözlərinə inanmırdı. Ağlına da gəlməzdi ki, Şuşaya gedə bilər. Şuşanın düşməndən azad edilməsi uğrunda o da döyüşlərdə iştirak edə bilər. Əlini cibinə qoyub dərindən nəfəs aldı. Döyüş yoldaşı Rasim Yaxinlə birgə tapşırıq aldılar. Onlar döyüş təlimlərində tanış olmuşdular. Tanış olduqları gündən bir-birlərinə qardaş deyirdilər. Çox bağlanmışdılar bir-birlərinə.  İsmayıl Şuşaya daxil olan kimi izi üstə yerə çöküb əyilib torpaqdan öpdü. Əllərini torpağa sürtüb üzünə çəkdi. Elə bu an snayperdən düşmən atəş açdı. rasim yaxin bir an huşunu itirdi. Ayılanda İsmayılı yerə uzanmış gördü.  Qolunu tərpətmək istədi bacarmadı. Biləyindən qolu üzülmüşdü. Qan aparırdı onu. Ancaq diqqəti ismayılda idi. İsmayılı sirkələyib, qardaş oyan deyə bildi...İsmayılın ayağından axan al qan torpağa qarışdı... Hər tərəf ağ qar idi. Birdən günəş çıxdı. Günəşin qızıl saçları onun üzünə düşürdü. Gözünü tam yummamışdı. Sanki hər şeyi görürdü. Nə baş verdiyini başa düşdü. Pıçıltı ilə: Eşhedu en la ilahe illellah, Eşhedu enne Muhemmeden resulullah, Eşhedu enne Emirel-Momininen Eliyyen veliyullah- deyə pıçıldadı. Bu an  buludların arasında ağ paltarlı, uzun saqqallı bir adam gördü. Ona əlini uzatdı..qulağına səs gəldi..sən ölmədin, sən dirisən..sən dirisən..sən mənimləsən..sən şəhadətdəsən...
Lalələr ətafındakı yaşıl çəmənliyi bürüdü..hər tərəf al qırmızı lalə idi..bağrı qara qanla dolan lalələr yaşıl otların arasında başlarını sağa-sola yelləyərək əsirdilər.Ətrafını lalələr sardı. İsmayıl Şəhadətə qovuşdu..Şəhidlik şərbəti içdi. Bütün Çaylı kəndi ayaqda idi. Kənd ağır yerişli, ağır təbiətli igidini qarşılamağa hazırlaşırdı. Dəstə-dəstə insanlar Qəsəbov İsmayılın evinə doğru axışırdı. Uğrunda canından keçən qara torpaq övladını bağrına basdı. Yüzlərlə əsgər çiyinlərində Şəhid İsmayılı son məzara doğru aparırdı. Yol boyu bütün insanlar küçələrə axışıb şəhidini alqışlarla yola salırdı...Analar fəryad etdilər, neçə gəlin dul qaldı, neçə nişanlı qız daşla ülfət bağladı, neçə körpə atasız qaldı...Müharibə-səni lənətə gələsən..
Müzəffər Ordumuz torpaqlarımızı yağı düşmən tapdağından azad etdi. Zəfər çaldı!  Zəfərin mübarək Azərbaycan əsgəri,  Azərbaycan Şəhidi, Azərbaycan qazisi! 
                                                               
  
























İlhamə Cəlalqızı (Qəsəbova)
   Prezident təqaüdçüsü  


Tarix: 6-07-2021, 18:43 Oxunub: 1 121


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı