Milli davamız – Vətən savaşımız Ali Baş Komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam…
Şuşa Qalamızın azad olunduğu unudulmaz 8 Noyabr gününün səhəri idi. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini çox hörmətli Bayram Yusifovdan
Müzəffər Ali Baş Komandana möhtəşəm bir təbrik məktubu ünvanlanmışdı. Rəşadətli Ordumuzun yenilməzliyindən qürurla söz açılan bu məktubun hər kəlməsi səmimiyyətlə, qəlbi dövləti ilə döyünən vətən sevdalı müdrik bir ziyalının milli təəssübkeşliyi ilə dolu idi.
Bayram müəllimin o məktubunu mənim üçün unudulmaz edən məktubun möhürü olan "Ali Baş Komandanım" şeiri olmuşdu. Şuşa Qalamızın azadlığı gün Bayram müəllimim qəlbindən qələminə yol alan bu qiymətli misralar beş ildir ki, hər birimizin dilimizin əzbərinə, yaddaşımızın naxışına - könlümüzün səsinə çevrilib.
Azərbaycan Silahlı Qüvvələrinin Dəmir Yumruqlu Müzəffər Ali Baş Komandanına ehtiramla Bayram Müəllim yazır ki:
Qızıldan imza atdın
Tarixin yaddaşına,
Şanlı bir tarix yazdın
Vətənin savaşına.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Qarabağı almağı
Məqsəd qoydun qarşına
Dəmir Yumruq endirdin
Düşmənlərin başına.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Alqış sizə, min yaşa,
Ərdoğanla dur qoşa
Qələbə çal, zəfər çal,
Düşməni döndər daşa.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Azərbaycan - Türkiyə,
Bir millət, iki dövlət.
Haydı çatıb zamanı,
Yarat böyük Turanı.
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
Qaytardın torpaqları,
Yandırdın ocaqları,
Bayram deyər bir daha
Ucaltdın bayraqları
Prezidentim, İlhamım,
Ali Baş Komandanım!
İlahinin bəxş etdiyi ömür payını dürüst, üzağlığı və alınaçıqlığı ilə yaşamaq halallığın ən uca məqamıdır... Bu gün ilahidən alnına yazılan hikmət dolu taleyində – özünün, sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Bayram Yusifov müdriklik nərdivanının uca məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yolu qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Qədim Borçalı mahalından - Təzəkənddən Bakıya yol alan, zaman keçdikcə özü bütöv bir nəsil üçün Yol olan Bayram müəllimin şərəfli ömür yolu kimi...
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Bayram müəllim məhz o insanlardandır...
Bütün parlaq addımlarıyla ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin başladığı yola sədaqətini, müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin dövlətçilik kursuna sədaəqətini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq cəmiyyətimizin ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Bayram müəllimin fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, zəhmətkeşliyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.
Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Bayram müəllimin şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Bayram Yusifov məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Bayram müəllim…
Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.
Nədənsə, Bayram müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Bayram müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və Vətənimiz, Xalqımız, Dövlətçiliyimiz yolunda sidq ürəklə, böyük məhəbbətlə əmək sərgiləyən, hamının xoş günü üçün, doğması, yadı, yaxını, uzağı, evinin içi, qonşusu, qohumu fərq etməz, hamıya yaxşılıq etmək üçün yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı İnsanın ünvanına bu yazımı yazmağın vacib olduğunu düşünürəm...
Bu həyatda istər yaxşı hakim olsun, istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Bayram müəllim şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, uzun illərdir ki, sözündə bütövlüyünü işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib...
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən Bayram müəllimin şərəfli ömür yolunu, təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...
Ömrün müdriklik zirvəsindən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün yorğunluqlara, çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər…
Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Bayram Yusifovun yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb.
Ucalığın mübarək, Böyükürəkli Adam!
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
Sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Bayram müəllim! Ölkəmizin hər guşəsində xeyirxah əllərinizin işıqlı izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm!
Yaxşı ki varsınız, Bayram müəllim! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar dünyamıza Allahın ən böyük ərməğanıdı...
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Bayram müəllim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir.
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bayram Yusifovun şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.
Vicdanlı vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəklərimizdə çox böyük ucalıqdasınız, Bayram müəllim!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi vicdanlı, dürüst, zəhmətkeş, işinə vurğun, dəyanətli, ailəcanlı, övladcanlı, ocağına, evinə bağlı, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, sadəliyini, səmimiyyətini özünün, sözünün, işinin, ailəsinin və adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İNSANın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, bu torpaq Bayram Yusifov ləyaqətdə vicdanlı, qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
***
Fevral ayının 26-da dəyərli böyüyümüz Bayram müəllim ömrün müdriklik məqamında 63 yaşını qeyd edəcək.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi Bayram Yusifov uzun illərdir ki, digər sahələrdə olduğu kimi, türkdilli xalqların təmsil olunduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) üzv ölkələrin Ağsaqqallar Şurasının (indiki Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası) fəaliyyətində də fəallıq göstərmişdir.
O, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədrləri — akademik Budaq Budaqov və millət vəkili Fəttah Heydərovla birlikdə bu qurumun demək olar ki, bütün tədbirlərində yaxından iştirak etmiş, Türk Şurasına daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına öz layiqli töhfəsini vermişdir.
Bayram müəllim bu illər ərzində Türk Şurasının və Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının
8 dekabr 2010-cu ildə Qazaxıstanın Astana şəhərində keçirilən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının iclasında,
29–30 sentyabr 2011-ci il — Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının iclasında,
10–11 dekabr 2012-ci il — Türkiyənin İzmir şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının IV iclasında,
27–31 may 2013-cü il — Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının V iclasında,
15–16 avqust 2013-cü il — Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında,
21–22 aprel 2014-cü il — Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının VII iclasında,
27–28 oktyabr 2014-cü il — Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının VIII iclasında;
12 dekabr 2014-cü il — Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun və Türk Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım tədbirində,
6–7 avqust 2015-ci il — Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının IX iclasında;
25–26 dekabr 2015-ci il — Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının X iclasında,
18–19 avqust 2016-cı il — Qazaxıstanın Astana şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının iclasında,
20–21 oktyabr 2016-cı il — Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının iclasında iştirak və çıxış edərək Türk dünyasına ürəkdən bağlı bir ziyalı kimi öz layiqli töhfələrini vermişdir.
Bütün bu xidmətlərini nəzərə alaraq Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən, Bayram Məmməd oğlu Yusifov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Fəxri Professoru" və "Türk Dünyası Şərəf Ordeni" ilə təltif olunmağına dair qərar qəbul edilmişdir.
Evinə-ocağına, elinə-obasına, yurduna, torpağına, Vətəninə, Türk dünyasına bütün qəlbi ilə bağlı olan bir ziyalı üçün bundan gözəl doğum günü ərməğanı nə ola bilər ki?!
Sizi səmimi qəlbdən təbrik edirəm, xeyirxahlıqlara körpü olan əllərinizdən öpürəm, dəyərli Bayram Müəllim!
Yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, əziz Bayram Müəllim! Ürəyimizdən gələn və ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, bütün Sizi sevənlərə doyunca versin! Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyi, sonsuz sayğı və sevgilərimlə...

Xəyalə Əfəndiyeva
Filologiya üzrə fəlsəfə doktoru
Bölməyə aid digər xəbərlər
















