16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
TƏBRİZDƏN DƏRBƏNDƏCƏN VƏTƏN BOYDA ÜRƏYİ OLAN ŞAİR…

    Milli davamız – Vətən savaşımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u, yenilməz Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Tarix yazan sərkərdənin rəhbərliyi ilə məmləkəti Zəfərə aparan 44 günlük yol təkcə Vətənin ərazi baxımından bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını və Azərbaycan oğulların igidliyini isbatlamış oldu. Yusifov Mobil Yusif oğlu Vətənə Məcnun kimi sevdalanmış belə milli məfkurəli, ər qeyrətli oğullarımızdandır.

     Səngərdə silaha sarılan gənc hərbçinin qələmə sarılaraq Vətənin azadlığını vəsf etməsi bənzərsiz bir möhtəşəmlikdir. Onun poeziyası səngər sükutundan doğan düşüncələrin, Vətən sevgisinin və insan taleyinə dair səmimi duyğuların ifadəsidir.

     Mobil Yusifov Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonunun Zarağan qəsəbəsində yerləşən Kəlbəcər rayon Şurtan kənd 31 saylı tam orta məktəbində alıb. Ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində başa vurub.

     2009–2014-cü illərdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə müəllim kimi çalışıb, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. 2014-cü ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində xidmət edir.

     Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən müəllif hərbi xidmətlərdə göstərdiyi fərqlənməyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə birinci dərəcəli medalla təltif olunub. Müharibə iştirakçısıdır.

    Ailəlidir, bir oğlu var. Bədii yaradıcılığa, xüsusilə poeziyaya dərin bağlılığı var. Şeirlərini “Qabil” təxəllüsü ilə yazır. Oxucuya təqdim olunan “Vətən” kitabı müəllifin ilk şeirlər toplusudur. Kitab "Elm və Təhsil" nəşriyyatında nəşrə hazırlanır.

     Bu kitabda yer alan şeirlərdə torpağa bağlılıq, döyüş yolunun izləri, yoldaşlıq ruhu, ayrılıqların sızıltısı və sabaha olan inam duyulur. Təbrizdən Dərbəndəcən uzanan Vətən anlayışı şairin misralarında bir ömürlük amal, bir ürək qədər böyük sevgi kimi yaşayır.

   Aşağıda müəllifin “Vətən” kitabından seçilmiş şeirləri oxuculara təqdim edirik:


      Azərbaycan bayrağı


Bayraqların arasında yer tutmusan

Dövlətlərin arasında ucaldıqca ucalmısan

Köləliyə baş əyməyən bu millətin 

Zalımlara qarşı əsən haqq səsisən!

Azərbaycan bayrağı!


Şəhidlərin tabutuna büküldükcə,

Zirvələrə palıd kimi çinar kimi əkildikcə,

Gözlərindən yaş süzülən şəhidlərin 

Balaları, yaşlıları, cavanları qocaları, 

Sənə baxıb qürur duyur, sənə baxıb ucalırlar

Azərbaycan bayrağı!


Vətənimin tikə-tikə, parça -parça qonşularda payı qaldı,

Araz kimi həsrət-həsrət axıb gedən çayı qaldı,

Bu şimalın o güneydə payı qaldı,

Sən o tayda qırx milyonluq ürəklərdə dalğalandın

Azərbaycan bayrağı!


Körpələrin əllərində, başı üstə,

Ucaldaraq sənə tərif söylədikcə,

Çox qürurla yellənirsən,

Gələcəkdə uğrun üçün quzeyindən güneyinə, 

Şimalından cənubuna öz kölgəndə şəhid olan,

 milyon milyon igidləri böyüdürsən...

Azərbaycan bayrağı!


     VƏTƏN


Vətən sənin namusunu çəkənlərin,

Qürbət eldə səndən ötrü göz yaşını tökənlərin,

Öz canını heçə bilib keçənlərin. olmasayadı

Adın vətən olardımı?

Vətən sənin namusunu çəkənlərin

Qanlarıyla sulanmasa cücərmirsən...

Doğulacaq körpələrçün yaşıllaşıb cücərmirsən.

Vətən sənin ən qeyrətli oğulların

şəhid olmaq üçün durur növbələrə...

O növbə ki, səngərində bir əsgərin dona-dona şəhid oldu...

bir addım da geriyə yol qət eyləmədi...

Vətən sənin uğrun üçün

Öz canından keçənlərin olmasaydı...

Hər qarışın namusumuz şərəfimiz olmasaydı...

Üzərində hər doğulan körpə səni

ana kimi saymasaydı...

Həm dinimiz, həm dilimiz, səndən maya almasaydı

Bax o zaman adın Vətən olmaz idi,

Bax o zaman adın yaşam yeri kimi deyilərdi...

Ta Təbrizdən Dərbəndəcən

Sən mənimsən!

Sən mənimsən Ana Vətən!

Sən mənimsən...

Sən mənimsən Ana Vətən!


   ŞƏHİD ANASI...


Sil üzündən göz yaşını söyləməyə

Haqqım yoxdu, üzüm yoxdu...

Sözüm yoxdu sənə deyəm

Ağlama şəhid anası...

Ağlama ki, yağı düşmən şadlanmasın sevinməsin...


Ağlama ki,  bu  Vətənin azadlığı, uğru üçün 

Can qoyanlar, həm dilimin, həm dinimin zirvəsində yer alanlar,

Bu torpağın iç üzündə rahat yatan o oğullar

Göz yaşınla ayılmasın...

Ağlama şəhid anası!

O şəhadət zirvəsini fəth edənlər,

Bu dünyanı cənnət ilə dəyişdirib ad alanlar,

Bu vətənə kəm baxanın bağrın yarıb can alanlar,

Yuxusundan oyanmasın

Ağlama şəhid anası!

Kaşki anam sağ olaydı...

Sizin kimi Qabil oğlum deyə-deyə ağlayaydı...

Sizdə durub ətrafında deyəydiniz...

Ağlama şəhid anası!


Tarix: 16-01-2026, 21:23 Oxunub: 406


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031